Naxçıvanda şəhidlərin qarşılanma mərasimi olub

Hər bir ordunun gücü onun şəxsi heyətinin vətənpərvərliyində və birliyindədir. Vətənpərvərlik, birlik həm də ölkənin müstəqilliyinin təminatıdır. Bu gün Azərbaycanda dövlət-xalq-ordu birliyi vardır. Ümummilli liderimiz Heydər Əliyevin də dediyi kimi: “Xalq ilə Azərbaycan Prezidentinin birliyi, həmrəyliyi dövlət müstəqilliyimizin bu gün də, gələcəkdə də əsasını təşkil edir”. Azərbaycan xalqının ölkə başçısı cənab İlham Əliyevin və ordumuzun ətrafında sıx birləşərək tarixi qələbə qazanması bunu bir daha təsdiq etdi. Vətənpərvərliyin ən ali məqamına çatan Naxçıvan oğulları da döyüşlərdə əsl qəhrəmanlıq göstəriblər. Vətən, millət uğrunda canından keçən qəhrəmanlarımız əbədi həyata - şəhidlik zirvəsinə yüksəliblər.

Noyabrın 22-də Naxçıvan Beynəlxalq Hava Limanında şəhidlərimizin qarşılanma mərasimi olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir.

Dövlət və hökumət nümayəndələri, şəhidlərin ailə üzvləri də tədbirdə iştirak etmişlər.

Şəhid olan hərbi qulluqçularımız İsgəndərov Niyaməddin Qulu oğlunun, Möhsümov Elmar Rövşən oğlunun və Hüseynov Mətin Ramiz oğlunun üçrəngli bayrağımıza bükülmüş cənazələri hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirildi.

Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Ali Məclisin Sədri şəhidlərin xatirəsinə ehtiramını bildirdi.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açıldı.

Sonra “Qurani-Kərim”dən ayələr oxundu, şəhid cənazələrinin önündən keçildi.

Şəhidlərin cənazələri doğulduqları kəndlərə yola salındı.

Ali Məclisin Sədri şəhidlərin ailə üzvləri ilə görüşərək onlara başsağlığı verdi.

Azərbaycan xalqı yenilməz və mübariz xalq olduğunu şəhidlik zirvəsinə ucalan övladlarının qəhrəmanlıqları ilə bir daha təsdiqlədi. Xalqımız belə qəhrəmanları həmişə qəlbində yaşadır. Çünki torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edənlərin ömür yolu Vətənə sədaqət rəmzidir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti