K O N F R A N S

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İstanbul şəhərində işgüzar səfərdədir.

Mayın 4-də nümayəndə heyəti tərəfindən Ulu Öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün Sarıyerdəki abidələri ziyarət edilərək, əziz xatirələri ehtiramla yad edilib.

Beynəlxalq konfransın bağlanış sessiyasında yekun nitqi ilə çıxış edən Baş prokuror Türkiyə tərəfinə yüksək qonaqpərvərliyə və peşəkar təşkilatçılığa görə təşəkkürünü ifadə edərək, 21-ci əsrdə rəqəmsal cinayətkarlıqla mübarizədə prokurorların beynəlxalq əməkdaşlığının vacib rolunu bir daha qeyd edib.

Elə həmin gün Kamran Əliyev türkiyəli həmkarı Bekir Şahinlə ikitərəfli görüş keçirib. Görüşdə 2021-ci ilin noyabrın 1-də Bakıda təsis edilmiş Türk Dövlətləri Təşkilatına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ikinci iclasının cari ilin noyabr ayında Ankara şəhərində təşkil olunması ilə əlaqədar fikir mübadiləsi aparılıb.

Həmçinin, İstanbul şəhər Baş prokuroru Şaban Yılmazla keçirilən görüşdə cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Bundan başqa, nümayəndə heyətimiz Səudiyyə Ərəbistanı, Mərakeş, Tayland, Gürcüstan, Bəhreyn, Avstriya, Bolqarıstan və digər xarici həmkarları və beynəxalq təşkilatların nümayəndələri ilə görüşərək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Səfər çərçivəsində “Baykar” zavodunu ziyarət edən Baş prokuror şirkətin rəhbəri Səlcuq Bayraktarla görüşüb. Kamran Əliyev Azərbaycan Prezidenti, Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsi zamanı düşmən texnikasının məhv edilməsində şirkətin istehsal etdiyi məhsulların xüsusi rolunu vurğulayaraq Türkiyənin müdafiə sənayesinin çox böyük nailiyyətlər əldə etdiyini qeyd edib.

Prokurorların İstanbul Konfransı nümayəndə heyətinin Türkiyə Respublikasına işgüzar səfəri başa çatıb. 

  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğu