Culfa rayon prokurorluğu tərəfindən maarifləndirici tədbir keçiriib

Culfa rayon prokurorluğunun əməkdaşlarının iştirakı ilə rayonun Yaycı kənd İnzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin binasında kənd əhalisi ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib.

Tədbirdə rayon prokurorluğunun böyük müstəntiqi Afət Kərimli "Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək və icra intizamının təmin edilməsi, bunun pozulmasına görə intizam məsuliyyəti və onun tətbiqi qaydaları" haqqında çıxış edərək bildirib ki, müəssisələrdə əmək müqavilələri, habelə bağlanmış kollektiv müqavilələr üzrə tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məqsədi ilə müəssisədaxili intizam qaydaları qəbul edilə bilər. Müəssisələr birliyinin nizamnaməsində nəzərdə tutulmuş hallarda müəssisədaxili intizam qaydaları birliyin müvafiq icra orqanı tərəfindən həmin birliyə daxil olan müəssisələr üçün də qəbul edilə bilər. Müəssisədaxili intizam qaydaları Əmək Məcəlləsinə, habelə əmək qanunvericiliyi üzrə digər normativ hüquqi aktlara uyğun tərtib edilməlidir. Bu normativ hüquqi aktlara zidd olan müəssisədaxili intizam qaydalarının müvafiq müddəaları və onların tətbiqinin hüquqi nəticələri etibarsız hesab edilir.

İşəgötürən, işçi Əmək Məcəlləsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, Əmək Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa; aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv etmək tədbirləri nəzərdə tutulmuşdur.

Daha sonra rayon prokurorluğunun müstəntiqi İbrahim Hüseynov "Torpaq üzərində mülkiyyət hüququnun pozulmasının hüquqi nəticələri" başlıqlı mövzu ilə çıxış edərək bildirib ki, torpaq daşınmaz əmlakın xüsusi növü kimi tarixin bütün dövrlərində insan həyatı üçün xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizdə torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Ona görə də zəbt edilmiş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpağın mülkiyyətçisinin və ya digər qanuni sahibinin razılığı, yaxud dövlət və bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə torpaq sahəsini özbaşına tutma əməli hesab olunur. Bu zaman həmin şəxs qanunsuz ələ keçirdiyi torpaq sahəsinə faktiki sahiblik etməyə və ya ondan istifadə etməyə başlamış olur. Bütün bunlar cinayət qanunvericiliyinə əsasən, məsuliyyətə səbəb olur.

Həyat və ruzi mənbəyi olan torpaqlardan səmərəli istifadə olunması, onların qorunması hər birimizin vətəndaşlıq borcudur. Bu gün ölkəmizdə, eləcə də muxtar respublikada bu istiqamətdə lazımi tədbirlər görülür. Xüsusilə əkinçiliyin inkişafı üçün dövlət proqramlarının qəbul olunması, torpaq mülkiyyətçilərinə maliyyə dəstəyinin göstərilməsi, güzəştli kreditlərin verilməsi, aqrolizinq xidmətinin təşkili torpaqlardan səmərəli istifadə və bol məhsul istehsalı üçün zəmin yaradır. Hər bir torpaq mülkiyyətçisi yaradılan şəraitdən düzgün bəhrələnməli, ölkəmizin tükənməz sərvəti olan torpaqlardan məqsədyönlü istifadə edərək həm öz güzəranını yaxşılaşdırmalı, həm də iqtisadi inkişafa öz töhfəsini verməlidir. Unutmamalıyıq ki, torpaqlardan təyinatına uyğun istifadə gələcək nəsillərin rahat yaşayışı üçün vacib şərtdir.

Sonda tədbir iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilmiş və verilmiş suallar cavablandırılıb.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi