Vətən, millət yolunda canından keçənlər unudulmur

Ümummilli liderimiz Heydər Əliyev demişdir: "Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və bu nailiyyəti - dövlət müstəqilliyimizi biz daim qoruyub saxlayacağıq". Azərbaycan xalqının ölkə başçısı cənab İlham Əliyevin və ordumuzun ətrafında sıx birləşərək ərazi bütövlüyümüz uğrunda mübarizəsi müstəqilliyimizin əbədi və sarsılmaz olduğunu bir daha təsdiq etdi. Vətən müharibəsində tarixi qələbənin qazanılmasında mərd oğullarımızın göstərdiyi şücaət müstəqilliyin xalqımız üçün ən qiymətli nailiyyət olduğunu dünyaya nümayiş etdirdi. Vətənpərvərliyin ən ali məqamına çatan Naxçıvan oğulları da döyüşlərdə əsl qəhrəmanlıq göstəriblər. 

Noyabrın 30-da Naxçıvan Beynəlxalq Hava Limanında şəhidlərimizin qarşılanma mərasimi olmuşdur. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir. 

Dövlət və hökumət nümayəndələri, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabiti və şəhidlərin ailə üzvləri tədbirdə iştirak etmişlər. 

Şəhid olan hərbi qulluqçularımız Nuruyev Cavid Əşirəf oğlunun, Hacıyev Şükür Bayram oğlunun, Vəlizadə İbrahim Malik oğlunun və Əlizadə Fuad Nazim oğlunun üçrəngli bayrağımıza bükülmüş cənazələri hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirildi. 

Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

Ali Məclisin Sədri şəhidlərin xatirəsinə ehtiramını bildirdi. 

Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açıldı. 

Sonra "Qurani-Kərim"dən ayələr oxundu, şəhid cənazələrinin önündən keçildi. 

Şəhidlərin cənazələri doğulduqları şəhər və kəndlərə yola salındı. 

Ali Məclisin Sədri şəhidlərin ailə üzvləri ilə görüşərək onlara başsağlığı verdi. 

 

 

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti