Culfa rayon prokurorluğu tərəfindən maarifləndirici tədbir keçirilib

 Dekabr ayının 18-də Culfa rayon prokurorluğunun əməkdaşlarının iştirakı ilə rayonun Qazançı kənd tam orta məktəbində  yuxarı sinif şagirdləri ilə maarifləndirici tədbir keçirilib.

Tədbirdə rayon prokuroru, kiçik ədliyyə müşaviri Qalib İsmayılov gənc nəslin düzgün yetişdirilməsinin ölkə siyasətində önəmli yer tutduğunu, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin uğurla davam etdirildiyini, yeni tikilən Qazançı kənd tam orta məktəbinin timsalında bunun bir daha bariz nümunəsi olduğunu bildirdi.

Rayon prokurorluğunun əməkdaşı Afət Kərimli “18 yaşına çatmamış şəxslərin əməyindən istifadənin xüsusiyyətləri və bunların pozulmasına görə məsuliyyət” mövzu ilə çıxış edərək bildirdi ki, Azərbaycan Respublikası Konstitusiyasında uşaqların qayğısına qalmaq və onları tərbiyə etməyin valideynlərin borcu olması, valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqların dövlətin himayəsində olması, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etməyin qadağan olunması, 15 yaşına çatmamış uşaqların işə götürülə bilməməsi və uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət etməsi birbaşa təsbit olunmuşdur. Daha sonra Afət Kərimli 18 yaşına çatmamış şəxslərin əməyindən istifadənin xüsusiyyətləri və bunların pozulmasına görə məsuliyyət barədə tədbir iştirakçılarına məlumat verdi.

Rayon prokurorluğunun digər əməkdaşı İbrahim Hüseynov “Vətənin müdafiəsi hər birimizin müqəddəs borcudur” mövzu ilə çıxış edərək bildirdi ki, ictimai həyatın digər sahələrində olduğu kimi dövlət başçısının ordu quruculuğuna göstərdiyi  gündəlik diqqət və qayğının nəticəsidir ki, Milli Ordumuzun döyüş qabiliyyəti və maddi-texniki bazası daha da möhkəmlənmişdir. Müstəqil dövlətimizin Milli Ordusunda xidmət etmək hər bir şəxsin müqəddəs borcudur. Eyni zamanda bu müqəddəs vəzifə ali Qanunumuz olan Azərbaycan Respublikasının Konstitusiyasının 76-cı maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin I hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur.

Sonda məktəbliləri maraqlandıran suallar rayon prokurorluğunun əməkdaşları tərəfindən cavablandırılmışdır.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi