Gənclər hərbi-vətənpərvər ruhda tərbiyə olunur

Şahbuz rayon prokurorluğunun təşkilatçılığı ilə may ayının 15-də Daylaqlı kənd tam orta məktəbində “Gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi günün tələbidir” mövzusunda keçirilən tədbiri giriş sözü ilə açan məktəbin direktoru Yenibar Hüseynov IX-XI sinif şagirdlərinə tədbirin mahiyyəti haqqında məlumat verilib.

Daha sonra rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas İbrahim Mənsimov ətraflı bildirib ki, vətənpərvərlik tərbiyəsi şagirdlərin vətəndaş kimi formalaşmasında, öz vətənini, ləyaqətini qorumaqda mənəvi təsir gücünə malikdir. Şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında ulu öndər Heydər Əliyevin müdrik kəlamı mühüm əhəmiyyət daşıyır: "Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hislərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir".

Qeyd olunub ki, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi ümumtəhsil məktəblərinin ən ümdə vəzifəsidir. Bu istiqamətdə həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda vətənə, torpağa məhəbbət hissinin yüksəldilməsinə, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir. Bu mənada orta məktəblərdə tədris olunan "Gənclərin çağırışaqədərki hazırlığı" fənni mühüm rol oynayır. Bu fənn öz məzmunu etibarı ilə şagirdlərə Azərbaycanın Silahlı Qüvvələri haqqında məlumatların, hərbi nizamnamə qaydalarının mənimsədilməsini, onların ordu həyatı ilə tanış olmalarını, hərbi xidmətə fiziki və psixoloji cəhətdən hazırlıqlarını, vətənpərvərlik, əqidəlilik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətlərin inkişaf etdirilməsini, mülki müdafiə və ilkin tibbi yardım bacarıqlarının formalaşdırılmasını nəzərdə tutur. Məktəblər arasında "Cəsurlar", "Şahinlər" kimi oyunların keçirilməsində də məqsəd şagirdlərdə cəsarətliliyi, cəldliyi, mübarizliyi, qələbə çalmaq uğrunda iradə möhkəmliyinin təmin olunmasını öyrətməkdir.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi