Sədərək rayon prokurorluğunda seminar keçirilib

Sentyabr ayının 13-də Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və informasiya şöbəsinin təşkilatçılığı ilə Sədərək rayon prokurorluğunda "Avropa Prokurorlarının Məşvərətçi Şurasının "Prokurorlarla bağlı Avropanın norma və prinsipləri haqqında" 17 dekabr 2014-cü il tarixli 9 saylı rəyi və ondan irəli gələn vəzifələr" mövzusunda seminar keçirilib.

Seminarda əvvəlcə Avropa Prokurorlarının Məşvərətçi Şurasının "Prokurorlarla bağlı Avropanın norma və prinsipləri haqqında" 17 dekabr 2014-cü il tarixli 9 saylı rəyi barədə məlumat verilərək qeyd olundu ki, bu rəyə Nizamnamə (“Roma nizamnaməsi”) və həmin nizamnamədə əksini tapan prinsiplərin izahedici qeydi daxildir.

Qeyd olundu ki, Nizamnaməyə əsasən bütün hüquq sistemlərində prokurorlar bütün işlərdə və proseslərin bütün mərhələlərində öz səlahiyyətləri çərçivəsində ədalət mühakiməsinin ədalətli, qərəzsiz və səmərəli idarə edilməsi yolu ilə qanunun aliliyinin təmin edilməsinə səy göstərməli, xüsusilə İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnda müəyyən edilən qaydada insan hüquqları və azadlıqlarına hörmət edərəkə onları qorumaq üçün cəmiyyətin adından və onun maraqları naminə hərəkət etməli, cinayət ədalət mühakiməsi daxilində və ondan kənar vəzifələri ən yüksək səviyyədə qanunla müəyyən edilməli və Avropa Şurasının demokratik prinsipləri və dəyərlərinə ciddi şəkildə əməl edilməklə yerinə yetirilməlidir.

Qeyd olundu ki, prokurorlar hər zaman qərəzsiz və obyektiv davranmaqla, yüksək etik və peşə standartlarına əməl etməli, müstəqil və qərəzsiz olmalı, qərəzsizlik prinsipinə uyğun gəlməyən siyasi fəaliyyətlərdən çəkinməli, həmçinin şəxsi maraqları və ya işlə əlaqəli olan şəxslərlə münasibətləri onların tam qərəzsizliyinə xələl yetirə biləcək işlərdə iştirak etməkdən çəkinməlidirlər. Prokurorların işinin şəffaflığı müasir demokratiya üçün mühüm əhəmiyyət kəsb edir. Peşə və davranış etikası beynəlxalq standartlara uyğun olaraq qəbul edilməli və ictimailəşdirilməlidir. Öz vəzifələrini icra edərkən prokurorlar təqsirsizlik prezumpsiyası, ədalətli məhkəmə araşdırması, tərəflərin və qüvvələrin bərabərliyi, məhkəmələrin müstəqilliyi və məhkəmənin yekun qərarlarının icbari qüvvəsinə əməl etməli, cəmiyyətə xidmət göstərilməsi və uşaqlar və zərərçəkənlərə xüsusi diqqət ayırmalı, yalnız etibarlı və məqbul olduğu hesab edilən əsaslı sübutlar əsasında cinayət təqibi ilə bağlı qərarlar verməli və insan hüquqlarını ciddi şəkildə pozan və qeyri-qanuni yollarla əldə edildiyi hesab edilən sübutlardan istifadə etməməlidirlər. Onlar belə üsullardan istifadə üzrə məsuliyyət daşıyan və digər qanun pozuntularına yol verənlərə qarşı müvafiq sanksiyaların aparılmasını təmin etməlidirlər.

Həmin nizamnamədə əksini tapan prinsiplərin izahedici qeydi barədə məlumat verərək diqqətə çatdırıldı ki, Avropa Şurası Nazirlər Kabinetinin cinayət ədalət mühakiməsi sistemində prokurorluğunun rolu ilə bağlı (2000)19 saylı Tövsiyəsi mühüm dönüş nöqtəsi kimi qalmağa davam edir. Eyni zamanda 2000-ci ildən etibarən Avropa səviyyəsində prokurorluq xidmətinin fəaliyyətlərinin digər tərəfləri də ön plana çıxarılmış, yenilik və müvafiq prinsiplərin sintezinə olan zərurət aşkar edilmişdir.  Bu mənada 2005-ci ildə Nazirlər Komitəsi tərəfindən yaradılmış Avropa Prokurorlarının Məşvərətçi Şurası (APMŞ) prokurorluğunun status, vəzifələri və əməliyyatları ilə bağlı ən əlamətdar tendensiyaları müəyyən etməyi qət etmişdir. Bu çərçivədə Nazirlər Komitəsi 2014-cü ilin yanvar ayında Avropa Prokurorlarının Məşvərətçi Şurasına prokurorlarla bağlı Avropanın normaları və prinsipləri üzrə sənədi qəbul etmək tapşırığı vermiş, bu öhdəliyin yerinə yetirilməsi üçün Avropa Prokurorlarının Məşvərətçi Şurası (APMŞ) qeydə edilən Əlavədə siyahısı göstərilən sənədləri nəzərə almışdır ki, buraya prokurorların rolu, cinayət təqibinin başlanması, cinayət təqibini tənzimləyən prinsiplər, cinayət təqibindən kənar funksiyalar, cinayət təqibinin alternativ üsulları və cərimələr, iyerarxiya, cinayət işlərinin tapşırılması və yenidən tapşırılması, göstərişlər, təlim, peşə bacarıqlarının qiymətləndirilməsi, prokurorlar və onların ailə üzvlərinin qorunması, prokurorların vəzifələri və hüquqları, prokurorların davranışı ilə bağlı vəzifələr, qərəzsizlik, obyektivlik və ədalətlilik öhdəliyi, prokurorların cavabdehliyi, peşə ləyaqətini qoruyub saxlamaq öhdəliyi, həbsxana rəhbərliyi ilə əlaqələr və sairə daxildir.

Qeyd olundu ki, prokurorlar cəmiyyəti müntəzəm qaydada fəaliyyətləri və onun nəticələri haqqında məlumatlandırmağa təşviq olunur. Prokurorların hərəkətləri xidmət zamanı şəffaflıq və ictimai inamın təşviq edilməsi və qorunub saxlanılmasına yönəlməldir.

Sonra qarşıya çıxan suallar cavablandırıldı.

        

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi