Naxçıvan şəhidini ehtiramla qarşılayıb

 

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Biz müstəqil dövlətik. Müstəqil dövlətin özünəməxsus qüdrəti olmalıdır. Bu qüdrətin əsasını xalq və onun bir hissəsi olan ordu təşkil edir”. O ordu güclüdür ki, onun vətənpərvər və peşəkar şəxsi heyəti vardır. Bu gün ölkəmizdə, eləcə də onun Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür. Azərbaycan Ordusu ən müasir silah və texnikaya, yüksək döyüş qabiliyyətinə və vətənpərvər şəxsi heyətə malikdir. Elə bunun nəticəsidir ki, ordumuz düşmən təxribatının qarşısını almaq məqsədilə başladığı Vətən müharibəsində tarixi qələbə qazandı.

Bu müharibədə Naxçıvandan olan igid oğullarımız əsl vətənpərvərlik nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalmışlar.

Dekabrın 22-də Naxçıvan Beynəlxalq Hava Limanında şəhidimizin qarşılanma mərasimi olmuşdur.Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir.

Dövlət və hökumət nümayəndələri, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri və şəhidin ailə üzvləri tədbirdə iştirak etmişlər.

Şəhid olan hərbi qulluqçumuz Həmzəyev Mərhəməd Rizvan oğlunun üçrəngli bayrağımıza bükülmüş cənazəsi hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirildi.
Şəhidimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Ali Məclisin Sədri şəhidimizin xatirəsinə ehtiramını bildirdi.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açıldı.

Sonra “Qurani-Kərim”dən ayələr oxundu, şəhid cənazəsinin önündən keçildi.

Şəhidin cənazəsi doğulduğu kəndə yola salındı.

Ali Məclisin Sədri şəhidin ailə üzvləri ilə görüşdü, onlara başsağlığı verdi.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti