Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları tərəfindən əsgərlərə bayram sovqatı aparılıb

Dekabr ayının 29-da Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Naxçıvan Muxtar Respublika Prokurorluğunun kollektivi Şərur rayonu ərazisindəki sərhəd zastavasına bayram sovqatı aparıb. 

Əsgər və zabitlərlə görüşdə Naxçıvan Muxtar Respublika Prokuroru, ikinci dərəcəli dövlət ədliyyə müşaviri  Səbuhi Şahverdiyev hər iki bayram münasibəti ilə şəxsi heyəti təbrik edib, sərhədçilərə şərəfli vəzifələrində uğurlar arzulayıb. 

Naxçıvan Muxtar Respublikasının Prokuroru II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev əsgərlərlə səmimi söhbət edərək deyib ki, ulu öndər Heydər Əliyev milli ordu quruculuğuna xüsusi qayğı ilə yanaşaraq qeyd edirdi: "Hər bir dövlətin müstəqilliyinin rəmzi, təminatçısı onun silahlı qüvvələridir." Bu gün ölkəmizin hərbi qüdrəti daha da artıb, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı nəticəsində bütün hərbi hissələr müasir texnika və avadanlıqlarla təchiz olunub, maddi-texniki baza təkmilləşdirilib. Muxtar respublikada əsgər heyəti və zabit-gizir ailələrinin sosial məişət şəraitinin daha da yaxşılaşdırılması, yeni xidməti və yaşayış binalarının tikilib istifadəyə verilməsi ardıcıl xarakter alıb. Bu gün xidməti-döyüş qabiliyyətinin yüksəldilməsi, sərhədlərimizin daha etbarlı mühafizəsi diqqət mərkəzində saxlanılır, hərbi hissələrin maddi texniki bazası ilbəil gücləndirilir.

Muxtar respublika prokuroru ulu öndər Heydər Əliyevin "Xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha qüvvətli edir" sözlərini əsgərlərin diqqətinə çatdıraraq qeyd etdi ki, ümummilli liderin söylədiyi hər bir fikir bu gün taleyini Vətənə xidmət peşəsinə həsr edən Azərbaycan əsgərinin fəaliyyətini istiqamətləndirir və onların yollarına mayak kimi işıq saçır. Hərbi xidmət bizə məsuliyyətli olmağı öyrədir, sədaqətlilik duyğusunu möhkəmləndirir, vətən, torpaq, dövlət haqqında düşüncələrimizi dərinləşdirir. Xalqımız və dövlətimiz şərəfli bir vəzifəni yerinə yetirdiyi üçün əsgərlərimizlə qürur duyur.

Muxtar respublika prokuroru vətənə sədaqətlə xidmət edən hərbçiləri bayramlar münasibətilə təbrik edərək onlara xidməti vəzifələrində uğurlar arzulayıb.

Hərbi hissənin şəxsi heyəti göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.         

Sonra gətirilən bayram sovqatı əsgərlərə təhvil verilib.

  

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi