Torpaqların təyinatı üzrə istifadəsi və mühafizəsi sahəsində görülən işlər müzakirə olunub

Dekabr ayının 11-də Babək Rayon İcra Hakimiyyətində torpaqların təyinatı üzrə istifadəsi və mühafizəsi sahəsində görülən işlərin müzakirəsinə həsr olunan tədbir keçirilib.

 Bununla bağlı keçirilən müşavirəni Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov açıb. Qeyd olunub ki, torpaqlardan istifadəyə nəzarətin gücləndirilməsi, torpaq sahələrinin, xüsusilə də kənd təsərrüfatı torpaqlarının təyinatı üzrə istifadəsi, bu sahədə aşkar edilən qanun pozuntularına qarşı mübarizə aparılması ilə bağlı bu ilin noyabr ayında Babək rayonunun qəsəbə və kəndlərində reyd  yoxlamaları keçirilib.

 İcra başçısı bildirib ki, torpaqlardan istifadə ilə bağlı muxtar respublikada dövlət səviyyəsində aparılan işlərə baxmayaraq, bəzi vətəndaşlar qanunvericiliyi bilərək və ya bilmədən pozur, onlar torpaqlardan istifadə, tikinti aparılması qaydaları, mühafizə zonaları ilə bağlı qadağa və tələblərdən məlumatsız olurlar. Bu şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Diqqətə çatdırılıb ki, torpaqlardan qanunsuz istifadənin qarşısını almaq üçün inzibati tədbirlərlə yanaşı, icra nümayəndələri, polis sahə müvəkkilləri, bələdiyyələr vətəndaşlar arasında geniş maarifləndirmə və izahat işləri də aparmalı, bu sahədə tətbiq olunan qanunvericilik normaları onlara izah olunmalıdır.

 Daha sonra Babək Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Teymur Quliyev və rayon prokuroru, baş ədliyyə müşaviri Əsrafil Əsgərov torpaq üzərində mülkiyyət hüququnun pozulması zamanı qanunvericilikdə nəzərdə tutulan inzibati tədbirlər barədə ətraflı məlumat veriblər.

 Rayon prokuroru, baş ədliyyə müşaviri Əsrafil Əsgərov qeyd edib ki, torpaq daşınmaz əmlakın xüsusi növü kimi tarixin bütün dövrlərində insan həyatı üçün xüsusi əhəmiyyət kəsb etmişdir. Torpaq insanlar üçün yaşayış, yurd yeri və qazanc mənbəyi olmuşdur. Torpağı olmayan xalqın öz müqəddəratını təyin etməsi mümkün deyil. Naxçıvan Muxtar Respublikasında torpaq islahatlarının aparılmasının nəticəsində torpaq ehtiyatlarından istifadənin səmərəliliyini yüksəltməklə yanaşı, həm də əkinçiliyin inkişafına və məhsul bolluğunun yaranmasına səbəb olmuşdur. Muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalını artırmaq üçün bütün mülkiyyət növləri üzrə torpaq fondundan səmərəli və məqsədyönlü istifadə edilməsi qarşıda duran ən ümdə vəzifədir. Ona görə də kənd təsərrüfatının əsas istehsal vasitəsi olan torpağın istifadəsinə və mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Məqsəd torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi sahəsində torpaq qanunvericiliyinin tələblərinə bütün dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin əməl etməsini təmin etməkdən ibarətdir. Bu sahədə dövlət orqanlarının, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin öhdəsinə müəyyən vəzifələr düşür. Deməli, torpaqlardan səmərəli istifadə istiqamətində həyata keçirilən işlər təkcə bugünümüzə deyil, eləcə də gələcəyimizə hesablanmış iqtisadi və sosial siyasətin tərkib hissəsidir.

 Təəssüf ki, torpaqlardan istifadə ilə bağlı muxtar respublikada dövlət səviyyəsində aparılan işlərə baxmayaraq, vətəndaşların torpağa münasibəti hələ də lazımi səviyyədə deyil. Belə ki, bəzi vətəndaşlar tərəfindən torpaqlardan təyinatı üzrə istifadə edilməməsi, özbaşına tikililərin aparılması, eləcə də torpaqların mühafizə zonalarında qanunsuz tikililərin inşa edilməsi hallarına hələ də rast gəlinir. Bəzən vətəndaşlar qanunvericiliyi ya bilərəkdən pozur, ya da onlar torpaqlardan istifadə, tikinti aparılması qaydaları, mühafizə zonaları ilə bağlı qadağa və tələblərdən məlumatsız olurlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bilməlidirlər ki, onlar torpaq sahələrinin özbaşına tutulması, torpaq sahələrində qanunsuz tikinti aparılması, torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsi, torpaqların istehsalat və məişət tullantıları, kimyəvi və radioaktiv maddələrlə, habelə çirkab suları ilə çirkləndirilməsi, torpağın vəziyyətinə zərərli təsir göstərən obyektlərin layihələşdirilməsi, tikilməsi və istismara verilməsi, mülkiyyətdə və istifadədə olan torpaqların hüdudlarının, mərz nişanlarının məhv edilməsi, torpaqların dövlət uçotundan, qeydiyyatından gizlədilməsi, kəmiyyət və keyfiyyətinə dair məlumatların təhrif edilməsi kimi hərəkətlərin törədilməsində qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Qeyd olunan əməllərin törədilməsi torpaqlardan qanuni istifadə, ona sahiblik və onun barəsində sərəncam vermənin qaydalarını pozur, torpaqların təyinatının dəyişməsinə səbəb olur.

 Ölkəmizdə torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Ona görə də zəbt edilmiş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpağın mülkiyyətçisinin və ya digər qanuni sahibinin razılığı, yaxud dövlət və bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə torpaq sahəsini özbaşına tutma əməli hesab olunur. Bu zaman həmin şəxs qanunsuz ələ keçirdiyi torpaq sahəsinə faktiki sahiblik etməyə və ya ondan istifadə etməyə başlamış olur. Məsələn, torpaq sahəsinin hüdudlarını müəyyən edən hasar çəkir, orada tikinti və sair təsərrüfat-məişət təyinatlı fəaliyyəti həyata keçirməyə başlayır. Torpaq sahəsini özbaşına dəyişmə, şəxsin öz mülkiyyətində olan torpaq sahəsini başqa şəxsə məxsus torpaq sahəsi ilə onun razılığı olmadan əvəz etməsidir. Qanunvericiliyə müvafiq qaydada şəxsin istifadəsinə ayrılmış torpaq sahəsi əvəzinə başqa torpaq sahəsini ələ keçirmə də torpaq sahəsini özbaşına dəyişmə hesab edilir. Torpaq sahəsini özbaşına becərmə isə hər hansı torpaq sahəsində onun mülkiyyətçisinin və ya başqa qanuni sahibinin icazəsi olmadan bitkilərin əkilməsindən, onlara qulluq edilməsindən və ya onları yetişdirməsindən ibarət fəaliyyətdir. Bütün bunlar cinayət qanunvericiliyinə əsasən, məsuliyyətə səbəb olur. Belə ki, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma, bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd olunan əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə isə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin həmin əməllər təkrar törədildikdə və ya  şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə isə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 Fiziki və hüquqi şəxslərlə yanaşı, bələdiyyələr də mülkiyyətində olan torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsini təşkil etməli, dövriyyədən əsassız çıxarılmasına yol verməməli, onların mühafizəsi sahəsində qanunla müəyyən edilmiş qaydada tədbirlər görməli, əhalini məlumatlandırmalı, torpağın münbit qatının qorunması və artırılması istiqamətində maarifləndirici tədbirlər həyata keçirməlidirlər. Belə ki, bələdiyyə mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəçiliyin həyata keçirilməsi bələdiyyələrin müstəsna hüququdur. Bələdiyyə mülkiyyətində olan torpaqların zəbt olunmasının qarşısını vaxtında almayan bələdiyyələrin vəzifəli şəxsləri isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314-cü maddəsində nəzərdə tutulmuş qaydada səhlənkarlıq əməlinə görə məsuliyyət daşıyırlar. Həmin əməli törətmiş şəxslər isə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz altmış saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar.

 Həmçınin vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinin bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya onlara icarəyə verilməsi haqqında qanunsuz qərar qəbul etmə, üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan və özgəninkiləşdirilməsi qanunla qadağan edilən torpaq sahələrinin bələdiyyə mülkiyyətinə və ya xüsusi mülkiyyətə verilməsi haqqında qərar qəbul etmə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 Cinayət qanunvericiliyinə əsasən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaları və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini pozmaqla vəzifəli şəxs tərəfindən torpaq sahələrini tikinti üçün ayırma, tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə, yaxud barəsində məlumatlandırma icraatı tətbiq edilən tikililərlə bağlı irad təqdim etməmə, iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 Həyat və ruzi mənbəyi olan torpaqlardan səmərəli istifadə olunması, onların qorunması hər birimizin vətəndaşlıq borcudur. Bu gün ölkəmizdə, eləcə də muxtar respublikada bu istiqamətdə lazımi tədbirlər görülür. Xüsusilə əkinçiliyin inkişafı üçün dövlət proqramlarının qəbul olunması, torpaq mülkiyyətçilərinə maliyyə dəstəyinin göstərilməsi, güzəştli kreditlərin verilməsi, aqrolizinq xidmətinin təşkili torpaqlardan səmərəli istifadə və bol məhsul istehsalı üçün zəmin yaradır. Hər bir torpaq mülkiyyətçisi yaradılan şəraitdən düzgün bəhrələnməli, ölkəmizin tükənməz sərvəti olan torpaqlardan məqsədyönlü istifadə edərək həm öz güzəranını yaxşılaşdırmalı, həm də iqtisadi inkişafa öz töhfəsini verməlidir. Unutmamalıyıq ki, torpaqlardan təyinatına uyğun istifadə gələcək nəsillərin rahat yaşayışı üçün vacib şərtdir.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi