Culfa rayon prokurorluğunun təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib

Fevral ayının 12-də Culfa rayon prokurorluğunun təşkilatçılığı və Əlincə polis bölməsi əməkdaşının iştirakı ilə rayonun Saltaq kənd tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri və müəllim kollektivi ilə maarifləndirici tədbir keçirilib.

Tədbirdə rayon prokurorluğunun böyük müstəntiqi Afət Kərimli “14 yaşına çatmış şəxslərin cinayət məsuliyyəti” mövzusunda çıxış edərək bildirib ki, ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə gənclərin iqtisadi, sosial, mədəni və s. hüquqlarının təmin edilməsi ilə bağlı bir sıra qanunlar qəbul edilib, milli qanunvericiliyin Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyalara uyğunlaşdırılması sahəsində xeyli işlər görülüb. Eyni sözlər yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquqpozmalar haqqında qəbul edilən qərarların icrası ilə bağlı məsələlərə də aiddir. Qüvvədə olan cinayət qanunvericiliyi yetkinlik yaşına çatmayanların yaş xüsusiyyətlərini nəzərə alaraq, onlara tətbiq olunan cinayət məsuliyyəti və cəzanın yüngülləşdirilməsi və məhdudlaşdırılmasının xüsusi qaydalarını müəyyən edir. Cinayət qanunvericiliyində yetkinlik yaşına çatmayanların konkret yaş həddi müəyyən edilib. Belə ki, cinayət törədərkən on dörd yaşı tamam olan, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Bu şəxslər cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Afət Kərimli qanunvericilikdə 14 yaşından 16 yaşına qədər şəxslərin törədə biləcəkləri cinayətlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Daha sonra rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajoru Elvin Hüseynov  “Gənclər sabahın qurucularıdır” mövzusu ilə çıxış edərək bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Dövlət gənclər siyasəti müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir. Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin “Gənclər paytaxtı” seçilməsi bir daha sübut etdi ki, muxtar respublikamız Qoca Şərqlə müasir gəncliyin vəhdətini təşkil edən məkandır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı çıxışında vurğulamışdır ki,  “Gənclik gələcəkdir. Sağlam gənclik isə həm də sağlam gələcək deməkdir. Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti hər bir gəncəözünü təsdiq etməsi, yüksək bilik qazanması və dəyərli vətəndaşa çevrilməsi üçün geniş imkanlar açır. Azərbaycan inkişaf edən dövlətdir və təbii ki, müstəqillik dövründə yetişən, onun bəhrəsini görən hər bir gənc dəöz fəaliyyəti ilə bu inkişafa dəstək verməli, dövlət müstəqilliyimizin qədrini bilməlidir. Biz bu gün yetişən gəncliyə böyük ümidlə baxırıq. İnanırıq ki, muxtar respublika gəncləri bundan sonra da öz fəaliyyətlərini ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yola sədaqət ruhunda quracaqlar. Bu yol – gəncliyin özünü təsdiq vəözünü doğrultmaq yoludur”.

Sonda tədbir iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilərək verilən suallar cavablandırılıb.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi