Naxçıvan Muxtar Respublikası Prokurorluğunda 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbirlər keçirilib

Mart ayının 30-da Naxçıvan Muxtar Respublikası Prokurorluğunda “31 mart-Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar tədbirlər keçirilib. Tədbirdə qeyd olunub ki, hər il mart ayının 31-i respublikamızda Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur, erməni ideoloqlarının dövlət səviyyəsində dəstəklədikləri soyqırımı və terror siyasətinin günahsız qurbanlarının xatirəsi dərin ehtiramla yad edilir. 1918-ci ilin martında daşnaq-bolşevik birləşmələrinin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri amansız qətliamların əsas məqsədi azərbaycanlıları milli etnos kimi yer üzündən silmək, onların tarixi torpaqlarına yiyələnmək olmuşdur.

Bədnam qonşularımız iki əsrdən artıq müddətdə əsassız iddialarını gerçəkləşdirməyə çalışmış, bu məqsədlə terrorizm, soyqırımı və deportasiya kimi dəhşətli beynəlxalq cinayətlərə əl ataraq azərbaycanlıları kütləvi qırğınlara məruz qoymuşlar. Hələ XIX əsrin əvvəllərindən başlayaraq ermənilər tarixi Azərbaycan torpaqlarında kütləvi şəkildə məskunlaşdırılmağa başlamış, azərbaycanlılar qədim torpaqlarından, ata-baba yurdlarından qovulmuş, onların deportasiyası prosesi məqsədyönlü şəkildə həyata keçirilmişdir. Şərqdə təsir dairəsini genişləndirmək, regionun zəngin təbii sərvətləri üzərində nəzarəti ələ keçirmək istəyən çar Rusiyası XVII əsrin sonu XVIII əsrin əvvəllərindən Türkiyə və İrana qarşı müharibə apararkən məhz “erməni kartı”ndan siyasi alət kimi yararlanmağa çalışmışdır.

1917-ci ilin dekabrında Osmanlı dövləti ilə bolşeviklərin Zaqafqaziya Komissarlığı arasında bağlanmış Ərzincan barışığına uyğun olaraq Qafqaz cəbhəsindən çıxarılan rus ordusunu əvəz edən erməni hərbi birləşmələri faktiki başıpozuqluq şəraitindən istifadə edərək yerli müsəlman əhalisinə qarşı soyqırımı siyasətinə başlamışlar. Nəticədə hələ 1918-ci ilin martına qədər İrəvan quberniyasında 199 azərbaycanlı kəndi dağıdılmış, 135 min azərbaycanlının böyük əksəriyyəti ermənilər tərəfindən qətlə yetirilmiş, sağ qalanları isə Osmanlı ordusunun nəzarət etdiyi ərazilərə qaçmağa məcbur olmuşlar. Ümumiyyətlə 1918-ci ilin mart-aprel aylarında Azərbaycanın müxtəlif bölgələrində ən müxtəlif cinayətlərə rəvac vermiş erməni qəsbkarları soyqırımı və terroru dövlət siyasətinə çevirdiklərini bir daha təsdiqləmişlər.

Qeyd olundu ki, Şaumyanın vasitəçiliyi ilə sovet Rusiyasının himayə və yardımına nail olmuş ermənilər, xüsusilə də Andranikin silahlı quldur dəstəsi 1918-ci ilin iyun-avqust aylarında Naxçıvan mahalının dinc türk-müsəlman əhalisinə heç bir çərçivəyə sığmayan vəhşiliklə divan tutmuşdur. İşğalçılara ciddi müqavimət göstərmiş Yaycı kəndinin əhalisinə divan tutulmuş, kənd viran qoyulmuşdur. Culfa rayonu ərazisində Araz çayı üzərindəki körpü yandırılmış, Ordubadda 2000 türk-müsəlman əhali qətlə yetirilmişdir. Qadınlara, uşaqlara və qocalara rəhm edilməmiş, əli yalın insanların kürəyinə qaynar samovar bağlanmış, hamilə qadınların qarınları yırtılmış və başqa insanlığa sığmayan işgəncələr verilmişdir. Bu vəhşətdən qaçmağa çalışan 300-ə qədər dinc sakin Araz çayını keçərkən boğulmuşdur. Yaycı kəndində ermənilər tarixdə bənzəri olmayan vəhşiliklər törətmişdilər.

Qeyd olundu ki, digər bir erməni silahlı dəstəsi 1918-ci ildə “Yapon” ləqəbli quldurun başçılığı ilə Naxçıvan şəhərindən 40 km şimalda yerləşən Almalı yaşayış məntəqəsinin əhalisini qıraraq, öz tarixi yurdlarından didərgin salmışdır. Təxminən 200 kişi öldürülmüşdür. Osmanlı ordu hissələrinin Kazım Qarabəkir paşanın komandanlığı ilə Naxçıvan bölgəsinə gəlişi mahalın əhalisini daha irimiqyaslı qırğınlardan xilas etmişdir. 1919-cu ilin əvvəlində erməni polkovniki Doluxanovun başçılıq etdiyi silahlı qüvvələr isə Şərur-Sədərək ərazilərində onları duz-çörəklə qarşılayan dinc əhaliyə qarşı zorakılıqlar törətmişdir. Müsəlmanlar yaşayan 8 kənd mühasirəyə alınmış, Dəmirçi kəndi dağıdılaraq qarət olunmuş, 60 nəfər həbs edilərək İrəvana göndərilmişdir. Yerli əhalinin ciddi müqaviməti ilə qarşılaşan erməni hərbi hissəsi geri çəkilməyə məcbur olmuşdur. Bütövlükdə, 1918-1921-ci illərdə erməni quldur dəstələri tərəfindən Naxçıvan bölgəsində 73727 nəfər türk-müsəlman əhalisi vəhşicəsinə qətlə yetirilmişdir. Bütün bu mahalların 500 min nəfərlik əhalisi tamamilə yoxsul vəziyyətə salınmışdır.

Bədnam erməni millətçilərinin tarixi saxtalaşdırmağa, dünya ictimaiyyətini çaşdırmağa yönəlmiş saxta kampaniyasına qarşı mütəşəkkil müqavimət isə yalnız ulu öndər Heydər Əliyevin xalqın istəyi ilə 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. Ümummilli lider Heydər Əliyev Azərbaycan tarixinin faciəli, ağır, məşəqqətli səhifələri ilə, xüsusən də gənclərin yaxından tanış olmalarını, milli həqiqətləri aydın dərk etmələrini, belə demək mümkünsə, qan yaddaşını qoruyub saxlamalarını zəruri hesab edirdi. Məhz buna görə də ümümilli lider təkcə ümumtəhsil məktəblərində, universitetlərdə deyil, eləcə də ailədə gənclərlə fəal iş aparılmasını, onlarda erməni vandalizminin gerçək miqyası barədə dolğun, obyektiv rəyin formalaşmasını vacib sayırdı.

Tarixi unutqanlığın azərbaycanlılara hansı böyük faciələr bahasına başa gəldiyini çıxışlarında dəfələrlə vurğulayan ulu öndər Heydər Əliyev, eyni zamanda, gəncləri ata-babalarımızın bu səhvlərini yenidən təkrarlamamağa çağırırdı. Obyektiv reallığa əsaslanan bu çağırış həm də ona xidmət edirdi ki, gənclər müasir üsul və vasitələrdən, informasiya texnologiyalarının yaratdığı geniş imkanlardan istifadə edib milli həqiqətləri dünya ictimaiyyətinə çatdırsınlar. Bədnam erməni lobbisinə qarşı mübarizədə fəal olsunlar və səmərəli əks-hücumu təşkil etsinlər. Yəni müdafiədən hücum taktikasına keçid məhz yeni dövrün müasir təfəkkürlü, yüksək intellektual imkanları ilə fərqlənən gənclərinin hesabına reallaşmalı idi. Dahi lider Heydər Əliyev bu məqsədi gerçəkləşdirmək üçün bir tərəfdən geniş təbliğat işi aparır, digər tərəfindən imzaladığı tarixi əhəmiyyətli fərman və sərəncamların vasitəsilə gənclər arasında ideoloji-siyasi işi gücləndirirdi.

Qeyd olundu ki, ümummilli lider Heydər Əliyevin 1997-ci il 18 dekabr tarixli “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərmanı ilə həmvətənlərimizin Qərbi Azərbaycandakı dədə-baba yurdlarından zorla köçürülməsində Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə dövlət komissiyası yaradılmışdı. Bundan bir müddət sonra 1998-ci il 26 mart tarixdə “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayan Heydər Əliyev gənclərin tarixi həqiqətlərlə tanışlığına daha geniş meydan açmış, onları mübarizə ruhunda kökləmişdir. 1918-ci ilin məlum mart hadisələrinin 80-ci ildönümündə imzalanmış Fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymətdir. Bu fərman gənc nəsildə milli yaddaşın qorunması baxımından bir növ proqram sənədidir. Əsrlər boyu azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən tarixi sənəd əsasında martın 31-i hər il Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur. Fərmanda göstərilirdi ki, “Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif olunmuş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir”.

1918-ci ildə azərbaycanlıların soyqırımının təşkilatçıları olan erməni daşnaqları və erməni millətçiləri tarix qarşısında cavab verməlidirlər. Prezident İlham Əliyevin sözləri ilə desək, «Biz yalnız tarixi ədalətin bərpa edilməsini, işğal və soyqırımı siyasəti yürüdənlərin beynəlxalq ictimaiyyət qarşısında ittiham olunmasını istəyirik. O zaman tarixi həqiqət və Azərbaycan həqiqətləri qalib gələr».

Sonda deyd olundu ki, Nахçıvаn Muxtar Respublikası Prokurorluğu kollektivinin fikrini ifadə edərək erməni vandalizmi və vəhşiliyini, bütün azərbaycanlılara qarşı törədilən soyqırımları qətiyyətlə pisləyir.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi