Sədərək rayon prokurorluğu tərəfindən maarifləndirici tədbir təşkil edilib

Sədərək rayon prokurorluğu tərəfindən Sədərək rayon 2 nömrəli tam orta məktəbinin müəllim və şagird kollektivi ilə “Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Konstitusiyaları haqqında” maarifləndirici tədbir təşkil edilmişdir.

Tədbirdə çıxış edən rayon prokurorluğunun müstəntiqi I dərəcəli hüquqşünas Elvin Zeynalov bildirmişdir ki, hüquqla idarə edilən və hüquqa hörmət edilən dövlətlərdə qanunların ən alisi hesab edilən ən başlıca rəsmi sənəd o dövlətin konstitusiyasıdır. Konstitusiya dövlətin təşkili formasını, hökumət formasını, orqanlarını, bunlar arasındakı əlaqələri və fərdlərin təməl hüquq və azadlıqlarını, yəni dövlətin fəaliyyətlərini nizamlayan, həm dövləti, həm də hər bir fərdi əhatəsinə alan və müəyyən edilən qaydalar toplusunu özündə əks etdirən qanun mətnidir.

Elvin Zeynalov qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyev ikinci dəfə 1993-cü ildə ölkə rəhbərliyinə xalqın tələbi ilə hakimiyyətə gəldikdən sonra çətin vəziyyətdə olan ölkəni işıqlı günlərə aparmağın yollarından birinin də müasir, demokratik və beynəlxalq aləmdə də qəbul görülən konstitusiyanın hazırlanması olduğunu düşünmüşdü. Ona görə də,12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə bu günki Azərbaycan Respublikasının ilk milli Konstitusiyası qəbul edildi.

İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi Konstitusiyamızda Dövlətin ali məqsədi olaraq müəyyən edilmişdir. Konstitusiyanın qəbul edildiyi tarixdən bu günə qədər olan dövrə nəzər saldıqda digər sahələrdə olduğu kimi bu məqsədə nail olmaq üçün ölkə rəhbərliyinin, o cümlədən, Naxçıvan Muxtar Respublika rəhbərliyinin yorulmaz və gərgin əməyini çox aydın şəkildə qeyd edə bilərik. Xüsusi ilə də, Muxtar Respublikanın sosial-iqtisadi həyat səviyyəsinin gün keçdikcə daha yuxarı səviyyəyə çatdırıldığı təqdirəlayiqdir. Muxtar Respublikaya səfər edən müxtəlif ölkələrin insanlarının, xüsusilə də ziyalılarının öz ölkələrinin mətbuatında, sosial şəbəkələrdə Muxtar Respublikada gördükləri inkişafı, abadlığı və qonaqpərvər rəftarı böyük sevinclə qeyd etmələri bizləri qürur hissi keçirməyə sövq edir.

Sonda tədbirdə iştirak edənləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi