Culfa rayon prokurorluğunda seminar keçirilmişdir

May ayının 4-də Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və informasiya şöbəsinin təşkilatçılığı ilə Culfa və Ordubad rayon prokurorluqları əməkdaşlarının iştirakı ilə Ordubad rayonprokurorluğunda “Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi (Ədalətli məhkəmə araşdırması hüququ)” mövzusunda seminar keçirilmişdir.

Tədbirdə qeyd olunmuşdur ki, Konvensiyada qeyd olunmuş hüquqlardan biri də 6-cı maddədə öz əksini tapmış ədalətli məhkəmə araşdırması hüququdur.

 Belə ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Cinayət törətməkdə ittiham olunan hər kəsin onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edildiyi qeyd olunmuşdur.

Cinayət törətməkdə ittiham olunan hər kəs, qeyd olunan  hüquqlara malikdir: ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq, öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq, şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək, onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlərin çağırması və dindirməsi hüququna malik olmaq, məhkəmədə istifadə olunan dili başa düşmürsə və ya bu dildə danışa bilmirsə, tərcüməçinin pulsuz köməyindən istifadə etmək.

Qeyd olunmuşdur ki, ölkə Konstitusiyasının 148-ci məddəsində Azərbaycan Respublikasının tərəfdar cıxdığı beynəlxalq müqavilələrin Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi olduğu təsbit olunmuşdur. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində qanunçuluq, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi, Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması, azadlıq hüququnun təmin edilməsi, şəxsiyyətin toxunulmazlığı hüququnun təmin edilməsi, mülkiyyət hüququnun təmin edilməsi, hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi, özünü və qohumlarını ifşa etməkdə sərbəstlik, təqsirsizlik prezumpsiyası, məhkəmə baxışını tələb etmək hüququnun təmin olunması, cinayət mühakimə icraatının yalnız məhkəmə tərəfindən həyata keçirilməsi, cinayət mühakimə icraatının yalnız məhkəmə tərəfindən həyata keçirilməsi, cinayət mühakimə icraatının aşkarlığı, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, eyni əmələ görə təkrar məhkum etmənin yolverilməzliyi, məhkəməyə təkrar müraciət etmək və digər hüquqlar təsbit olunmuşdur.

Prokurorluq orqanlarında ədalətli məhkəmə apaşdırması hüququnun təmin edilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilir. 

Sonra seminarda qarşıya çıxan suallar cavablandırılmış və “Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi üzrə Təlimat”ın öyrənilməsi tövsiyə edilmişdir.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi