Naxçıvan şəhər prokurorluğu tərəfindən maarifləndirici tədbir keçirilib

Mart ayının 28-də Naxçıvan şəhər prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan şəhər Validə Hüseynova adına 6 nömrəli tam orta məktəbdə məktəbin yuxarı sinif şagirdləri və müəllim kollektivi ilə maarifləndirici tədbir keçirilib.

Tədbirdə şəhər prokurorluğunun əməkdaşı Abdulla Quliyev “Uşaq hüquqlarının qorunması, yetkinlik yaşına çatmayanların hüquq və vəzifələri, onların cinayət məsuliyyəti” mövzusunda çıxış edərək bildirib ki, uşaq hüquqları insan hüquqları anlayışının bir hissəsi kimi dəyərləndirilməlidir. Bu gün, dünyanın bir çox yerində mövcud olan insan hüquqları pozuntuları, uşaq ölçüsündə daha geniş əhatəli və böyüyərək, müdaxilə edilməsi daha çətin bir şəkildə iştirak etməkdədir. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Dövlət siyasəti milli və yerli xüsusiyyətlər nəzərə alınmaqla yaradılmış məqsədli uşaq sosial proqramları əsasında həyata keçirilir. Bu proqramların yerinə yetirilməsinə dövlət orqanları ilə yanaşı digər hüquqi və fiziki şəxslər də iştirak edə bilərlər və Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.

Eyni zamanda Abdulla Quliyev yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti, ümumiyyətlə yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə onlara cəza təyin edilməsi və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə biləcəyi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Bundan başqa, tədbirdə şəhər prokurorunun digər əməkdaşı Aygül Əsədova “Ailə Məcəlləsinə əsasən ailə üzvlərinin aliment öhdəlikləri” mövzusunda çıxış edərək bildirib ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar və uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Eyni zamanda valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda isə valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.

Sonda tədbir iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilərək verilən suallar cavablandırılıb.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi