Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları Naxçıvan Biznes Mərkəzində olmuşlar

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları noyabr ayının 30-da Naxçıvan Biznes Mərkəzində olmuşlar.

Muxtar respublikamızda biznes mühitinin yaxşılaşdırılması və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi üçün yaradılan şərait iqtisadi inkişafda mühüm rol oynayır. Naxçıvanlı sahibkarların fəaliyyətinin əlaqələndirilməsi və onları vaxtaşırı olaraq bir mərkəzdə toplamaq ideyası, şübhəsiz, muxtar respublikada sahibkarlıq fəaliyyətinin geniş vüsət alması ilə bağlıdır. Hələ 2004-cü ildə əl işləri və sənət əsərlərinin sərgi və satışı, sahibkarların tədris-informasiya mərkəzi kimi fəaliyyətə başlayan mərkəz 2011-ci ildən Naxçıvan Biznes Mərkəzi kimi fəaliyyətini davam etdirmişdir. 2013-cü ildən isə mərkəz öz fəaliyyətini bu məqsəd üçün yeni inşa edilmiş binada davam etdirməkdədir. Biznes Mərkəzi kimi burada müasir tələblərə uyğun bütün şərait yaradılmışdır. 

Binanın birinci mərtəbəsində muxtar respublikada istehsal olunan yerli məhsulların sərgiləndiyi geniş sərgi, 200 nəfərlik konfrans zalı, ikinci mərtəbədə 100 nəfərlik konfrans zalı və 200 nəfər iştirakçı üçün sinxron tərcümə dəsti, hər iki zalda təqdimatlar keçirmək üçün elektron lövhələr və sürətli internet vardır. Burada muxtar respublikamızın 96 istehsal və xidmət müəssisəsi tərəfindən istehsal olunan məhsullar nümayiş olunur. Sərgidə Naxçıvanın yerli məhsulları olan kərpicdən mebel dəstinə, kiçik plastik hissələrdən dam örtüyünə, mineral sulardan ərzaq məhsullarına, Naxçıvan duzundan konservləşdirilmiş qovurmaya qədər 900-dən çox müxtəlif məhsullar nümayiş etdirilir.

Milli dəyərlərimizin mühüm nümunələri olan xalçaçılıq, dekorativ-tətbiqi sənət, dulusçuluq, rəssamlıq və ağac üzərində oyma işləri də sərgilənir. Mərkəzin nəzdində xalq yaradıcılığı emalatxanası və iki satış mağazası fəaliyyət göstərir. Qeyd edək ki, mərkəzdə ağac üzərində oyma sənəti, rəssamlıq üzrə sənətkarların fərdi sərgiləri də keçirilir. Müəssisə bu məqsədlə müraciət edənlərə fərdi sərgilərinin təşkili üçün ödənişsiz xidmət göstərməyə hazırdır. Naxçıvan Muxtar Respublikasında həyata keçirilən möhtəşəm layihələrlə, onun zəhmətsevər insanlarının istehsal etdiyi məhsullarla, yaratdığı əl işləri, sənət əsərləri ilə tanış olmaq istəyənlər üçün Naxçıvan Biznes Mərkəzinin qapıları həmişə açıqdır.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi