S E M İ N A R

“İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror nəzarəti” mövzusunda seminar

Dünən Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə keçirilən seminarda muxtar respublikada inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan müvafiq dövlət orqanlarının əməkdaşları iştirak ediblər.

Seminarı giriş sözü ilə açan prokurorluğun şöbə rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri, inzibati məsuliyyətin əsasları, inzibati xətalar qanunvericiliyinin prinsipləri, inzibati xəta və inzibati məsuliyyət barədə məlumat verib.

Bildirilib ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhali arasında sanitar-epidemioloji vəziyyətin sabitliyini, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnsan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar.

Prokurorluğun cinayət təqibindən kənar icraatlar şöbəsinin rəisi, baş ədliyyə müşaviri Anar Məmmədov çıxışında Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən səlahiyyətli orqanlar tərəfindən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin tələblərinə düzgün əməl edilməsinin vacibliyini vurğulayaraq qeyd edib ki, inzibati xətanın əlamətləri aşkar olunarsa, bu barədə inzibati protokol tərtib edilməli və qanunauyğun olaraq tənbeh verilməlidir. Prokuror tərtib olunmuş inzibati protokolların qanunauyğun tərtib olunmasını yoxlayır, qanun pozuntuları aşkar edildikdə gələcəkdə bu kimi halların baş vermə - məsi və vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması üçün təqdimat verir. Buna görə də inzibati protokollar tərtib olunan zaman qanunvericilikdə nəzərdə tutulan prosessual müddətlərə ciddi əməl olunmalı, inzibati protokollar vaxtında tərtib olunmalıdır ki, inzibati qanunvericiliyin tələbləri pozulmasın.

Sonra mövzu ilə bağlı geniş müzakirələr aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

"Şərq" qapısı