Sərəncamın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Prokurorluğunda tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasının I və III kurs tələbələrinin iştirakı ilə tədbir keçirilib.

Aprel ayının 24-də Naxçıvan Dövlət Universitetin bu ixtisas üzrə 1 və 2-ci kurs tələbələri Naxçıvan Muxtar Respublikası Prokurorluğunda olublar. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev açaraq Ali Məclis Sədrinin hamiliklə bağlı imzaladığı sərəncamların əhəmiyyətindən, eləcə də 2019-cu il 3 aprel tarixli Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində görüləcək işlərdən bəhs edib.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Təşkilat-analitik şöbəsinin rəisi, ədliyyə müşaviri Pərviz Zülfüqarov çıxış edərək bildirib ki, gənclərin dövrümüzlə uzlaşan yeni biliklərinin, onlara məxsus innovativ ideyaların istehsalatda geniş tətbiqi qabaqcıl ölkələrin həm iqtisadi, həm də siyasi maraqları ilə üst-üstə düşür. Qeyd olunub ki, bununla bağlı 2019-cu il aprel ayının 15-də keçirilən müşavirədə innovasiyaya və dayanıqlı inkişafa əsaslanan, yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən yeni layihələrin (startapların) həyata keçirilməsi, hami təşkilatlar tərəfindən layihələri dəyərləndirəcək ekspert qrupların yaradılması, startapların qəbulu və təqdimatlarının keçirilməsi kimi qarşıya mühüm vəzifələr qoyulub. Sərəncamın icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda da ekspert qrupu yaradılıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat şöbəsinin rəisi, ədliyyə müşaviri Faiq Səfərov və Naxçıvan Muxtar Respublikası prokurorunun Beynəlxalq əlaqələr üzrə köməkçisi, kiçik ədliyyə müşaviri Emil Abdullayev çıxış edərək prokurorluq orqanlarının fəaliyyət istiqamətləri, bu istiqamətlər üzrə həyata keçirilə biləcək startap layihələrinin önəmindən, cəmiyyətə faydasından söhbət açıblar.

Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru Qəhrəman Behbudov çıxışında belə tədbirlərin əhəmiyyətini vurğulayıb.

Sonra tələbələr istintaq hərəkətlərinin aparılmasından və startap layihələrindən bəhs edən slayda baxıblar, onların “İdeyadan başlanğıca” devizi altında irəli sürdükləri layihələr dinlənilib. Həmçinin tələbələr Naxçıvan Muxtar Respublikası Prokurorluğunun İmtahan-informasiya sistemi ilə tanış olublar, kriminalistik avtomaşının iş prinsipini öyrəniblər.

 

 

 

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi