Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Azərbaycan xalqının Ümummilli Lideri HEYDƏR ƏLİYEVİN xatirəsi yad edildi

Dekabr ayının 11-də Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi anma mərasimi keçirilib.

 Tədbirdə Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın müdrik rəhbəri Heydər Əliyevin müasir Azərbaycanın tarixindəki rolu, demokratik və hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat verərək vurğuladı ki, Vətənini, xalqını zamanın sərt sınaqlarından çıxaran dahilər tarixin əbədiyyət zirvəsinə ucalırlar. Azərbaycanın şanlı səhifələrlə dolu müstəqillik tarixinin müəllifi, xalqımızın xilaskarı və qurucusu ulu öndər Heydər Əliyev belə dahilərdəndir.

 Azərbaycanın müstəqil dövlət kimi regionda söz sahibi olması görkəmli dövlət xadimi, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə əvəzedilməz xidmətlər göstərmiş dahi Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. O, sağlığında xalqının ümummilli lideri adını qazanan yeganə şəxsiyyətdir. Dahi öndərin şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı üçün Vətənə xidmət nümunəsi, qürur və fəxarət rəmzidir. Ulu öndərin “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır”,-kəlamı onun bütün həyat amalının, işıqlı ideyalarının ifadəsinə çevrilmişdir.

Bu bir həqiqətdir ki, Azərbaycanın inkişaf epoxası və müstəqillik tarixinin əsası 1969-cu ilin 14 iyulunda ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə başlanmışdır. Dahi rəhbər milli şüurda oyanışa, özünəqayıdışa, özünəinama nail olmuş, xalqın milli mənliyini özünə qaytarmış, milli kadr potensialı formalaşdırılmışdır.

Qeyd olundu ki, Ulu öndərimiz 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına  müraciətində bu barədə deyirdi: “Azərbaycanın müasir tarixində 1969-cu ildə dönüş mərhələsinin təməli qoyuldu. Respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji bütün 70-ci illərin bariz əlamətinə çevrildi. 1970-1985-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır... SSRİ dövlətinin dağılması ərəfəsində bir çox mütəxəssislər hansı müttəfiq respublikaların iqtisadiyyatının müstəqillik şəraitində özünü təmin etməyə qadir olduğunu müəyyən etməyə cəhd göstərdilər. Aparılan təhlillər göstərirdi ki, keçmiş SSRİ-də cəmi 2 respublika tam müstəqil olaraq öz iqtisadiyyatını idarə edə bilər. Bu respublikalardan biri məhz Azərbaycan idi”.

Sovet rejiminin kifayət qədər güclü olduğu bir dövrdə milli dəyərlərin və milli şüurun bərpasına xidmət edən tədbirlərin görülməsi, Azərbaycan dili və Azərbaycan tarixi ilə bağlı tədqiqat işlərinin genişləndirilməsi, rus dilinin yeganə rəsmi dil olduğu bir şəraitdə Azərbaycanın 1978-ci il Konstitusiyasına “Azərbaycan SSR-də dövlət dili Azərbaycan dilidir” müddəasının salınması xalqımızın böyük oğlunun misilsiz tarixi xidmətlərindəndir. 1982-ci ildə ümummilli liderimiz SSRİ-də rəhbər vəzifəyə irəli çəkildikdən sonra isə Azərbaycanın hərtərəfli inkişafı ilə yanaşı, xalqımızın dünya arenasında tanıdılması və təbliği istiqamətində görülən işlərin miqyası da genişləndirilmişdir. Bir sözlə, ümummilli lider Heydər Əliyevin hakimiyyətinin birinci dövrü Azərbaycanda ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində möhtəşəm quruculuq dövrü olmuş, müasir Azərbaycan dövlətinin təməl prinsipləri məhz bu dövrdə yaradılmışdır.

Ümummilli lider 1990-cı il iyulun 20-də Bakıya gəldi. İki gün sonra-iyulun 22-də isə doğma Naxçıvana qayıtdı, bu qədim diyardan Azərbaycanın qurtuluş mübarizəsinə rəhbərlik etdi. Ümummilli lider 1990-1993-cü illərdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının erməni təcavüzündən xilası və böhranlı vəziyyətdən çıxarılması üçün ardıcıl tədbirlər gördü. Dahi şəxsiyyətin Naxçıvandan başladığı müstəqillik yolu Azərbaycanın qurtuluş mübarizəsinə çevrildi. Üçrəngli bayrağımız ilk dəfə olaraq 1990-cı il noyabrın 17-də ulu öndərin sədrliyi ilə keçirilən Naxçıvan parlamentində qaldırıldı, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı, SSRİ-nin qorunub saxlanması ilə bağlı keçirilən referendumda Naxçıvan Muxtar Respublikası iştirak etmədi, Azərbaycanda ilk milli ordu quruculuğuna Naxçıvandan başlandı, bir sözlə, müstəqil dövlətçilik yolunda mühüm və əhəmiyyətli addımlar atıldı. Ümummilli liderin siyasi fəaliyyətinin Naxçıvan dövrü dövlətçilik təcrübəsində xalq-lider birliyinin nələrə qadir olduğunu bir daha təsdiq etdi.

1993-cü il iyunun 15-də ulu öndərin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışı Milli Qurtuluş tariximizin əsasını qoydu, ölkəmiz təlatümlər burulğanından xilas oldu, müstəqilliyimiz qorunub saxlandı, vətəndaş müharibəsinin qarşısı alındı, möhkəm ictimai-siyasi sabitlik yaradıldı, Azərbaycan yenidən əsası 1969-cu ildən başlanan inkişaf yoluna qayıtdı. 1993-cü ildən sonra dünyanın aparıcı dövlətləri və şirkətləri qısa zamanda siyasi sabitliyə və dinamik inkişafa nail olmuş Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul etdi, bağlanan beynəlxalq müqavilələr ölkəyə xarici investisiyanı cəlb etməklə iqtisadi tərəqqidə, əhalinin rifah halının yüksəlməsində mühüm rol oynadı. Ölkəmizdə dövlət quruculuğu prosesinə başlandı, güclü ordu yaradıldı, ölkənin demokratik prinsiplərini, insanların siyasi hüquq və azadlıqlarının toxunulmazlığını bəyan edən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul olundu.

Vurğulandı ki, umummilli liderin ideyaları, amalları bu gün də Azərbaycanın yoluna işıq, nur saçır, xalqımızı xoşbəxt gələcəyə aparır. Dünya dövlətləri sırasında layiqli yer tutan Azərbaycanın ulu öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini hazırda ölkə başçısı cənab İlham Əliyev uğurla davam etdirir. Ümummilli liderimizin siyasi kursu Azərbaycan Prezidenti tərəfindən daha da zənginləşdirilərək mükəmməl dövlətçilik fəlsəfəsinə çevrilmişdir. Bu gün böyük dövlət xadimi Heydər Əliyevin parlaq ideyalarının bəhrələri onun şah əsəri olan müstəqil, qüdrətli Azərbaycanın hər yerində, eləcə də doğma Naxçıvanımızda aydın görünür.

Ulu öndərin əbədiyyətə qovuşmasından ötən zaman bu dahi şəxsiyyətin milli dövlətçilik tariximizdəki yerini və rolunu daha dolğun dəyərləndirmək imkanı verir. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr xalqın azadlıq, müstəqillik arzularının gerçəkləşməsi, demokratik hüquqi dövlətin qurulması, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli-mənəvi yüksəlişə nail olunması ilə səciyyələnən mühüm tarixi mərhələdir. Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində mühüm yer tutan Heydər Əliyev epoxasının hər bir mərhələsi müasir tariximizin bütöv bir salnaməsidir.

Vurğulandı ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və ciddi elmi əsaslara söykənən sosial-iqtisadi siyasət strategiyası sonrakı illərdə ulu öndərimizin layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, respublikamız bütün sahələrdə uğurlu inkişaf yoluna çıxmış və bu yolla inamla daha xoş sabahlara doğru irəliləyir.

Sonda əminliklə ifadə olundu ki, Nахçıvаn Muхtаr Rеspublikаsı Prоkurоrluğunun kоllеktivi ümummilli lidеr Hеydər Əliyеvin idеyаlаrınа sаdiq qаlаrаq оnun lаyiqli dаvаmçısıları- Аzərbаycаn Rеspublikаsının Prеzidеnti cənаb İlhаm Əliyеvin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tövsiyyə və tаpşırıqlаrınа müvаfiq оlаrаq bundаn sоnrа dа digər hüquq-mühаfizə оrqаnlаrı ilə əlaqəli şəkildə dövlətçiliyimizin mаrаqlаrını, ölkəmizdə bərqərаr оlmuş dаyаnıqlı ictimаi-siyаsi sаbitliyin qorunması, cinаyətkаrlığa qаrşı mübаrizənin gücləndirilməsi, insаn və vətəndаş huquq və аzаdlıqlаrının еtibаrlı müdаfiəsi üçün səlаhiyyət hədləri dахilində bütün zəruri tədbirləri görəcək, Azərbaycan Rеspublikasının daha da qüdrətlənməsi naminə sədаqətlə хidmət еdəcəkdir.        

Məruzə ətrafındakı çıxışlarda ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının tərəqqisi naminə gürdüyü möhtəşəm işlərdən danışıldı.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi