Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları Naxçıvan Dövlət Tarix Muzeyində olmuşlar

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları oktyabr ayının 27-də Naxçıvan Dövlət Tarix Muzeyində olmuşlar.                                                                          
   Muzeyə tanışlıq zamanı qeyd olunub ki, Naxçıvan Dövlət Tarix Muzeyi 1924-cü ildə tarix-etnoqrafiya muzeyi kimi yaradılmışdır. Sonrakı illərdə Tarix-Ölkəşünaslıq Muzeyi adlandırılmış, 1968-ci ildən indiki adını daşıyır.
Naxçıvanın zəngin, qədim tarixi  ilə bağlı 48 mindən çox eksponat  Naxçıvan Dövlət Tarix Muzeyində qorunub saxlanılır. Ekspozisiya, əsasən,4-qədim, orta əsrlər, müasir dövr və yeni dövrü  əhatə edir. Muzey 10 şöbədən ibarətdir. Burada müxtəlif çeşidli əmək alətləri,  Paleolit və Neolit dövrlərinin əşyaları, dən daşları, obsidiandan lövhələr, daş çəkiclər, sümük bizlər, Naxçıvan Muxtar Respublikası ərazisində aşkar olunan mis və gümüş pullar, orta əsrlərin məşhur memarlarından olmuş Əcəmi Əbubəkr oğlu Naxçıvaninin inşa etdiyi möhtəşəm Möminə xatın, Yusif Küseyir oğlu türbələrinə və başqa memarlıq abidələrinə dair şəkilli materiallar, dekorativ tətbiqi sənətə aid xalçaçılıq, zərgərlik,  misgərlik, dulusçuluq və nəqqaşlıq nümunələri, xalq ustalarının gözəl əl işləri sərgilənir.
Qeyd olunmuşdur ki, Naxçıvan Dövlət Tarix Muzeyi ilə yanaşı muxtar respublikada 6 regional tarix-diyarşünaslıq muzeyi də fəaliyyət göstərir. Bu muzeylər, ərazisində yerləşdikləri rayonların ən qədim zamanlardan müasir dövrümüzədək tarix və mədəniyyətlərini əks etdirərək milli və tarixi yaddaşın qorunmasında və formalaşmasında mühüm əhəmiyyətə malikdirlər.


Naxçıvan Muxtar Respublikası Prokurorluğunun
Hüquqi təminat və informasiya şöbəsi