Gənclər hərbi-vətənpərvər ruhda tərbiyə olunur

Babək rayon prokurorluğunun təşkilatçılığı ilə Babək qəsəbə 1 nömrəli tam orta məktəbdə “Gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi günün tələbidir” mövzusunda tədbir keçirilib. Əvvəlcə məktəbin direktoru Əli Hacıyev tədbirin əhəmiyyətindən bəhs edib.

Daha sonra rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas Elməddin Bağırov bildirib ki, dövlətimiz gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb.Muxtar respublikamızda da gənclərin hərbi-vətənpərvərlik ruhunda böyüməsi diqqətdə saxlanılır, ümumtəhsil məktəblərində çağırışaqədərki hazırlıq fənni tədris olunur, məktəblərdə hərbi kabinələr fəaliyyət göstərir, gənclərin hərbi idman oyunlarında iştirakı diqqət mərkəzində saxlanılır.Gənclər də bu şəraitdən istifadə etməli,özlərini gələcəyin hərbi qulluqçusu,Vətənin müdafiəçisi kimi hazırlamalıdırlar.

Qeyd olunub ki, orduya çağırılan gənclərin orta məktəbdə oxuduğu dövrdə müəyyən hərbi biliklərə yiyələnməsi sonrakı dövrdə onların peşəkar hərbçi kimi yetişməsində də vacib rol oynayır.Babək rayonundan olan məzunların da Heydər Əliyev adına Hərbi Liseyə ,eləcə də digər hərbitəyinatlı təhsil ocaqlarına maraq göstərmələri şagirdlərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmalarını göstərir.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi