Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları Naxçıvan xan sarayı, Möminə Xatun türbəsi və Açıq səma altında muzey kompleksində olublar

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları aprel ayının 27-də Naxçıvan xan sarayı,  Möminə Xatun türbəsi və Açıq Səma Altında Muzey Kompleksində olublar.    

Tanışlıq zamanı qeyd olunub ki, Naxçıvan xan sarayı - Naxçıvan şəhərində yerləşən XVIII əsrə aid tarixi-memarlıq abidəsidir. Naxçıvan-Marağa memarlıq məktəbi üslubunda tikilmiş abidə XX əsrin əvvəllərinə qədər Naxçıvan xanlarının yaşayış evi olmuşdur. Sarayı XVIII əsrin sonunda axırıncı Naxçıvan xanı Ehsan xanın atası Kəlbəli xan Kəngərli tikdirmişdir. Xan Sarayı 1998-ci ilin aprelindən Naxçıvan Xalça Muzeyi kimi fəaliyyət göstərir. Xan Sarayı 3600 m2 sahəsi olan saray kompleksinin qərbində, xan dikinin relyefinə uyğun olaraq üzü günçıxana tərəf inşa edilmişdir. Xan Sarayı kompleksində 42x8 m ölçüdə yardımçı bina, yeni inşa olunmuş hovuz, su quyusu, yaşıllıq zolaqları, bəzək və meyvə ağacları var. Bina iki mərtəbəlidir. Vaxtilə saray iki ayrı-ayrı bölmədən ibarət olub. Cənub bölmə inzibati işlər və yüksək mənsəbli qonaqların qəbulu, şimal bölmə isə xan ailəsinin yaşayışı üçün nəzərdə tutulub. Bölmələrə giriş ikimərtəbəli, balkon tipli çatma tağlı dəhlizlərdən olub. Hal-hazırda sarayda muzey yerləşdiyinə görə yalnız cənub dəhlizdən istifadə olunur. Bölmələr arasında daxili keçid yaradılıb. Dəhlizlər əsas fasaddan qabağa çıxarıldığı üçün binaya xüsusi gözəllik verir. Dəhlizlərə qırmızı qum daşı ilə döşənmiş pilləkənlərlə qalxılır. Pilləkənlərin ətrafı kərpiclə hörülüb və ağac məhəccərlərlə bərkidilib.

Xan Sarayının ümumi sahəsi 382 m2, divarlarının qalınlığı 60 sm-dən 1,1 m arasında dəyişir. Bina 20x20x5 sm ölçüdə bişmiş kərpiclə tikilmişdir. Pəncərələrdə şəbəkə üslubundan və bütün otaqlarda Naxçıvan yaşayış evlərinə xas olan müxtəlif ölçülü taxçalardan istifadə olunmuşdur. 1 mərtəbədə 3 otaq, 2 mərtəbədə 8 otaq (2 zal) və otaq kimi istifadə olunan vestübüllərin üzərində 2 mansar yerləşir. Hər iki mansardan dəhlizlərin üstündəki açıq balkonlara çıxış var. Mansarlara vestübüllərdən açılmış kərpic pilləkənlərlə qalxılır. Xan Sarayının cənub zalı daha dəbdəbəlidir. Qonaq qəbulu üçün nəzərdə tutulmuş zalın qərbində döşəmədən 40 sm hündürlükdə səhnə tipli taxt yaradılmışdır. Taxtlı güşənin açılan pəncərələri yerdən tavana qədər şəbəkələrlə, tavanı isə kiçik güzgü parçaları ilə nəfis bəzədilmişdir. Zalın digər divarları taxçalar, nəbati və süjetli rəsmlərlə işlənmişdir. Sonralar aparılan çoxsaylı təmir və bərpa işləri zamanı rəsmlər pozulmuş və ya üzəriləri suvaqla örtülmüşdür. Zalın əzamətini cənub divardakı, ətrafı həndəsi formalar və güzgü parçaları ilə bəzədilmiş buxarı daha da artırır. Bina divarlara yerləşdirilmiş iki buxarı vasitəsilə isidilirmiş.

Xan Sarayı 1998-ci ilin aprelindən Naxçıvan Xalça Muzeyi kimi fəaliyyət göstərir. Muzey 8 zaldan ibarətdir, bunlardan biri Naxçıvan xanlarına həsr olunmuşdur. Yaradıldığı vaxt muzeydə 359 eksponat qeydə alındığı halda, hazırda onların sayı 2000-dən (305 xalça) artıqdır. Burada, demək olar, bütün xalça növlərinin (xovlu: gəbə, zili və xovsuz: sumax, vərni, kilim, palaz, şəddə, cecim və s.) və xalça məmulatlarının (məfrəş, heybə, xurcun, çuval, örkən və s.) nümunələri nümayiş etdirilir.

Muzeydə GəncəQazaxQubaŞirvanQarabağTəbrizNaxçıvan xalçaçılıq məktəblərinə XVIII-XIX əsrlərə aid xalça nümunələri saxlanılır. Çeşnilərinə görə "Qollu çiçi", "Pirəbədil", "Alpan", "Qədim əfşan", "Ovçuluq", "Zili", "Köhnə buta", "Naxçıvan", "Qasımuşağı" və s. xalçalarla yanaşı, süjetli xalçalar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin portreti toxunmuş xalça (xalq rəssamı K.Əliyev), "Leyli və Məcnun", "Qarabağ mənzərəsi", "Boz qurdlar", "Gəncə gözəli" və s. da əhəmiyyətli yer tutur. Muzeydə məişət əşyaları – misgərlik nümunələri, saxsı və çini qablar, qədim kişi və qadın milli geyimləri də nümayiş etdirilir.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2002-ci il 11 iyul tarixli Sərəncamına əsasən Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında Açıq Səma Altında Muzey yaradılıb. Ali Məclis Sədrinin Sərəncamında deyilir: “Müasir tarixşünaslığın tələbləri baxımından tədqiqini gözləyən sahələrdən biri də azərbaycanlıların yaşadıqları ərazilərdə geniş yayılmış qədim qoç heykəlləri, qəbirüstü abidələri və daş üzərində oymalardır. Qoç heykəlləri, qəbirüstü abidələr, daş üzərində oymalar azərbaycanlılarda ən qədim mifoloji və dini baxışlarla bağlı olmuşdur. Bunlar xalqımızın qədim mədəniyyətindən nümunələr olmaqla bərabər, eyni zamanda estetik təsir bağışlayan sənət əsərləridir”.

Ən qədim insan yaşayış məskənlərindən olan Naxçıvanda sənətkarlıq və mədəniyyət də böyük inkişaf yolu keçib. Bu torpağın hər qarışı tarixin müəyyən dövründən soraq verir, əcdadlarımızın həyat tərzi və yaşayışı haqqında dolğun təəssürat yaradır. Zəngin tarixi-mədəni irsimiz təkcə memarlıq abidələrində deyil, həm də daş abidələrdə yaşayır. Əcdadlarımızın yaratdıqları daş abidələr, xüsusilə Gəmiqaya rəsmləri, ümumilikdə, bəşəriyyətin tarixindən xəbər verən dəyərli qaynaqlardır.

Gülüstan və Türkmənçay müqavilələrindən sonra Naxçıvana köçürülmüş ermənilərin qədim Azərbaycan torpağını “erməniləşdirmək” sahəsində apardıqları siyasətin bir istiqaməti də daşdan yonulmuş mədəniyyət nümunələrinin dağıdılması olub. Bu mənada Ali Məclis Sədrinin Sərəncamı ilə yaradılan Açıq Səma Altında Muzey xalqımızın dekorativ-tətbiqi sənətinin ən gözəl nümunələrindən olan daşdan yonulmuş mədəniyyət nümunələrinin mühafizəsi, öyrənilməsi və təbliği sahəsində mühüm elmi əhəmiyyətə malikdir. Bu mədəniyyət ocağının ekspozisiyası son 15 ildə xeyli zənginləşib, muzeyi minlərlə tamaşaçı ziyarət edib. Muzeyin ekspozisiyasında mifoloji və dini dünyagörüşlə əlaqədar olan 226 qoç heykəli, daş kitabə, qəbirüstü abidə, daşla bağlı məişət əşyaları qorunur və nümayiş etdirilir.

Bəşər tarixində daş əmək alətlərinin, daş heykəllərin, daş epiqrafik yazıların, piktoqrafik yazı nümunələrinin daş üzərində həkk edilməsinin tarixi çox qədimlərə dayanır. Açıq Səma Altında Muzeyin ən qədim eksponatı da eramızdan əvvəl IV-III minilliyə aid Gəmiqayadan gətirilmiş daş abidədir.

Eksponatlar arasında memorial xatirə abidələri mühüm yer tutur. Onlardan biri də burada nümayiş olunan ən qədim qəbirüstü xatirə abidəsidir. Qəbilə quruluşu dövrünün məhsulu olan bu abidə qəbir üzərində dik basdırılmış heykələ bənzəyir.

Naxçıvan müxtəlif tərkibli və keyfiyyətli daş ehtiyatları ilə zəngindir. Muzeydə nümayiş etdirilən sütun altlıqları da formalarına görə müxtəlifdir. Orta əsrlərdə sütun altlıqları darvaza qapılarının yanında bəzək əşyası kimi istifadə edilib. Daş məmulatı təkcə tikinti materialı kimi deyil, həmçinin təsərrüfat və məişətdə də geniş tətbiq olunub. Muzeydə nümayiş olunan sudaşı, xırmandaşı, dəyirmandaşı, dibəkdaşı vaxtilə məişətimizdə geniş yer tutub.

Vaxtilə baxımsız, tarixə laqeydlik təəssüratı yaradan bu ərazi indi tarix və mədəniyyətimizə məhəbbətin ifadəsi olan “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi kimi fəaliyyət göstərir. Hər il muzeyi minlərlə qonaq, xüsusilə xarici ölkə vətəndaşları ziyarət edir. Bu isə zəngin tarixi-mədəni irsimizin təbliği və tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi