Culfa rayon prokurorluğu tərəfindən maarifləndirici görüşlər keçirilib

   Culfa rayon prokurorluğunun təşkilatçılığı ilə oktyabr ayının 26-da rayonun Dizə, Gal və Şurud kəndlərində “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror nəzarəti və inzibati xətaların aşkar edilməsi sahəsində yerli icra nümayəndələrinin vəzifələri», həmçinin «Ayrı-ayrı inzibati xətalara görə məsuliyyətin əsasları» və «Torpaq üzərində mülkiyyət hüququnu pozan şəxslər cinayət və inzibati məsuliyyətə cəlb olunacaqlar» mövzularında maarifləndirici tədbirlər keçirilib.

Keçirilmiş görüşlərdə rayon prokuroru, kiçik ədliyyə müşaviri Qalib İsmayılov çıxış edərək bildiurmişdir ki, Azərbaycan Respublikası inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

Prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir.

Tədbirlərdə rayon prokurorluğunun böyük müstəntiqi II dərəcəli hüquqşünas Afət Kərimli bu gün üçün aktual olan inzibati xətalar haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir.

Rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajoru Elvin Hüseynov torpaq sahələrinin özbaşına tutulması (zəbt edilməsi), qanunsuz tikililər aparılmasına, torpaq sahələrinin dəyişdirilməsi ilə bağlı bütün hüquqi məsələlər barədə danışmışdır.

Sonda tədbir iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilmişdir.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi