Prokurorluq orqanlarının iş prinsipi ilə tanışlıq tələbələrdə maraq doğurub

Naxçıvan Dövlət Universitetinin Naxçıvan Muxtar Respublikası Prokurorluğunun hamiliyinə verilmiş Hüquqşünaslıq ixtisası üzrə 1-ci kurs tələbələri oktyabr ayının 29-da prokurorluqda olublar. Onlar əvvəlcə buradakı kitabxana ilə tanış olub, prokurorluq orqanlarında müraciətlərin baxılması qaydaları haqqında məlumat alıblar. Sonra tələbələrə prokurorluğun kriminalistik avtomaşınının iş prinsipi izah olunub, slaydlar vasitəsilə cinayət işinin istintaqı zamanı aparılan istintaq hərəkətləri haqqında məlumatlar verilib.

Tələbələrlə görüşdə Naxçıvan Muxtar Respublikasının prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi ilə əlaqədar sərəncamlarından irəli gələn vəzifələrin yerinə yetirilməsinin əhəmiyyətindən danışıb.

Bildirilib ki, Sərəncamda nəzərdə tutulan vəzifələrin uğurlu icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda görüləcək işlərə dair təsdiq olunan tədbirlər planına əsasən Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün seminar-məşğələlərin keçirilməsi, onların prokurorluqda istintaq olunan cinayət işləri üzrə ayrıayrı istintaq hərəkətlərinin aparılmasında iştirakının və kriminalistik texnikanın mövcud imkanlarından səmərəli istifadəsinin, dövlət ittihamçıları ilə birgə dövlət ittihamının müdafiəsi üzrə məhkəmələrdə iştirakının təmin olunması həyata keçirilir. Prokuror diqqətə çatdırıb ki, ötən dövrdə bu istiqamətdə xeyli iş görülüb və bu tədbirlər hazırda da davam etdirilir.

Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin dekanı, fəlsəfə elmləri doktoru Qərib Allahverdiyev Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda öz ixtisaslarını daha dərindən öyrənmələri üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib.

Sonda suallar cavablandırılıb.

Qeyd edək ki, tələbələr həmin gün Naxçıvan Şəhər Prokurorluğunda da olublar.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsini