Məktəblilərə vətənpərvərlik aşılanır

Şahbuzkənd kənd tam orta məktəbində iyun  ayının 14-də keçirilən tədbiri giriş sözü məktəbin direktoru Xəqani Həzrətquliyev açaraq tədbirin mahiyyəti haqqında məlumat verib. Eyni zamanda, şagirdlərin vətənpərvər ruhda böyüməsi istiqamətində məktəbdaxilində görülən tədbirlərin əhəmiyyətindən danışıb. 

Tədbirdə rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas İbrahim Mənsimov hərbi qeydiyyat qaydalarının pozulması və həqiqi hərbi xidmətdən boyun qaçırmağa görə məsuliyyətin qaydaları haqqında məktəblilərə məlumat verib. Bildirilib ki, Azərbaycan Respublikasında 18 yaşına çatmış və sağlam vəziyyətinə görə hərbi xidmət keçməyə yararlı olan kişi cinsli vətəndaşlar müddətli həqiqi hərbi xidmət keçməlidirlər.

Bu tələb Konstitusiyamızda yer almışdır. Konstitusiyamızdan öz mənbəyini götürən, ona əsaslanan “Hərbi xidmət və hərbi vəzifə haqqında” Azərbaycan Respublikasının Qanunu hərbi xidmət və hərbi vəzifə tutmağın hüquqi əsaslarını nizamlayır və konkret müddəalar müəyyən edir. İ.Mənsimov hərbi qeydiyyat qaydalarının pozulmasına görə Qanunda cəzalar nəzərdə tutulduğunu vurğulayıb və bu barədə məktəblilərə ətraflı məlumat verib.  

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi