Naxçıvan Muxtar Respublikası Prokurorluğunda maarifləndirici tədbir keçirilib

May ayının 24-də Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin birgə tədbirlər planına uyğun olaraq mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı maarifləndirici tədbir keçirilib.

Tədbirin əsas məqsədi Naxçıvan Muxtar Respublikası Prokurorluğunda mülki müdafiə işinin müasir tələblər səviyyəsində təşkilinə nail olmaq, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, fövqəladə hallar zamanı davranış və fəaliyyət qaydaları haqqında iştirakçılara məlumat vermək olmuşdur.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşı Pərviz Zülfüqarov bu cür maarifləndirmə tədbirlərinin mütəmadi keçirilməsinin əhəmiyyətini və vacibliyini vurğulamış, və cari il ərzində mülki müdafiə sahəsində görülən işlər barədə məlumat vermişdir.

Daha sonra Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Dövlət Yanğın Nəzarəti Bölməsinin baş inspektoru daxili xidmət mayoru Sərxan Məmmədov yanğın, yanğına səbəb olan amillər, ilkin yanğınsöndürmə vasitələri haqqında məlumat verib.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin baş məsləhətçisi, dövlət qulluqçusu Əbülfəz Qafarov radioaktiv zəhərlənmələr, fərdi mühafizə vasitələrinin təyinatı, istifadə qaydaları və istismar şəraiti haqqında iştirakçılara məlumat verib.

Sonda tədbir iştirakçıların verdiyi suallar cavablandırılmış, mövzulara aid video-çarxlar, videolar təqdim edilmişdir.   

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Mətbuat xidməti