Sədərək rayon prokurorluğu tərəfindən maarifləndirici tədbir keçirilib

    Sədərək kənd icra nümayəndəliyində rayon prokurorluğunun və polis şöbəsinin birgə təşkilatçılığı ilə noyabr ayının 16-da “Təbii qaz, su, elektrik və istilik enerjisindən istifadənin pozulmasına görə yaranan cinayət və inzibati məsuliyyət” mövzusunda tədbir keçirilib.

     Tədbirdə rayon prokurorluğunun müstəntiqi Elvin Zeynalov çıxış edərək bildirib ki, qış fəslinin daxil olması ilə əlaqədar əhali isinmək üçün qaz, elektrik və istilik cihazlarından daha çox istifadə edir. Amma bəzən insanlar qaz, elektrik və istilik təsərrüfatında istifadə qaydalarının tələblərinə düzgün riayət etmirlər, nəticədə qanunvericiliyin tələbləri pozulur, həm insanların həyat və sağlamlığına, həm də dövlətə, cəmiyyətə maddi ziyan yetirilir.

      Vurğulanıb ki, vətəndaşların bu mövzuda hüquqi baxımdan maariflənmələrinə nail olmaları önəmli məsələdir. Sadəcə vətəndaş məsuliyyəti hiss edərək mümkün qədər bu maarifləndirmələrdən səmərəli şəkildə xəbərdar olmaq səyləri göstərmək lazımdır. Bu zaman ictmai həyatın hər bir sahəsində olduğu kimi, bu sahədə də dövlətin tətbiq edəcəyi cərimə və cəzadan xəbərdar olan vətəndaş qanun pozuntusuna yol verməkdən mümkün qədər uzaq olur.

    Tədbirdə vətəndaşlarımızın təbii qaz, elektrik və istilik enerjisindən istifadə zamanı Azərbaycan Respublikası qanunlarının pozulmasına görə yaranan məsuliyyət növlərindən də danışıldı.

            Sonda vətəndaşları maraqlandıran suallar cavablandırılıb.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi