Sədərək rayon prokurorluğunun təşkilatçılığı ilə tədbir keçirilib

Aprel ayının 2-də Sədərək rayon prokurorluğunun təşkilatçılığı ilə Heydərabad qəsəbə tam orta məktəbində “Əhalinin ekoloji təhisili və maarifləndirilməsinin ölkəmizdə hüquqi-qanunvericilik bazası” adlı tədbir keçirilib.

Tədbirdə rayon prokurorluğunun əməkdaşı Elvin Zeynalov bildirdi ki, bəşəriyyətin müasir yaşayışını ekologiyasız təsəvvür etmək mümkün deyildir. Yazmağı, oxumağı saymağı bilmədən nə qədər çətindirsə, ekologiyanın əsaslarını öyrənmədən də yaşamaq bir o qədər çətindir.

Vurğulandı ki, hərtərəfli inkişaf etmək istəyən kəslər ekoloji biliklərə dair müvafiq mənbələri ardıcıl izləməli və onlara tənqidi yaradıcı münasibət bəsləməlidir. İnsanlar arasında ekoloji təfəkkürü formalaşdırmaq sahəsində bilənlər bilməyənlərə kömək etməlidirlər. Son illər ərzində xarici dillərdə çoxlu dərslik, dərs vəsaiti, və məşhur elmi kitablar nəşr edilir, təbiətlə insanın əlaqəsini əks etdirən jurnallar buraxılır, bu sahədə aparılan tədqiqatların tematik topluları çap edilir. Hətta, televizor, radio və qəzetlər də ekoloji təhsilə biganə deyillər.         

Muxtar respublikamızdaisə on illərdir davam edən yaşıllaşdırma və ekoloji abadlıq siyasəti isə kompleks ixtisaslaşmış fəaliyyət şəklini almışdır. Naxçıvanın ekoloji və abadlıq siyasəti real olaraq başqa bölgələrimizə müsbət örnək təşkil etməkdədir.   Ona görə də bu aktual mövzu ətrafında qısa da olsa məlumat verməyi, cari qanunvericiliyimizdə bu istiqamətdə hansı müddəaların mövcud olduğunu öyrənməyi vacib hesab edirik.

Hal-hazırda ölkəmizdə əhalinin əhalinin ekoloji təhsili və maarifləndirilməsi ilə bağlı dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edən, bu sahədə münasibətləri tənzimləyən 31 yanvar 2003-cü ildən qüvvədə olan “Əhalinin ekoloji təhsili və maarifləndirilməsihaqqında”  Azərbaycan Respublikasının Qanunu mövcuddur.       

Biz, bu yazımızda ölkəmizdə əhalinin ekoloji təhsili və maarifləndirilməsinə xidmət edən məhz həmin qanunun müddəalarından söhbət açacağıq. “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Qanunun təsir dairəsinə ekoloji təhsil prinsiplərini özündə əks etdirən və dövlət təhsil standartlarına uyğun fasiləsiz ekoloji təhsil və maarifləndirmə sistemi, həmçinin təhsil müəssisələrində ekoloji təhsilə aid informasiya məkanı daxildir. Qanun ekoloji təhsil və maarifləndirmə sahəsində idarəetməni həyata keçirən dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına, təhsil müəssisələrinə, əhalinin maarifləndirilməsi ilə məşğul olan, həmçinin digər aidiyyəti hüquqi və fiziki şəxslərə şamil edilir. Əhalinin ekoloji təhsili və maarifləndirilməsi sahəsində dövlət siyasəti ətraf mühitin mühafizəsi və təhsil haqqında qanunvericiliyin tələblərinə, müvafiq dövlət proqramlarına, habelə bunlara dair ölkədə və beynəlxalq təcrübədə mövcud olan prinsiplərə uyğun həyata keçirilir.

Sonda Elvin Zeynalov qeyd etdi ki, ekoloji təhsil, ekoloji sağlam mühit kimliyindən asılı olmayaraq hamımıza çox gərəkli olan bir məfhumdur. Ona görə də, istər şəhərdə, istərsə də kənd yerlərində yaşamağımızdan asılı olmayaraq ekoloji cəhətdən sağlam mühitdə yaşamaq naminə üzərimizə düşən mənəvi və maddi borcu yerinə yetirməkdən qaçınmamalı olduğumuzu hər an xatırlamalıyıq. Çünki yer kürəsini bir gəmi kimi düşünsək hamımız bu gəmidə yaşayırıq.

Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırıldı.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi