Naxçıvan şəhər prokurorluğunda seminar keçirilib

Fevral ayının 6-da Naxçıvan şəhər, Babək və Şahbuz rayon prokurorluqlarının məsul işçiləri və dəftətxana müdirlərinin iştirakı ilə Naxçıvan şəhər prokurorluğunda “Arxiv işinin təşkili” mövzusunda seminar keçirilib. Müraciətlərə baxılması şöbəsinin prokuroru Pərvanə Hüseynova prokurorluq orqanlarında arxiv fondunun formalaşdırılması, mühafizəsi, istifadəsi və arxivlərin fəaliyyəti barədə məlumat verərək “Azərbaycan Respublikası Prokurorluğu orqanlarında kargüzarlığın aparılmasına dair Təlimatın”ın və “Azərbaycan Respublikası Prokurorluğu orqanlarında sənədlərin saxlanılması müddətlərinə dair Siyahı”nın müvafiq müddəalarını izah etməklə arxiv işinin təkmilləşdirilməsinə dair məlumat verərək qeyd etdi ki, daimi və müvəqqəti saxlanılmalı işlər və nəzarət icraatları razılaşdırılmış qrafik üzrə prokurorluğun arxivinə verilməlidir. İşlər və nəzarət icraatları arxivə yalnız siyahı üzrə, elektron arxiv proqramı tətbiq olunan prokurorluq orqanlarında isə həmçinin həmin proqram vasitəsilə elektron siyahıüzrə qəbul edilir. Ayrıca işlər cari işlərlə əlaqədar struktur qurumun kargüzarlığında qaldıqda prokurorluğun arxivi onların müvəqqəti istifadəyə verilməsini sənədləşdirilməlidir. Materiallar arxivə verilərkən rayon (şəhər) prokurorluqlarının müvafiq işçiləri onların saxlanılma müddətini yoxlayıb dəqiqləşdirib, saxlama müddəti barədə nəzarət icraatının üzlüyündə qeyd etməlidirlər. Materiallar arxivdə siyahının nömrələrinə görə və illər üzrə saxlanılır. Daimi saxlanılan materiallar müvəqqəti saxlanılan materiallardan ayrıca saxlanılır. Arxivin işçisi sənədlərin lazımi qaydada saxlanılmasına cavabdehdir. Sənədlər istifadəyə yazılı sorğuya əsasən müvafiq qeydiyyat kitabında imza etdirilməklə verilir və onun vaxtında geri qaytarılmasına nəzarət edilir. Arxiv üçün sənədlərin saxlanılma və istifadə qaydalarına cavab verən yer ayrılmalı, həmin yer müvafiq avadanlıqlarla və yanğından mühafizə vasitələri ilə təmin edilməlidir.

  Qeyd olundu ki, “Azərbaycan Respublikası Prokurorluğu orqanlarında sənədlərin saxlanılması müddətlərinə dair Siyahı” üzrə müəyyənləşdirilən sənədlərin saxlanılma müddəti Azərbaycan Respublikasının bütün prokurorluq orqanları üçün məcburidir. Siyahı kargüzarlıqda sənədlərin səmərəli təşkili, onların saxlanılmasının təmin olunması, daimi saxlanılma üçün ayrılması və məhv edilməsi məqsədinə xidmət etməklə işlərin hazırlanmasında, nomenklaturanın tərtibində istifadə olunur. Sənədlərin dəyərliliyinin ekspertizasının vaxtında keçirilməsini və daimi saxlanılması üçün təhvil verilməsini təmin edən prokurorluq orqanlarının rəhbərləri Siyahının tələblərinin icrasına məsuliyyət daşıyırlar. Siyahı "Prokurorluq haqqında" Qanunun müddəalarına uyğun prokurorluğun sisteminə və fəaliyyət istiqamətlərinə müvafiq bölmələr üzrə tərtib olunur. Siyahının bölmələrində maddələr onların məntiqi əlaqələri və ardıcıllığı ilə məsələlərin əhəmiyyətinə və sənədlərin növlərinə müvafiq yerləşdirilir.

  Sonra Azərbaycan Respublikası Baş prokurorunun 06.12.2018-ci il tarixli 01/87 №-li əmri ilə Azərbaycan Respublikası Prokurorluğu orqanlarında kargüzarlığın aparılmasına dair Təlimat”a və “Azərbaycan Respublikası Prokurorluğu orqanlarında sənədlərin saxlanılması müddətlərinə dair Siyahı”ya edilən dəyişikliklər barədə məlumat verilərək onların mahiyyəti izah olundu.

Sonda sənədlərin məhv edilməsinə dair aktlarda daha cox rastlanan nöqsanlar təhlil edilərək prokurorluq üzrə hüquqi aktların tələblərinin öyrənilməsinin və məhv edilməli olan sənədlərin vaxtında ayrılmasının zəruriliyi vurğulandı. Bu sahədə işin düzgün təşkilinə və hayata keçirilməsinə dair konkret tövsiyələr verilərək qarşıya çıxan suallar cavablandırıldı.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi