Culfa rayon prokurorluğu tərəfindən maarifləndirici tədbir keçirilib

Aprel ayının 8-də Culfa rayon prokurorluğunun əməkdaşlarının iştirakı ilə Culfa şəhər 2 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri və müəllim kollektivi ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib.

Tədbirdə rayon prokurorluğunun əməkdaşı Afət Kərimli “Uşaqlara və valideynlərə kömək göstərməkdən qərəzli boyun qaçırmaya görə məsuliyyətin əsasları” mövzusunda çıxış edərək bildirib ki, ailə təkcə hər bir insanın deyil, eləcə də cəmiyyətin inkişafına, onun əxlaqi sağlamlığına təsir göstərir və insanların sosial aktivliyini  artıran faktorlardan biridir. Ona görə də cəmiyyətimiz möhkəm və sağlam ailənin yaranmasında maraqlıdır. Möhkəm ailə-möhkəm cəmiyyət deməkdir. İnsan xarakterinin əsası, onun əməyə, mənəvi və mədəni irsə münasibəti ilk növbədə ailədə yaranır. Böyüməkdə olan nəsli tərbiyələndirmək, onun fiziki və mənəvi qüvvələrini inkişaf etdirmək ailənin ən mühüm vəzifəsidir. Dövlət və cəmiyyət uşaqların tərbiyəsində ailəyə hərtərəfli kömək edir, uşaq bağçaları, körpələr evləri, internat məktəbləri və digər uşaq tərbiyə ocaqları şəbəkəsi genişləndirilir. Aztəminatlı ailələrə müavinətlər verilir.  Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunduğu kimi, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideyenlərin həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 29.4-cü maddəsində ər-arvadın üzərinə ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmaq, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərmək, övladlarının inkişafı üçün əlverişli şərait yaratmaq və onların sağlamlığına qeydinə qalmaq vəzifəsi qoyulub. Afət Kərimli sonra uşaqlara və valideynlərə kömək göstərməkdən qərəzli boyun qaçırmaya görə məsuliyyətin əsasları barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Daha sonra rayon prokurorunun digər əməkdaşı Elvin Hüseynov  “Gənclər sabahın qurucularıdır” başlıqlı mövzu ilə çıxış edərək bildirmib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Dövlət gənclər siyasəti müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir. Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin “Gənclər paytaxtı” seçilməsi bir daha sübut etdi ki, muxtar respublikamız Qoca Şərqlə müasir gəncliyin vəhdətini təşkil edən məkandır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı çıxışında vurğulamışdır ki,  “Gənclik gələcəkdir. Sağlam gənclik isə həm də sağlam gələcək deməkdir. Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti hər bir gəncə özünü təsdiq etməsi, yüksək bilik qazanması və dəyərli vətəndaşa çevrilməsi üçün geniş imkanlar açır. Azərbaycan inkişaf edən dövlətdir və təbii ki, müstəqillik dövründə yetişən, onun bəhrəsini görən hər bir gənc də öz fəaliyyəti ilə bu inkişafa dəstək verməli, dövlət müstəqilliyimizin qədrini bilməlidir. Biz bu gün yetişən gəncliyə böyük ümidlə baxırıq. İnanırıq ki, muxtar respublika gəncləri bundan sonra da öz fəaliyyətlərini ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yola sədaqət ruhunda quracaqlar. Bu yol – gəncliyin özünü təsdiq və özünü doğrultmaq yoludur”.

Sonda tədbir iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilib verilən suallar cavablandırılıb.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi