Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Dekabrın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşmüşdür.

Qonağı salamlayan Ali Məclisin Sədri Seyid Abbas Musəvini ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik etmişdir. Ali Məclisin Sədri Azərbaycan-İran əlaqələrindən, eləcə də Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasındakı əməkdaşlıqdan bəhs etmiş, ikitərəfli münasibətlərin perspektivlərini diqqətə çatdırmışdır.

Seyid Abbas Musəvi Ali Məclisin Sədri ilə görüşdən və Naxçıvana səfərindən böyük məmnunluq duyduğunu bildirmişdir. Azərbaycan Respublikasının şanlı qələbəsi münasibətilə Ali Məclisin Sədrinə təbriklərini çatdıran səfir İranın Azərbaycana dəstək verdiyini və xalqımızın sevincinə şərik olduğunu vurğulamışdır.

Söhbət zamanı qarşılıqlı maraqdoğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Seyid Əhməd Hüseyni görüşdə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti