Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları Qarabağlar Türbə Kompleksində olmuşlar

    Milli mədəniyyətimizin zəngin keçmişini özündə əks etdirən nümunələrdən biri də tarixi abidələrimizdir. Tarixi abidələr yerləşdiyi ərazinin möhürü, tarixi keçmişini təsdiq edən pasportudur. Qədim Naxçıvan da məhz çoxsaylı abidələri ilə xalqımızın milli mədəniyyətinin yaranması və formalaşmasına təsir edən zəngin diyardır. Bu diyarın köksündəki yüzlərlə abidə dünənimizdən bu günümüzə uzanan yolda bu zənginliyin təqdimatçılarıdır. Elə bu yazıda söhbət açacağımız Qarabağlar türbəsi də maddi-mədəni irsimizlə yanaşı, həm də dövlətçilik tariximizi özündə yaşadan abidələrdəndir. 

  Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun əməkdaşları da Muxtar Respublikada keçirilən "Muzey günləri"ndə yaxından iştirak edirlər. Prokurorluq əməkdaşları avqust iyul 31-də Qarabağlar Türbə Kompleksində olmuşlar.

       Komplekslə tanışlıq zamanı bələdçi tərəfindən məlumat verildi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında" 2016-cı il 4 iyul tarixli Sərəncamına uyğun olaraq Kəngərli rayonunun Qarabağlar kəndindəki türk-İslam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksində bərpa işləri iki il davam etmişdir. Abidə üzərində bərpa işləri elmi və tarixi əsaslarla aparılmışdır. Qarabağlar Türbə Kompleksi qoşa minarə və onları birləşdirən baştağ, xanəgah və türbədən ibarətdir. Kompleksin əsasını türbə təşkil edir. Bu türbə qülləvarı xatirə tikintilərinə aiddir və on iki yarımsilindrin birləşməsindən ibarətdir. Diametri 10 metrə yaxın olan, hazırkı vəziyyətdə hündürlüyü 16 metrə çatan Qarabağlar türbəsinin 4 baştağı vardır. Baştağlarının dördünün də baş tərəfində müqəddəs “Qurani-Kərim”in “əl-Mumin” surəsindən 16-cı ayənin son hissəsi yazılmışdır.      

       Məlumat verildi ki, bu gün türbə kompleksinə gələn ziyarətçilərin ən çox diqqətini çəkən məqamlardan biri də onun xanəgah hissəsində sərgilənən eksponatlardır. Burada məişətimizə aid müxtəlif əşyalar, o cümlədən ərazidə aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri qoyulmuşdur. Eksponatlar içərisində saxsı və mis qablar, daş dəstər və həvəngdəstələr, həmçinin toxuculuq nümunələri Qarabağların zəngin mədəni irsə malik yurd yeri olduğunu göstərir. Eyni zamanda buradakı ekspozisiyada Qarabağlar Türbə Kompleksinin bərpadan əvvəl və sonra çəkilmiş fotoşəkilləri, kətan üzərində yağlı boya ilə işlənmiş “Qarabağlar türbəsi” rəsmləri, Naxçıvanın tarixi və kompleks haqqında məlumatları özündə əks etdirən kitablar nümayiş etdirilir.

      Qarabağlar Türbə Kompleksi Əcəmi Naxçıvani memarlıq məktəbinin davamı, görkəmli memar Əhməd Naxçıvani yaradıcılığının nümunəsi, dövlətçilik irsimiz və mədəni sərvətimizdir.

      Sonda əməkdaşları maraqlandıran suallar kompleks bələdçisi tərəfindən cavablandırıldı.

 

 Naxçıvan  Muxtar  Respublikası Prokurorluğu