Naxçıvan şəhər prokurorluğu tərəfindən maarifləndirici tədbir keçirilib

Fevral ayının 27-də Naxçıvan şəhər prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan şəhər  Məhəmməd Tağı Sidqi adına 4 nömrəli tam orta məktəbdə məktəbin yuxarı sinif şagirdləri və müəllim kollektivi ilə maarifləndirici tədbir keçirilib.

Tədbirdə şəhər prokurorunun köməkçisi Abdulla Quliyev “Ölkəmizdə uşaq hüquqlarının qorunması, ümumiyyətlə yetkinlik yaşına çatmayanların hüquq və vəzifələri, onların cinayət məsuliyyəti” mövzusunda çıxış edərək bildirib ki, uşaq hüquqları - dünyadakı bütün uşaqların qanunla və ya əxlaqi baxımdan doğulduqları gündən sahib olduğu, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısının birdən təyinində istifadə edilən universal anlayışdır. Uşaq hüquqları insan hüquqları anlayışının bir hissəsi kimi dəyərləndirilməlidir. Bu gün, dünyanın bir çox yerində mövcud olan insan hüquqları pozuntuları, uşaq ölçüsündə daha geniş əhatəli və böyüyərək, müdaxilə edilməsi daha çətin bir şəkildə iştirak etməkdədir. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Dövlət siyasəti milli və yerli xüsusiyyətlər nəzərə alınmaqla yaradılmış məqsədli uşaq sosial proqramları əsasında həyata keçirilir. Bu proqramların yerinə yetirilməsinə dövlət orqanları ilə yanaşı digər hüquqi və fiziki şəxslər də iştirak edə bilərlər və Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.

Eyni zamanda natiq bildirib ki, qanunvericiliyimizdə uşaqların ailədə də bir sıra hüquqları nəzərdə tutulub. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 11-ci fəsli isə sırf bu mövzudan bəhs edir. Belə ki, həmin məcəllədə qeyd olunur ki, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, valideynlərinin qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir.

Bundan başqa, Abdulla Quliyev yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti, ümumiyyətlə yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə onlara cəza təyin edilməsi və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə biləcəyi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Sonda tədbir iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilərək verilən suallar cavablandırılıb.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi