Sahbuz rayon prokurorluğu tərəfindən maarifləndirici tədbir keçirilib

Aprel ayının 9-da Şahbuz rayon prokurorluğunun təşkilatçılığı ilə  Şahbuz şəhər 1 nömrəli tam orta məktəbinin IX-XI sinif şagirdlərinin iştirakı ilə  “Yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Məhərrəm İsmayılov çıxış edərək  tədbirin məqsədi barədə məktəblilərə məlumat verib.   

Rayon prokurorluğunun əməkdaşı İbrahim Mənsimov çıxış edərək yetkinlik yaşına çatmayanların cinayət məsuliyyətinin və cəzasının xüsusiyyətləri barədə danışıb. Bildirilib ki, yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Cəza növləri cərimə, ictimai işlər, islah işləri, müəyyən müddətə azadlıqdan məhrum etmə ilə təyin edilir.

Xəbərdarlıq, valideynlərin və ya onları əvəz edən şəxslərin və yaxud müvafiq dövlət orqanının nəzarətinə vermək, vurulmuş ziyanın aradan qaldırılması vəzifəsini həvalə etmək, yetkinlik yaşına çatmayanın asudə vaxtını məhdudlaşdırmaq və onun davranışı ilə bağlı xüsusi tələblər müəyyən etmək isə tərbiyəvi xarakterli məcburi tədbirlərə aiddir. Həmçinin yetkinlik yaşına çatmayana eyni vaxtda bir neçə tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.

Rayon təhsil şöbəsinin əməkdaşı Fazil Rzayev isə məktəblilərin iştirakı ilə keçirilən belə maarifləndirici tədbirlərin onların həyatında oynadığı rolun əhəmiyyətindən danışıb.

Sonda qarşıya çıxan suallar cavablandırılıb.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi