Naxçıvan Muxtar Respublikası Prokurorluğunda ümumxalq hüzn günü ilə əlaqədar tədbir keçirilib

Yanvar ayının 19-da Naxçıvan Muxtar Respublikası Prokurorluğunda 20 yanvar-ümumxalq hüzn günü ilə əlaqədar tədbir keçirilib.

Anım tədbirində qeyd olundu ki, xalqımızın qan yaddaşına yazılan 20 Yanvar faciəsi tariximizin qəhrəmanlıq səhifəsi, iftixar günüdür. Çünki yanvarın 19-dan 20-ə keçən gecə tökülən qanlar Azərbaycan xalqının müstəqillik uğrundakı mübarizə əzmini qıra bilmədi, igid oğullarımız şəhidlik zirvəsinə yüksələrək xalqımızın yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini bütün dünyaya, ən əsası isə faciənin təşkilatçılarına nümayiş etdirdilər.

Azərbaycan övladları ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirərək 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Bu, elə bir səhifədir ki, bizə milli ideallar uğrunda mübarizənin, bu yolda hər cür məhrumiyyətlərə sinə gərmək əzminin nə demək olduğunu xatırladır. Bu tarix Azərbaycan xalqının əyilməz bir xalq olduğunu, müstəqilliyi pay olaraq deyil, haqq olaraq aldığını sübut edir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilən bu faciə istiqlaliyyət, suverenlik, müstəqillik uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqının apardığı mücadilənin unudulmaz səhifəsidir.

20 Yanvar faciəsini törətməkdə sovet imperiyası rəhbərliyinin məqsədi Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin qarşısını almaq, milli azadlıq hərəkatına zərbə vurmaq, bununla yanaşı, azadlıq mübarizəsinə qalxmış digər müttəfiq respublikalara da “dərs vermək” istəyi idi. Bakıya yeridilən qoşun kontingentinin sayı 60 min nəfərə çatırdı. Onlar “döyüş tapşırığını” yerinə yetirmək üçün möhkəm psixoloji hazırlıq keçmişdilər. Faktlarla sübut olunub ki, Azərbaycana göndərilən sovet ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitlər, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil idi.

Qeyd olundu ki, sovet ordusunun xüsusi təlim keçmiş qoşun hissələri yanvarın 19-dan 20-nə keçən gecə 3 istiqamətdə Bakıya yeridilərək dinc əhaliyə qarşı misligörünməmiş vəhşiliklər edərək ağır cinayətlər törətdi. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid oldu, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs edildi. Terror əməliyyatı zamanı gözə dəyən hər kəs öldürülür, yaşayış evləri atəşə tutulur, təcili yardım maşınları, yol kənarında dayanan avtomobillər tankların altına salınıb əzilir, yaralılara yardım göstərən tibb işçiləri güllələnirdi. Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilən dəhşətli qırğından xəbər tutdu. O vaxtkı sovet imperiyasının ideoloji təbliğatçısı olan “Pravda” qəzeti 22.01.1990-cı il tarixli nömrəsində əsl həqiqətləri təkzib edərək yazırdı: “Fövqəladə vəziyyət elan edilməsi üçün görülmüş tədbirlər nəticəsində guya qadınlar və uşaqların tələf olması barədə bəyanatlar aşkar fitnəkar xarakter daşıyır. Bir daha təkrar etmək lazımdır ki, bu, qərəzli yalandır! Məqsəd əhalini sovet ordusuna və hüquq-mühafizə orqanlarına qarşı qaldırmaqdır...”

Ancaq nə ideoloji təbliğat, nə də əli qana bulanan Bakıdakı sovet ordu hissələri xalqın müstəqillik, azadlıq arzularını boğa bilmədi. Sovet rəhbərliyində təmsil olunan rəsmilərin qanlı əməliyyatlara birbaşa rəhbərlik etməsi və amansız tədbirlərə əl ataraq milli azadlıq mücadiləsinə qalxmış insanların inam və iradəsini sarsıtmaq istəkləri baş tutmadı. SSRİ-nin digər müttəfiq respublikalarından fərqli olaraq, Azərbaycana göndərilən xüsusi ordu kontingentinin əliyalın xalqa qarşı daha amansız hərəkətləri sovet rejiminin iç üzünü bütün dünyaya açıb göstərdi. 

20 Yanvar faciəsinə ilk dəfə öz etirazını bildirən ümummilli lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında xalqımıza qarşı həyata keçirilən bu qanlı cinayəti pisləyərək əliyalın əhalinin kütləvi şəkildə qətlə yetirilməsini hüquqa, demokratiyaya və insanlığa zidd aksiya kimi ittiham etdi. Ulu öndər Bakıda törədilən qanlı faciənin təşkilatçılarını cinayətkar adlandırarq bu cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsini qətiyyətlə tələb etmişdir: “Mən baş vermiş hadisələr haqqında dünən xəbər tutmuşam və təbiidir ki, bu hadisəyə laqeyd qala bilməzdim. Buraya ən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvada kiçik parçası olan Daimi Nümayəndəliyində böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə öz münasibətimi bildirmək istəyirəm. Azərbaycanda baş vermiş hadisələri hüquqa, demokratiyaya, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm”.

Ümummilli liderin bu bəyanatı SSRİ-nin hələ hökmünü sürdürdüyü vaxtda ölkəni və onun başçısını paytaxtın özündə tənqid etməklə yanaşı, həm də sözün əsl mənasında, böyük hünər və cəsarət idi. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının tarixi taleyinin hansı istiqamətdə inkişaf edəcəyinin sual altında qaldığı o təlatümlü günlərdə, Azərbaycan xalqının ən çətin anında Moskvadan doğma Vətəninə qayıtdı. Azərbaycan parçalanmaq təhlükəsi qarşısında qalmışdı. Görkəmli dövlət xadimi Heydər Əliyev Moskvada nə qədər təhdid və təzyiqlər altında yaşayırdısa, Azərbaycanda da o vaxtkı hakimiyyət tərəfindən təzyiq və hədələr göstərilirdi. Buna baxmayaraq, ulu öndərimiz Vətənə döndü. Dahi rəhbərin öz xalqına olan sevgisi, xalqın da Ona inamı məkrli qüvvələrin arzularını ürəklərində qoydu.

Sovet qoşunlarının 1990-cı il yanvarın 20-də Bakıda törətdikləri qanlı cinayətlər eyni zamanda Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının sərhəd kəndlərində erməni silahlı dəstələrinin fəallaşması ilə müşayiət olundu. Onların Kərkiyə, Sədərəyə və digər sərhəd kəndlərinə hücumu Qanlı Yanvarın ilk səhifəsini yazdı. Ancaq naxçıvanlılar düşmənin önündə mərdliklə dayandılar, şəhidlər verərək qədim Azərbaycan torpağını – Naxçıvanı qoruyub saxladılar. 

Qeyd olundu ki, xalqımıza qarşı törədilən 20 Yanvar faciəsinə ilk dəfə ulu öndərimiz tərəfindən Naxçıvan Muxtar Respublikasının Ali Məclisində siyasi qiymət verildi. Ümummilli liderimizin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 21 noyabr tarixli sessiyasında “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərar qəbul olundu. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu bu tarixi sənəddə deyilirdi: “Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə və sonrakı günlərdə Bakıda baş vermiş hadisələrə münasibətini bildirərək qeyd edir ki, sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri, hərbi dəniz donanmasının və daxili qoşunların bölmələri Bakı şəhərini işğal etmiş, dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törədərək silahlı təcavüz göstərmişlər. Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədi daşıyan bu işğalçı hərəkət nəticəsində görünməmiş vəhşiliklərə yol verilmiş, günahsız insanlar, o cümlədən uşaqlar, qocalar, qadınlar qətlə yetirilmiş, yüzlərlə adam yaralanmışdır”. Qərarda 20 Yanvar gününün hər il Naxçıvan Muxtar Respublikasında Milli Matəm Günü kimi qeyd olunması öz əksini tapdı. Ümummilli liderimizin rəhbərliyi ilə 1992-ci il yanvarın 13-də “1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Rəyasət Heyətinin bəyanatı” qəbul olundu.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Ümummilli liderimizin 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzaladığı Fərmanda Azərbaycan Respublikasının Milli Məclisinə hadisəyə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olunurdu. 1994-cü ilin fevralında Milli Məclisin xüsusi sessiyasında Azərbaycana sovet qoşun hissələrinin yeridilməsinin xalqımıza qarşı hərbi təcavüz və cinayət kimi qiymətləndirilməsi, təqsirkarların məsuliyyət dərəcəsinin müəyyənləşdirilməsi də məhz ümummilli liderimizin təşəbbüsü ilə mümkün oldu.

Dahi lider Heydər Əliyev 20 Yanvar hadisələrini Azərbaycan xalqının müstəqillik yolunda mübarizə tarixi kimi xarakterizə edərək demişdir: “20 Yanvar gününü xatırlayarkən hər birimiz eyni zamanda böyük iftixar hissi keçiririk. Çünki xalqımız həmin təcavüz qarşısında özünün əyilməzliyini, sarsılmazlığını bütün dünyaya sübut etdi. Şəhidi olan xalq qəhrəman xalqdır. Biz şəhidlərimizin qəm-qüssəsini çəkirik, ancaq onların şəhidliyə getməsi ilə fəxr edirik. Çünki onlar Vətən, ana torpaq, millət, Azərbaycan yolunda həlak olublar”.

Ölkə başçısı cənab İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, həmin qanlı gecədə əlil olanların sosial müdafiəsinin gücləndirilməsi üçün bir sıra tədbirlər həyata keçirib. Həmçinin, ölkəmizin paytaxtı Bakı şəhərində şəhidlərin xatirəsinə memorial abidə kompleksi ucaldılıb.

Sonda əminliklə ifadə olundu ki, 1990-cı il 20 Yanvar qanlı faciəsini, həmin gün şəhidlərimizin qanının hədər axmadığını, o qanlar bahasına bugünkü azadlığımızın, müstəqilliyimizin, dövlət quruculuğumuzun, tərəqqimizin bünövrəsinin qoyulduğunu gələcək nəsillər də böyük ehtiramla xatırlayacaqlar. Çünki bir millət kimi sınmadığımızın, əyilmədiyimizin, məğlub olmadığımızın, ümummilli mənafelər uğrunda birləşə bildiyimizin, azadlığımızı və müstəqilliyimizi qanımızla və canımızla əldə etdiyimizin sübutu olan 20 Yanvar qan yaddaşımıza yazılmış faciəli tariximiz, eyni zamanda qəhrəmanlıq salnaməmizdir. Bu tarixi yazanların və bu tarixin hüquqi, siyasi və tarixi qiymətini verənlərin xatirəsi hər bir azərbaycanlı üçün əzizdir. 20 Yanvar tarixi qürur və şərəf tariximizdir. Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş bütün şəhidlərimizə Allah rəhmət еləsin! Ruhları şad оlsun!

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi