Culfa rayon prokurorluğu tərəfindən yerlərdə maarifləndirici tədbirlər davam etdirilir

Culfa rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Ləkətağ, Boyəhməd kəndlərində «Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən valideynlərin hüquq və vəzifələri», «Ayrı-ayrı inzibati xətalara görə məsuliyyətin əsasları», həmçinin «Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar»  mövzularına həsr olunmuş tədbirlər keçirilib.

Maarifləndirici tədbirdə Culfa rayon prokuroru, kiçik ədliyyə müşaviri Qalib İsmayılov, rayon prokurorluğunun əməkdaşları Elvin Hüseynov və İbrahim Hüseynov çıxış etmişlər.

Bildirilib ki, öz valideynlik vəzifəsini yerinə yetirmədikdə, alimenti qəsdən ödəmədikdə, heç bir üzrlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə, valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə, xroniki alkoqol və narkomaniya xəstəsidirsə, uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə valideyn valideynlik hüquqlarından məhrum edilir. Valideynlik hüquqlarından məhrumətmə məhkəmə qaydasında həll edilir.

 Qeyd olunub ki, Azərbaycan Respublikası inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

Həmçinin vurğulanıb ki, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qərarına əsasən, hər il iyunun 5-i “Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü” kimi qeyd olunur. Azərbaycan Respublikası Konstitusiyasında da sağlam ətraf mühitdə yaşamaq vətəndaşların hüququ, ətraf mühitin qorunması isə vətəndaşların vəzifəsi kimi təsbit edilib. Belə ki, Əsas Qanunumuzun 39-cu maddəsinə əsasən hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır, həmçinin heç kəs ətraf mühitdə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz.

Sonda tədbir iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilərək verilmiş çoxsaylı sualları cavablandırılmışdır.

 

Nахçıvаn Muхtаr Rеspublikаsı Prоkurоrluğunun

Hüquqi təminat və informasiya şöbəsi