Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları "Naxçıvanqala" Tarix – Memarlıq Muzey Kompleksində olmuşlar

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları yanvar ayının 25-də "Naxçıvanqala" Tarix – Memarlıq Muzey Kompleksində olmuşlar.

Muzey Kompleksi ilə tanışləq zamanı qeyd olunub ki, "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksi 5 min il bundan əvvəl Naxçıvan qədim şəhər mədəniyyətinin formalaşdığı əraziyə daxildir. Şəhərin cənub-şərqində yerləşən bu tarixi qalanın inşa tarixi 632-652-ci illərə aid olunur. Müharibələr nəticəsində Naxçıvanqala bir neçə dəfə dağıdılmış və bərpa edilmişdir. 2010-cu ildə isə yenidən bərpasına başlanmış və əsaslı yenidənqurma işlərindən sonra 2014-cü ildə muzey kompleksi kimi fəaliyyətə başlamışdır.

Muzey fondunda 504 eksponat vardır. Eksponatların əksəriyyəti ekspozisiyada nümayiş etdirilir. E. ə. V minilliyə aid təsərrüfat küpü, e. ə. V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrünə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyim hissələri muzeyin qiymətli eksponatlarındandır. Burada, həmçinin xalça və XIX əsrə aid milli geyimlər də nümayiş olunur.

Kompleksin mağara hissəsində də bərpa işləri aparılmışdır. Arxeoloji qazıntılar zamanı ərazidə tapılan məişət əşyaları, dulusçuluq məmulatları, məzar daşları, baş daşları və s. eksponat kimi qorunur və nümayiş olunur.

 

Nахçıvаn Muхtаr Rеspublikаsı Prоkurоrluğunun

Hüquqi təminаt və infоrmаsiyа şöbəsi