Sədərək rayon prokurorluğu tərəfindən maarifləndirici tədbir keçirilib

Sədərək rayon prokurorluğu tərəfindən dekabr ayının 20-də Sədərək rayon 1 nömrəli tam orta məktəbinin müəllim və şagird kollektivi ilə “Ailədə uşaqların hüquqları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə çıxış edən rayon prokurorluğunun müstəntiqi I dərəcəli hüquqşünas Elvin Zeynalov bildirib ki, insanların cəmiyyətdə ən vacib və dəyərli ittifaqı ailədir. Ailəni də bütöv tamamlayan o ailədə dünyaya gələn uşaqlardır. Uşaq həyatda insanın ən dəyərli varlığı və sərvəti, sabahı və gələcəyidir. Uşaq hüquqları, qanunlara və əxlaqa uyğun olaraq dünyadakı bütün uşaqların doğuşdan sahib olduqları: təhsil, səhiyyə, yaşamaq, fiziki, psixoloji və cinsi istismara qarşı qorunmaq, müdafiə olunmaq kimi hüquqlarının hamısının vəhdətdə qəbul edilməklə başa düşülən beynəlxalq məfhumdur. Bu gün dünyada uşaq hüquqları ilə əlaqədar olaraq 20 noyabr 1989-cu ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilən və 193 ölkə tərəfindən imzalanıb təsdiq olunan BMT Uşaq Hüquqları Konvensiyası mövcuddur. Azərbaycan Respublikası 21 iyul 1992-ci il tarixli və 236№-li qanunla BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasını ratifikasiya etmişdir. Bundan başqa, Respublikamızda uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Azərbaycan Respublikasının Konstitusiyası və bir sıra qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Bu sahədə əsas normativ sənəd 1998-ci il mayın 19-da qəbul edilmiş «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunudur. Bu qanun bir sıra beynəlxalq sənədlərə, xüsusilə də «İnsan hüquqları haqqında» Ümumdünya Bəyannaməsi (1948), Uşaq hüquqları Bəyannaməsi (1959), BMT-nin Uşaq hüquqları Konvensiyası (1989), Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi üzrə Ümumdünya Bəyannaməsinə (1990) uyğun şəkildə hazırlanmış və uşaqların beynəlxalq səviyyədə təsbit olunmuş əsas hüquq və azadlıqlarını, eləcə də bu hüquqların reallaşdırılması üçün dövlətin vəzifələrini özündə əks etdirir. Eyni zamanda Azərbaycan Respublikasının Ailə Məcəlləsində də uşaqlar hüquqları müasir və konkret şəkildə təsbit olunmuşdur. Elvin Zeynalov Ailə Məcəlləsində uşaqların ailədə yaşamaq və tərbiyə olunmaq, öz valideynləri və başqa qohumları ilə ünsiyyətdə olmaq, müdafiə, öz fikrini bildirmək, ad, ata adı və soyad daşımaq və uşağın əmlak hüquqları kimi ayrı-ayrı maddələrdə təsbit edilmiş hüquqlarının hər biri haqqında geniş və sadə formada məlumat vermişdir.

Sonda tədbirdə iştirak edənləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi