Naxçıvan şəhər prokurorluğu tərəfindən maarifləndirici tədbir keçirilib

Aprel ayının 22-də Naxçıvan şəhər prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan şəhər Əkbər Ağayev adına 8 nömrəli tam orta məktəbdə məktəbin yuxarı sinif şagirdləri və müəllim kollektivi ilə maarifləndirici tədbir keçirilib.

Tədbirdə şəhər prokurorluğunun əməkdaşı Abdulla Quliyev “Yetkinlik yaşına çatmayanların hüquqları” mövzusunda çıxış edərək bildirib ki, yetkinlik yaşına çatmayanlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Dövlət siyasəti milli və yerli xüsusiyyətlər nəzərə alınmaqla yaradılan məqsədli uşaq sosial proqramları əsasında həyata keçirilir. Bu proqramların yerinə yetirilməsinə dövlət orqanları ilə yanaşı digər hüquqi və fiziki şəxslər də iştirak edə bilərlər və Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.

Bundan başqa, tədbirdə prokurorluğun digər əməkdaşı Ramiq Əliyev "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələr" mövzusunda çıxış edərək bildirib ki, məişət zorakılığı-yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması deməkdir. Məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa əməl etmədikdə, zərər çəkmiş şəxs və ya müvafiq icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir.

Sonda tədbir iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilərək verilən suallar cavablandırılıb.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi