T Ə D B İ R

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Açıq qapı” günü keçirilib. Tədbirdə Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə IV kurs tələbələri iştirak ediblər.

Əvvəlcə tələbələr buradakı kitabxana ilə tanış olub, prokurorluq orqanlarında müraciətlərin baxılması qaydaları haqqında məlumatlar alıblar. Sonra onlara prokurorluğun kriminalistik avtomaşının iş prinsipi izah olunub, cinayət işinin istintaqı zamanı aparılan istintaq hərəkətləri, o cümlədən cinayət işinin başlanması, təqsirləndirilən şəxs qismində cəlbetmə, ittihamı elanetmə qaydaları, dindirmə və üzləşdirmə məsələləri, ittihamın müdafiəsi, istintaq hərəkətlərinin sənədləşdirilməsi haqqında danışılıb, mövzu ilə bağlı slaydlar nümayiş etdirilib.

Prokurorluğun iclas zalında keçirilən tədbirdə çıxışlardan əvvəl Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Təşkilat və İcraya nəzarət şöbəsinin rəisi, baş ədliyyə müşaviri Pərviz Zülfüqarov açaraq bildirib ki, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Azərbaycanın bütün bölgələrində, müstəqil Azərbaycan Respublikasının memarı, dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü geniş qeyd edilir. Həmin tədbirlər Ulu Öndərimizin əziz və unudulmaz xatirəsinə dərin hörmətin bariz nümunəsidir. Bu gün Naxçıvan Muxtar Respublikası Prokurorluğunda “Açıq qapı” gününün keçirilməsində də məqsəd Ümummilli Lider Heydər Əliyevin siyasi irsi barədə tədbir iştirakçılarını məlumatlandırmaq, onları prokurorluğun fəaliyyət istiqamətləri ilə tanış etməkdən ibarətdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası prokurorunun köməkçisi, ədliyyə müşaviri İsfəndiyar Qasımov prokurorluq orqanlarının dövlət təsisatları sistemindəki yeri və prokurorluqda həyata keçirilən islahatlarla bağlı çıxış edib. Prokurorluğun şöbə prokuroru, kiçik ədliyyə müşaviri Qumral Yusifova prokurorluq orqanlarına Ulu Öndər Heydər Əliyevin göstərdiyi qayğıdan danışıb.

Prokurorluğun şöbə prokuroru, kiçik ədliyyə müşaviri Taryel İsmayılov ittihamın müdafiəsi haqqında qanunvericilikdə nəzərdə tutulmuş prosedurlar haqqında iştirakçılara məlumat verib. Sonda Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov müəllifi olduğu “Qanunçuluq və hüquq düşüncəsi” adlı kitabını tələbələrə hədiyyə edib.

 

 

 

 

 

 

 

  "Şərq" qapısı