Culfa rayon prokurorluğunda “İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror nəzarəti” mövzusunda seminar keçirilib

Avqust ayının 14-də Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və informasiya şöbəsinin təşkilatçılığı ilə “İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror nəzarəti” mövzusunda Culfa rayon prokurorluğundaCulfa və Ordubad rayon prokurorluqlarının məsul əməkdaşlarının iştirakı ilə seminar keçirilib.

Qeyd olunub ki, ölkəmizdə hüquq sisteminin təkmilləşdirilməsi prosesi son dövrlər daha da intensiv xarakter alaraq bu istiqamətdə ciddi işlər görülməklə mühüm tədbirlər həyata keçirilmiş, vacib əhəmiyyətli  dövlət sənədləri qəbul edilmişdir ki, onların da içərisində  29.12.2015-ci il tarixli Qanunla təsdiq edilərək 2016-cı ilin martın 1-dən qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsi xüsusi yer tutur. İnzibati xətalar haqqında qanunvericiliyin mütəmadi olaraq yenilənməsi zərurəti, onun tənzimlədiyi ictimai münasibətlərin insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi ilə daha sıx əlaqəli olmasından irəli gəlir.

İnzibati Xətalar Məcəlləsində şəxslərin hüquq və azadlıqlarının, onların qanuni mənafelərinin qorunması inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri içərisində ön yerdə göstərilib. Məcəllədə qeyd olunan hər bir prinsipin məzmununu açıqlayan xüsusi maddələr nəzərdə tutulub. Yeni Məcəllə qanunçuluğun təmin olunmasında prokuror nəzarətinə xüsusi önəm verərək prokuror nəzarətini qanunçuluq prinsipinin təminatı kimi müəyyən edib. Bu Məcəllədə inzibati qanunvericiliyin icrasına prokuror nəzarətinin həyata keçirilməsinə xüsusi əhəmiyyət verərək inzibati icraatda prokurorun səlahiyyətlərini gücləndirmiş, prokuror nəzarətinin predmetinə aid olan məsələləri daha da genişləndirməklə bu nəzarətin səmərəliliyinin və effektivliyinin artırılması üçün qanunda yeni üsul və vasitələr nəzərdə tutub və prokuror nəzarətinin həyata keçirilməsi qaydalarına 25 maddə və müddəalar həsr edilərək inzibati icraatla bağlı  prokurorluq orqanlarının üzərinə bir sıra vəzifələr qoyulmaqla prokurorun inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında ölkə Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirməsi təsbit edilib.

Məcəllənin 54.2-ci maddəsinə əsasən prokuror istənilən inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar qəbul etmək hüququna malikdir. Həmçinin qanunda müəyyən olunan bir sıra maddələr üzrə isə inzibati icraat yalnız prokuror tərəfindən başlanıla bilər və faktiki olaraq həmin maddələr üzrə inzibati icraatın tətbiqi məsuliyyəti bütövlükdə prokurorun üzərinə düşür. İnzibati icraatı yalnız prokuror tərəfindən başlanıla bilən maddələr əsasən dövlət idarəetmə sistemində çalışan müvafiq vəzifəli şəxslərin fəaliyyəti ilə bağlı olduğundan qanunverici hesab edir ki, bu sahələrdə inzibati xətaların qarşısının alınması üçün prokurorluğun təşəbbüskarlığına ehtiyac vardır və buna görə də həmin maddələr üzrə inzibati icraatın başlanmasını prokurorun müstəsna səlahiyyətinə aid edib.

Qanunun tələbinə görə, prokurorun müstəsna səlahiyyətinə aid edilən maddələr, həmçinin İnzibati Xətalar Məcəlləsinin istənilən digər maddələri üzrə prokuror tərəfindən inzibati icraatın başlanması hüququnun həyata keçirilməsi üçün Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olmalıdır. Məcəllənin 54.2, 54.4, 54.6, 99.4.2, 102.2, və 103-cü maddələrinə müvafiq olaraq prokuror inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxsdir, yaxud, başqa sözlə desək, inzibati xəta haqqında iş üzrə icraata başlamaq hüququnun subyektidir.

İnzibati Xətalar Məcəlləsinin 54.4-cü maddəsinə müvafiq olaraq prokuror bu Məcəllənin 99.1.2 və 99.1.3-cü maddələrində nəzərdə tutulan məlumatlara (dövlət orqanlarından(qurumlarından) və ya bələdiyyələrdən, fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlara) baxaraq, on beş gün müddətində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar və ya inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad qəbul edir.

Sonda Baş Prokurorluq tərəfindən hazırlanan “İnzibati xətalar haqqında qanunvericiliyin tətbiqi və icrasına prokuror nəzarətinin həyata keçirilməsinə dair Metodiki vəsait”in öyrənilməsi tövsiyə olunaraq iştirakçıların sualları cavablandırılıb.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi