Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanmışdır

Oktyabrın 31-də Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov çıxış edərək demişdir ki, muxtar respublikada səhiyyənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini xeyli yüksəltmişdir.Muxtar respublikanın bütün yaşayış məntəqələrində aparılan quruculuq işləri səhiyyə müəssisələrini də əhatə etmişdir. Mərkəzi və sahə xəstəxanaları, həkim ambulatoriyaları, feldşer­-mama məntəqələri müasir tələblər səviyyəsində qurulmuş, yeni tibbi avadanlıqlarla təchiz edilmişlər. Səhiyyə islahatlarının ən mühüm cəhətlərindən biri də muxtar respublikada icbari tibbi sığortanın tətbiqidir. Bu ilin iyul ayından etibarən Şahbuz rayonunda icbari tibbi sığortaya keçidlə bağlı işlərə başlanılmışdır. Rayonda əhaliyə rayon mərkəzi xəstəxanası, 13 həkim ambu­latoriyası və 9 feldşer-mama məntəqəsi vasitəsilə xidmət göstərilir. İcbari tibbi sığortaya keçid rayon əhalisinin sağlamlıq göstəricilərinin yüksəlməsində mühüm rol oynayacaqdır. Niyazi Novruzov yaradılan şəraitə görə səhiyyə işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov demişdir ki, muxtar respublikada icbari tibbi sığortanın tətbiqi səhiyyə xidmətinin keyfiyyətinin daha da artırılmasına töhfə verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq fərman və sərəncamlarına əsasən muxtar respublikada icbari tibbi sığortanın tətbiqi təkamül yolu ilə aparılmış, tələb olunan kadr, avadanlıq, təlim, resurs və infrastruktur təminatı uğurla həyata keçirilmişdir. Artıq muxtar respublikanın Sədərək, Şərur və Kəngərli rayonlarında bu iş başa çatdırılıb. 2019-cu ilin ötən 9 ayında həmin rayonlarda yaşayan əhali tərəfindən, ümumilikdə, tibb müəssisələrinə 14 min 346 müraciət edilmişdir. Müraciət edənlərə 35 min 605 adda tibbi xidmət göstərilmişdir. İcbari tibbi sığortanın baza zərfinə daxil olan rayon mərkəzi xəstəxanaları tərəfindən həyata keçirilməsi mümkün olmayan tibbi xidmətlər üçün icbari tibbi sığortanın tətbiqində iştirak edən digər xəstəxanalara Sədərək, Şərur, Kəngərli rayonlarından, ümumilikdə, 433 göndəriş olmuşdur. Samiq Sadıxov Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiqi məqsədilə görülən işləri diqqətə çatdırmışdır.

Tibb bacısı Tərlan Kazımova minnətdarlıq edərək demişdir ki, muxtar respublikada səhiyyə sahəsinə göstərilən qayğı göz önündədir. Bu gün Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiqi rayon əhalisinə nümunəvi tibbi xidmət göstərməyə imkan verəcəkdir. Tərlan Kazımova yaradılan şəraitdən istifadə edərək əhaliyə hərtərəfli səhiyyə xidməti göstərəcəklərinə söz vermişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiqi münasibətilə rayon əhalisini və tədbir iştirakçılarını təbrik etmiş, ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan Respublikasının ən qiymətli sərvəti onun insanlarıdır” fikrini xatırladaraq demişdir: İnsanların sağlamlığının qorunması ölkədə səhiyyə sisteminin müasir tələblər səviyyəsində qurulmasını zəruri edir. Bu gün Azərbaycanda müasir tibbi avadanlıqlarla təmin olunmuş səhiyyə müəssisələri istifadəyə verilir, kadr hazırlığı diqqətdə saxlanılır, həkimlər ölkəmizdə və xaricdə təkmilləşdirmə kurslarında iştirak edirlər. Görülən işlərin nəticəsidir ki, Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında səhiyyə xidmətinin səviyyəsi yüksəlmişdir.

Ali Məclis Sədri demişdir: Əhaliyə keyfiyyətli səhiyyə xidməti göstərilməsinin müasir yolu icbari tibbi sığortanın tətbiqidir. Lakin lazımi səhiyyə infrastrukturu yaratmadan bu işi həyata keçirmək olmaz. Ona görə də muxtar respublikada bütün səhiyyə müəssisələri, rayon mərkəzi xəstəxanaları, sahə xəstəxanaları, həkim ambulatoriyaları və feldşer-mama məntəqələri yenidən ­qurulmuş, müasir tibbi avadanlıqlarla təmin olunmuşdur. Eyni zamanda muxtar respublikada həkim hazırlığı işi də uğurla həyata keçirilir. Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi və Naxçıvan Tibb Kolleci muxtar respublikanın səhiyyə müəssisələrinin həkim və orta tibb işçilərinə olan tələbatını ödəyir. Müasir səhiyyə müəssisələrinin qurulması və həkim hazırlığı işin bir tərəfidirsə, digər əsas məsələ isə yaradılan şəraitdən səmərəli istifadə etmək və səhiyyə xidmətini günün tələbləri səviyyəsində qurmaqdır. Nəzərə almaq lazımdır ki, tibbi avadanlıqlardan düzgün istifadə diaqnoz və müayinənin əsasını təşkil edir. Ona görə də həkim və tibb işçiləri alınan avadanlıqları öyrənməli, onları düzgün tətbiq etməli, əhaliyə nümunəvi səhiyyə xidməti göstərilməlidir.

Ali Məclisin Sədri demişdir: Bu gün Şahbuz rayonunda əhaliyə bütün səhiyyə xidmətlərini göstərmək mümkündür. Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın baza zərfinə daxil olan 1500-dən artıq tibbi xidmətin 513-ü Şahbuz rayonundakı səhiyyə müəssisələri tərəfindən həyata keçiriləcəkdir. Yaradılan müasir səhiyyə infrastrukturu, həkim hazırlığı və görülən işlər gələcəkdə rayonda göstərilən tibbi xidmətlərin sayının artmasına və əhalinin hərtərəfli tibbi xidmətlə təmin olunmasına imkan verəcəkdir.

“Ölkənin inkişafı onun sağlam insanlarından asılıdır”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, insanların sağlamlığının qorunması üçün dövlət tərəfindən lazımi tədbirlər həyata keçirilir. Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı da mühüm işlər görülmüş, dövlət vəsaiti hesabına rayon mərkəzi xəstəxanasına 52 adda tibbi avadanlıq və ləvazimatlar alınıb verilmişdir. İcbari tibbi sığortanın tətbiqi həm də həkimlərin formalaşmasına mühüm təsir göstərəcək, müraciətlərin sayı artacaqdır. Ona görə də xəstəxanada həkim-xəstə münasibətləri düzgün qurulmalı, dəqiq diaqnozlar qoyulmalı və müayinələr aparılmalıdır. Kollektiv yaradılanları qorumalı, tibbi avadanlıqlardan səmərəli istifadə olunmalı və rayonda icbari tibbi sığortanın tətbiqi uğurla həyata keçirilməlidir.

“İcbari tibbi sığortanın tətbiqi ilə Şahbuz Rayon Mərkəzi Xəstəxanasının həkim və tibb işçilərinin əməkhaqları 50 faiz artırılacaqdır. Yeni tibbi avadanlıqların alınması və əməkhaqların artırılması kollektiv qarşısında bir vəzifə qoyur: o da sakinlərə keyfiyyətli səhiyyə xidməti göstərməkdən ibarətdir”, – deyən Ali Məclisin Sədri kollektivə fəaliyyətində uğurlar arzulamış, icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlərlə ­maraqlanmışdır.

Məlumat verilmişdir ki, icbari tibbi sığortanın tətbiqi məqsədilə Şahbuz Rayon Mərkəzi Xəstəxanasında yenidənqurma işləri aparılmış, xəstəxananın Təcili tibbi yardım, Laboratoriya və Doğum şöbələri yenidən təşkil edilmiş, ilkin səhiyyə xidməti müasir tələblərə uyğunlaşdırılaraq qəbul həkiminin fəaliyyəti təmin olunmuşdur. Poliklinika şöbəsində, burun-qulaq-boğaz, Oftalmoloji və Stomatoloji kabinələrdə, Təcili və təxirə­salınmaz tibbi yardım şöbəsində, Laboratoriyada, Ginekoloji və doğuş bölməsində 52 adda yeni tibbi avadanlıq və ləvazimatlar quraşdırılmış, palatalar mərkəzi oksigen sistemi ilə təmin edilmişdir.

Xəstəxanada sürətli internet şəbəkəsi yaradılmış, 43 kompüter alınmış, mərkəzi server vasitəsilə “Səhiyyə informasiya idarəetmə sistemi” yaradılmış və icbari tibbi sığortanın tətbiqində iştirak edən digər tibb müəssisələri ilə qarşılıqlı əlaqə təmin olunmuşdur. Hazırda xəstələrin qeydiyyatı “Səhiyyə informasiya idarəetmə sistemi” vasitəsilə həyata keçirilir. Agentliyin Şahbuz Rayon Mərkəzi Xəstəxanası üzrə qeydiyyat məntəqəsi və elektron məlumat bazası da yaradılmışdır.

 

Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilmişdir

Oktyabrın 31-də Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir ki, səhiyyənin inkişafı müasir infrastruktur təminatı və kadr hazırlığından başlanır. Ötən əsrin 90-cı illərinin acı nəticələri muxtar respublikanın səhiyyə sistemində də çətinliklərin yaranmasına səbəb olmuşdur. Lakin ötən dövrdə muxtar respublikada səhiyyə müəssisələrinin yenidən qurulması, müasir tibbi avadanlıqların alınması və kadr hazırlığı sahəsində görülən işlər öz nəticəsini vermişdir. Artıq muxtar respublikada infeksion xəstəliklərin, eləcə də ana və uşaq ölümlərinin qarşısı alınmışdır. Səhiyyənin inkişafı sahəsində görülən işlər muxtar respublikada icbari tibbi sığortanın uğurla tətbiq olunmasına imkan verir.

Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov, Naxçıvan Muxtar Respublikası baş nazirinin müavini-maliyyə naziri Səbuhi Məmmədov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov və Naxçıvan Muxtar Respublikasının Baş naziri Əlövsət Baxşıyev aidiyyəti üzrə məlumat vermişlər.

Ali Məclisin Sədri noyabrın 1-dən etibarən Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiq olunması, Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən muxtar respublikada icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlərin birgə nəzarətdə saxlanılması, monitorinqlərin aparılması, bu sahədəki yeniliklərin öyrənilərək tətbiq edilməsi, Ordubad, Culfa və Babək rayonlarında da icbari tibbi sığortanın tətbiqi sahəsində işlərə başlanılması və qısa müddətdə başa çatdırılması barədə aid qurumlara tapşırıqlar vermişdir.

Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev icbari tibbi sığortanın tətbiqi və səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsi sahəsində görülən işlərə görə rayon sakinləri adından Ali Məclisin Sədrinə ­minnətdarlıq etmişdir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti