Ordubad rayon prokurorluğunda seminar keçirilmişdir

Prokurorluq orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılmasının, bu sahədə vəzifələrin daha dəqiq və ardıcıl surətdə yerinə yetirilməsinin, habelə effektiv nəzarət mexanizminin yaradılmasının təmin edilməsi məqsədilə, Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən “Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması haqqında” 01.11.2010-cu il tarixli 10/100 №-li əmr təsdiq olunmuşdur.

Qeyd olunmuşdur ki, əmrin tələbinə əsasən Prokurorluqda müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin təşkili zamanı müasir informasiya texnologiyalarından geniş və səmərəli istifadə edilməlidir.  Vətəndaşların prokurorluq orqanlarına müraciət etməsi və qəbul olunmasının, müraciətlərin verilməsi və onlara baxılması qaydaları barədə tam və müfəssəl məlumatlandırılmasının təmin edilməsi məqsədilə bütün tabe prokurorluqların inzibati binalarında (qəbul otaqlarında və ya vətəndaşlar üçün münasib olan digər yerlərdə) ərizə və şikayətlər üçün qutuların, vətəndaşların prokurorluqda qəbulu barədə qrafiklərin (tabe prokurorluqlarda, həmçinin, vətəndaşların Baş Prokurorluğun rəhbərliyi tərəfindən qəbulu barədə qrafiklərin, rayon (şəhər) və ərazi hərbi prokurorluqlarında isə bundan əlavə olaraq yerlərdə keçirilən qəbulların və vətəndaşların müvafiq yuxarı prokurorluqların rəhbərliyi tərəfindən qəbulu qrafiklərinin), Baş Prokurorluğun, habelə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “Qaynar xətt” əlaqə mərkəzlərinin fəaliyyətinə dair zəruri məlumatların, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu əmrin 1, 2, 13, 15, 32, 41, 41-1, 42, 45, 51 və 53-cü bəndləri, 55-ci bəndinin birinci hissəsi, 61, 62, 62-1, 63 və 64-cü bəndlərinin mətnlərinin yerləşdirilməsi təmin edilməlidir.
Tabe prokurorluqlarda vətəndaşların müəyyən olunmuş qrafiklər üzrə qəbulu təmin edilməli, Qrafiklər hər təqvim ilinin əvvəlində prokurorluq orqanlarının rəhbərləri tərəfindən təsdiq olunmalıdır. Rayon (şəhər) prokurorları həftədə iki dəfədən az olmayaraq vətəndaşları şəxsən qəbul etməli, vətəndaşların müraciətləri ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsi tələb edildikdə, onların dərhal qəbul edilməsi təmin edilməlidir. Prokurorluq orqanlarının rəhbərləri, onların müavinləri, müvafiq idarə (şöbə) rəisləri və idarə (şöbə) rəislərinin müavinləri şəxsi qəbuldan daxil olmuş müraciətləri nəzarətə götürməklə həmin müraciətlərin vaxtında qanuni həll olunmasını və bu barədə onların müəlliflərinə ətraflı cavabların verilməsini təmin etməlidirlər.

Seminarda müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin düzgün təşkili və həyata keçirilməsi, təkrar müraciətlərə baxılması proseduru və təcrübədə yaranan problemlər müzakirə edilib, tabe prokurorluqların fəaliyyətində daha tez rastlanan nöqsan və çatışmazlıqlar təhlil edilib.

Sonra bu sahədə işin düzgün təşkilinə və hayata keçirilməsinə dair konkret tövsiyələr verilmiş və  bu sahədəki fəaliyyətlə bağlı qarşıya çıxan suallar cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun
Hüquqi təminat və informasiya şöbəsi