Şərur rayonunda torpaqların təyinatı üzrə istifadəsi və mühafizəsi sahəsində görülən işlər müzakirə olunub

Dekabr ayının 14-də Şərur Rayon İcra Hakimiyyətində torpaqların təyinatı üzrə istifadəsi və mühafizəsi sahəsində görülən işlərin müzakirəsinə həsr olunan tədbir keçirilib.

Torpaq üzərində mülkiyyət hüququnun pozulmasının hüquqi nəticələri ilə əlaqədar Şərur Rayon İcra Hakimiyyətində keçirilən müşavirəni İcra Hakimiyyətinin başçısı  Kamal Cəfərov açıb.

Sonra Şərur rayon prokuroru, ədliyyə müşaviri Rəşad Babayevin məruzəsi dinlənilib. Qeyd olunub ki, dövlət tərəfindən torpaqların mühafizəsi, təyinatı üzrə istifadəsi, qeyri-qanuni istifadə hallarının qarşısının alınması məqsədilə mühafizə zonaları müəyyənləşdirilib. Mühafizə və sanitariya zonaları qoruq torpaqlarının, yaşayış məntəqələrinin, sağlamlaşdırma zonalarının, çayların, bulaqların, su hövzələrinin, avtomobil və dəmir yollarının, elektrik xətlərinin ətrafında yaradılır. Mühafizə zonaları ilə bağlı qanunvericiliyin tələblərinə müvafiq qurumların, fiziki və hüquqi şəxslərin əməl etməsi vacibdir.

Diqqətə çatdırılıb ki, torpaqlardan istifadə ilə bağlı muxtar respublikada dövlət səviyyəsində aparılan işlərə baxmayaraq, vətəndaşların torpağa münasibəti hələ də lazımi səviyyədə deyil. Belə ki, bəzi vətəndaşlar tərəfindən torpaqlardan təyinatı üzrə istifadə edilməməsi, özbaşına tikililərin aparılması, eləcə də torpaqların mühafizə zonalarında qanunsuz tikililərin inşa edilməsi hallarına hələ də rast gəlinir.

Diqqətə çatdırılıb ki, ölkəmizdə torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Ona görə də zəbt edilmiş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

Bildirilib ki, fiziki və hüquqi şəxslər, bələdiyyələr mülkiyyətlərində olan torpaqlardan məqsədli təyinat üzrə istifadə etməli, dövriyyədən əsassız çıxarılmasına yol verməməli, onların mühafizəsi sahəsində qanunla müəyyən edilmiş qaydada tədbirlər görməli, əhali məlumatlandırılmalı, torpağın münbit qatının qorunması və artırılması istiqamətində maarifləndirici tədbirlər həyata keçirilməlidir.

Rəşad Babayev torpaqların zəbt olunması ilə əlaqədar məsuliyyətdən də danışıb. Qeyd edib ki, torpağın mülkiyyətçisinin və ya digər qanuni sahibinin razılığı, yaxud dövlət və bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə torpaq sahəsini özbaşına tutma əməli hesab olunur. Bu zaman həmin şəxs qanunsuz ələ keçirdiyi torpaq sahəsinə faktiki sahiblik etməyə və ya ondan istifadə etməyə başlamış olur. Məsələn, torpaq sahəsinin hüdudlarını müəyyən edən hasar çəkir, orada tikinti və sair təsərrüfat-məişət təyinatlı fəaliyyəti həyata keçirməyə başlayır. Torpaq sahəsini özbaşına dəyişmə, şəxsin öz mülkiyyətində olan torpaq sahəsini başqa şəxsə məxsus torpaq sahəsi ilə onun razılığı olmadan əvəz etməsidir. Qanunvericiliyə müvafiq qaydada şəxsin istifadəsinə ayrılmış torpaq sahəsi əvəzinə başqa torpaq sahəsini ələ keçirmə də torpaq sahəsini özbaşına dəyişmə hesab edilir. Torpaq sahəsini özbaşına becərmə isə hər hansı torpaq sahəsində onun mülkiyyətçisinin və ya başqa qanuni sahibinin icazəsi olmadan bitkilərin əkilməsindən, onlara qulluq edilməsindən və ya onları yetişdirməsindən ibarət fəaliyyətdir. Bütün bunlar cinayət qanunvericiliyinə əsasən, məsuliyyətə səbəb olur. Belə ki, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma, bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd olunan əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə isə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin həmin əməllər təkrar törədildikdə və ya  şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə isə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Diqqətə çatdırılıb ki, torpaq sahələrində qanunsuz tikinti aparılması qanunvericiliklə qadağan olunur. Torpaqları yaxşılaşdırmaq və onları külək, su eroziyasından və torpaqların münbitliyini pisləşdirən digər proseslərdən mühafizə etmək üçün məcburi tədbirlərin görülməməsinə görə fiziki şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Torpağın vəziyyətinə zərərli təsir göstərən obyektlərin layihələndirilməsinə, tikilməsinə və istismara verilməsinə görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Torpaqların dövlət uçotundan, qeydiyyatından gizlədilməsinə və ya kəmiyyətinə və keyfiyyətinə dair məlumatların təhrif edilməsinə görə yetmiş manatdan yüz manatadək məbləğdə cərimə edilir. Torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. Qeyd edilən sonuncu inzibati xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Mülkiyyətdə və ya istifadədə (icarədə) olan torpaqların hüdudlarının, mərz nişanlarının məhv edilməsinə görə yetmiş manatdan doxsan manatadək məbləğdə cərimə edilir. Torpaq sahələrində meteoroloji şəbəkələrin və ölçmə vasitələrinin, geodeziya istinad məntəqələrinin sıradan çıxarılmasına görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə riayət edilmədən torpaqların kateqoriyalarının dəyişdirilməsinə görə fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min üç yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Meliorasiya və irriqasiya sistemlərinin sıradan çıxarılmasına görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Bələdiyyə mülkiyyətində olan torpaqların zəbt olunmasının qarşısını vaxtında almayan bələdiyyələrin vəzifəli şəxsləri isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314-cü maddəsində nəzərdə tutulmuş qaydada səhlənkarlıq əməlinə görə məsuliyyət daşıyırlar. Həmin əməli törətmiş şəxslər isə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz altmış saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar.

Həmçınin vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinin bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya onlara icarəyə verilməsi haqqında qanunsuz qərar qəbul etmə, üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cinayət qanunvericiliyinə əsasən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaları və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini pozmaqla vəzifəli şəxs tərəfindən torpaq sahələrini tikinti üçün ayırma, tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə, yaxud barəsində məlumatlandırma icraatı tətbiq edilən tikililərlə bağlı irad təqdim etməmə, iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaları və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini pozmaqla vəzifəli şəxs tərəfindən magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin, texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarında torpaq sahələri və ya kənd təsərrüfatı təyinatlı torpaq sahələrini ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə, yaxud barəsində məlumatlandırma icraatı tətbiq edilən tikililərlə bağlı irad təqdim etməmə, üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd olununb ki, qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti işlərinin qarşısının alınmaması iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilib.

 

Nахçıvаn Muхtаr Rеspublikаsı Prоkurоrluğunun

Hüquqi təminаt və infоrmаsiyа şöbəsi