Maarifləndirici tədbir keçirildi

May ayının 24-də Kolanı kənd tam orta məktəbində “Təhsil hüququ” və “Vətənpərvəlik” mövzusunda tədbir keçirilib. “Təhsil hüququ” mövzusunda keçirilən tədbirdə rayon prokurorunun köməkçisi III dərəcəli hüquqşünas İbrahim Mənsimov bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasında göstərilir ki, bütün vətəndaşların milli və dini mənsubiyyətindən, dilindən, səhhətindən asılı olmayaraq, təhsil almaq hüququ var. Heç kim uşağa məktəbə getməyi qadağan edə bilməz. Dövlətimiz uşaqların təhsil hüququnu qoruyur. 2009-cu il 19 iyun tarixli "Təhsil haqqında Azərbaycan Respublikasının qanun"unda göstərilir ki, bu qanun vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ-hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır. İ.Mənsimov təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri,  təhsilalma formaları, təhsil pillələri və səviyyələri haqqında da ətraflı məlumat verib.

Rayon prokurorluğunun müstəntiqi, II dərəcəli hüquqşünas Əfqan İsmayılov, məktəbin hərbi müəllimi Əli Nəsirov  “Hərbi vətənpərvəlik” mövzusu ətrafında danışıblar. Qeyd olunub ki, müəllim məktəbdə, ilk növbədə, şəxsiyyət yetişdirir və bu missiyanın təməlində vətənpərvərlik tərbiyəsi dayanır. Bu gün keçirilən tədbirin bir məqsədi də məhz budur. Vətən borcu, Vətən sevgisi hər kəsin ürəyində olmalıdır. Bu sevgi onlara məhz məktəbdə aşılanmalıdır.

Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb. 

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiyaşöbəsi