Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yaralı hərbçilərlə görüşüb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: "İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaqdır. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir... Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq".

Muxtar respublikada Vətən müharibəsində iştirak edən və yaralanan hərbçilərin müalicəsinə xüsusi diqqət yetirilir.Noyabrın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Vətən müharibəsində yaralanan və Naxçıvan Qarnizonunun Hərbi Hospitalında müalicələrini davam etdirən hərbçilərlə görüşmüşdür.

Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport vermişdir.

Ali Məclisin Sədri hospitalın ayrı-ayrı bölmələrində müalicə olunan hərbçilərin səhhəti və qidalanması ilə maraqlanmış, onlarla söhbət etmişdir.

Ali Məclisin Sədri Hərbi Hospitalın kollektivi ilə görüşərək demişdir: Vətən müharibəsində yaralanan hərbi qulluqçuların sağlamlıqlarının bərpası və xidmətə qaytarılması əsas məsələdir. Müalicənin effektli olmasında yüksək əhval-ruhiyyə mühüm şərtdir. Ona görə də hospitalda müalicə olunan hərbçilərlə fərdi şəkildə söhbət aparılmalı, sağalmalarına inam yaradılmalıdır. Həmçinin Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin imkanlarından da istifadə olunmaqla yaralı hərbçilərin müalicələrinə köməklik göstərilməlidir.

Ali Məclisin Sədri Hərbi Hospitalda tibbi xidmətin yaxşı səviyyədə təşkil olunmasına görə kollektivə təşəkkür etmişdir.
Hospitalda müalicə alan əsgərlərə və yaralılara hədiyyələr paylanmış, gətirilmiş ərzaq məhsulları mətbəxə təhvil verilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti