Kəngərli rayon prokurorluğunda seminar keçirilib

Dekabr ayının 17-də Kəngərli, Şərur və Sədərək rayon prokurorluqlarının məsul işçilərinin iştirakı ilə Kəngərli rayon prokurorluğunda “Vətəndaşların qəbulu işinin təşkili” mövzusunda seminar keçirilib.

Seminarda Muxtar Respublika Prokurorluğunun Müraciətlərə baxılması şöbəsinin böyük prokuroru Həbib Hacızadə vətəndaşların qəbulu işinin səmərəliyinin artırılması məqsədilə həyata keçirilən ardıcıl tədbirlər  və qəbul olunmuş normativ-hüquqi aktlar barədə məlumat verərək qeyd etdi ki, müraciət etmək hüququ vətəndaşların əsas konstitusion hüquqlarından biridir. Fiziki və hüquqi şəxslərin öz hüquqlarının həyata keçirilməsi və qanuni mənafelərinin qorunması məqsədilə dövlət orqanlarına müraciət etmək imkanının milli qanunvericilikdə təsbit edilməsi həmin orqanların üzərinə mühüm vəzifələr qoymaqla onların bu sahədə olan fəaliyyətinin daim prioritet xarakter daşımasını şərtləndiribdir. Vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsipləri, müraciətlərə baxılması qaydası və müddəti və vətəndaşların qəbul ediməsi qaydası “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununda öz əksini geniş tapıbdır.

Prokurorluq orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılmasının, bu sahədə vəzifələrin daha dəqiq və ardıcıl surətdə yerinə yetirilməsinin, habelə effektiv nəzarət mexanizminin yaradılmasının təmin edilməsi məqsədilə, Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən “Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması haqqında” 01.11.2010-cu il tarixli 10/100 №-li əmr təsdiq olunubdur.

Tabe prokurorluqlarda vətəndaşların müəyyən olunmuş qrafiklər üzrə qəbulu təmin edilməli, Qrafiklər hər təqvim ilinin əvvəlində prokurorluq orqanlarının rəhbərləri tərəfindən təsdiq olunmalıdır. Rayon (şəhər) prokurorları həftədə iki dəfədən az olmayaraq vətəndaşları şəxsən qəbul etməli, vətəndaşların müraciətləri ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsi tələb edildikdə, onların dərhal qəbul edilməsi təmin edilməlidir. Prokurorluq orqanlarının rəhbərləri, onların müavinləri, müvafiq idarə (şöbə) rəisləri və idarə (şöbə) rəislərinin müavinləri şəxsi qəbuldan daxil olmuş müraciətləri nəzarətə götürməklə həmin müraciətlərin vaxtında qanuni həll olunmasını və bu barədə onların müəlliflərinə ətraflı cavabların verilməsini təmin etməlidirlər.

Seminarda müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin düzgün təşkili və həyata keçirilməsi, təkrar müraciətlərə baxılması proseduru və təcrübədə yaranan problemlər müzakirə edilib, tabe prokurorluqların fəaliyyətində daha tez rastlanan nöqsan və çatışmazlıqlar təhlil edilib.

Sonra bu sahədə işin düzgün təşkilinə və hayata keçirilməsinə dair konkret tövsiyələr verilmiş və  bu sahədəki fəaliyyətlə bağlı qarşıya çıxan suallar cavablandırıldı.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi