Dövlət-xalq birliyi, davamlı inkişaf və yüksək rifah

Şərur rayonunun Muğanlı və Alışar kəndlərində kompleks quruculuq işləri aparılıb

Bu gün ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının yüksəlməsinə və rahat yaşayışının təminatına hesablanmışdır. “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı daya­nır”, – deyən ölkə Prezidenti cənab ­İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Quruculuq işlərinin və sosial proqramların miqyasının genişlənməsi dövlət-xalq birliyini daha da möhkəmləndirir. Şərur rayonunun Muğanlı və Alışar kənd­lərində yeni sosial obyektlərin istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır.

 Muğanlı kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir

Oktyabrın 21-də Muğanlı kənd tam orta məktəbinin açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.

Bildirilmişdir ki, 224 yerlik məktəbdə ­3-ü elektron lövhəli olmaqla, 14 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat, kompüter, müəllimlər otaqları və idman zalı yerləşir. Laboratoriyalarda şagirdlərin nəzəri biliklərini artırmaları üçün hərtərəfli şərait yaradılıb. Kitabxana fondunda 1086 dərslik və 2764 bədii ədəbiyyat olmaqla, 3850 kitab vardır. Zəngin təfəkkürə malik gənc nəslin yetişdirilməsində kitabxanaların əhəmiyyəti nəzərə alınmış, şagirdlərin maraq dairəsinə uyğun dövrləşmə aparılmış, ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən, eləcə də oxunması zəruri olan kitablardan ibarət guşələr yaradılmışdır. Eyni zamanda yeddinci siniflər üçün “Naxçıvan tarixi” dərsliyi hazırlanaraq məktəblərə ­verilmişdir.

Məktəbdə təhsilin informasiyalaşdırılması, internetə çıxışı olan 17 kompüterin və elektron lövhəli siniflərin istifadəyə verilməsi interaktiv tədrisin tətbiqinə, şagirdlərdə innovativ düşüncənin formalaşdırılmasına, gənc nəslin müasir, intellektual və savadlı yetişməsinə imkan verəcəkdir. Elektron lövhəli siniflərdə Hüseyn Cavidin Ev Muzeyi ilə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında keçirilən interaktiv dərs, o cümlədən elektron dərsliklərdən istifadə imkanları nümayiş olunmuşdur.

Bildirilmişdir ki, məktəbdə dəqiq elmlərin tədrisinə xüsusi diqqət yetirilir. Son 5 ildə məktəbin məzunlarından 9-u dəqiq elmlər üzrə ali təhsillərini davam etdirirlər. Məktəbin fizika müəllimi Aybəniz Seyidova yaradılan şəraitə görə minnətdarlıq etmişdir.

Gənclərin əqli inkişafında, onların asudə vaxtlarının səmərəli təşkilində və dəqiq elmlərə yönləndirilməsində şahmatın mühüm rolu vardır. Məktəbdəki şahmat sinfi lazımi avadanlıqlar və dərsliklərlə təmin edilmişdir.

İdman zalında yaradılan şərait, eləcə də məktəbin həyətində açıq idman qurğularının istifadəyə verilməsi şagirdlərin fiziki tərbiyəsində mühüm rol oynayacaqdır. Hərbi kabinə şagirdlərdə həm vətənpərvərlik tərbiyəsinin formalaşdırılması, həm də onların hərb sənətinə marağının artırılmasına ­hesablanmışdır.

Sonra məktəbin müəllimləri ilə görüş olmuşdur.

Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək demişdir ki, muxtar respublikada təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter almış, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamlarına əsasən, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü 1,5, vəzifə maaşı 2 dəfə, cari ilin sentyabrın 1-dən isə bu kateqoriyadan olan müəllimlərin aylıq vəzifə maaşları əlavə olaraq orta hesabla 20 faiz artırılmışdır. Bununla yanaşı, 2018-ci ildən etibarən müəllimlərin işə qəbulu sahəsində mərkəzləşdirilmiş müsabiqə mexanizmi tətbiq edilmişdir. Müəllimlərin əməyi də daim yüksək qiymətləndirilmiş, muxtar respublikanın təhsil müəssisələrində çalışan müəllimlərdən 117-si Azərbaycan Respublikasının Əməkdar müəllimi, 187-si Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülmüş, 108-i isə “Tərəqqi” medalı ilə təltif edilmişdir. Həyata keçirilən kompleks quruculuq tədbirləri zamanı yeni məktəb binalarının inşasına xüsusi diqqət yetirilmişdir. Rəhman Məmmədov yaradılan şəraitə görə muxtar respublikanın təhsil işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.

Muğanlı kənd tam orta məktəbinin müəllimi Gözəl Rəhimli demişdir: “Məktəbdə yaradılan şərait şagirdlərin daha yaxşı təhsil almalarına geniş imkan açmaqla yanaşı, müəllimləri də daha yaxşı işləməyə ruhlandırır. Muxtar respublikada gənclərin ali təhsil almaları, işlə təmin olunmaları üçün gözəl şərait yaradılıb. Bunun nəticəsidir ki, mən də 2014-cü ildə 536 balla Naxçıvan Dövlət Universitetinin tarix ixtisasına qəbul olunmuş və həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişəm. Arzum müəllim işləmək idi. Gənc müəllimlərin işlə təmin olunması ilə bağlı keçirilən müsabiqədə iştirak etdim və tarix fənni üzrə 71 bal toplayaraq Şərur rayon Muğanlı kənd tam orta məktəbində müəllimlik fəaliyyətinə başladım. Təhsilə və muxtar respublika gəncliyinə göstərdiyiniz diqqət və qayğıya görə bütün gənc müəllimlər adından minnətdarlığımızı bildiririk. Əmin edirik ki, yaradılanları qoruyacaq, onlardan səmərəli istifadə edəcək, gənc nəslin təlim-tərbiyəsində səylə çalışacaq, etimadı doğruldacağıq”.

Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri Vasif Talıbov Muğanlı kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Muğanlı kənd tam orta məktəbinin yaxşı təhsil ənənələri vardır. Məktəb öz nailiyyətləri ilə daim seçilib. Ötən tədris ilindəki nailiyyətləri onu deməyə əsas verir ki, bu gün də məktəbdə ənənələr yaşadılır, nizam-intizama, tədrisin səviyyəsinə xüsusi diqqət yetirilir.

Ali Məclisin Sədri demişdir: Ölkəmizdə həyata keçirilən təhsil islahatlarının tərkib hissəsi kimi muxtar respublikada da bu sahənin inkişafı diqqətdə saxlanılır, məktəblər yenidən qurulur, müasir tədris avadanlıqları ilə təmin olunur, müəllim hazırlığı aparılır. Ümumtəhsil məktəbləri ilə yanaşı, orta ixtisas və ali təhsil məktəblərində də gənclərin təhsili üçün hərtərəfli şərait yaradılır, tələbata uyğun yeni ixtisaslar açılır. Bütün bunlar ölkəmizdə təhsil sahəsində həyata keçirilən işlərə nümunədir.

“Təhsil ölkənin gələcəyidir. Hər bir ölkənin gələcəyini görmək üçünsə ilk növbədə onun gəncliyinə nəzər salmaq lazımdır. Çünki vətənpərvər və təhsilli gənclik ölkənin etibarlı gələcəyidir. Ölkəmizdə təhsilə göstərilən qayğının əsas məqsədi də gələcəyimiz üçün təhsilli və vətənpərvər gənclər hazırlamaqdan ibarətdir”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, təhsilin inkişafında müəllim hazırlığı, onların fəaliyyətləri üçün yaradılan şərait və əməklərinə verilən qiymət mühüm əhəmiyyətə malikdir. Bu məsələ ölkəmizdə diqqət mərkəzində saxlanılır, müəllimlərin əməkhaqları artırılır. 5 oktyabr Beynəlxalq Müəllimlər Günü ərəfəsində muxtar respublikanın 12 müəlliminin ölkəmizin medal, eləcə də Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adları ilə təltif olunması bunu bir daha təsdiq edir. Yaradılan şərait imkan verir ki, müəllimlər daha səylə çalışaraq gələcəyimiz olan gəncləri hərtərəfli hazırlasınlar.

Ali Məclisin Sədri demişdir: Gənclərin müxtəlif peşə sahələrinə yönləndirilməsi məktəbin qarşısında duran əsas vəzifədir. Çünki məktəbi bitirən hər bir gənc mütləq bir peşə sahibi olmalıdır. Bu gün muxtar respublikanın bütün ərazisində internetə çıxışın təmin edilməsi, “Evədək optika” layihəsinin icrası həm də gənclərin hərtərəfli inkişafına hesablanmışdır. Dərslərin qavrama yolu ilə öyrədilməsi şagirdlərin intellektual inkişafında vacib məsələdir. Muğanlı kənd tam orta məktəbindəki elektron lövhələr, laboratoriyalar, fənn kabinələri, internetə çıxışı olan kompüterlər, kitabxana imkan verir ki, müəllimlər dərsləri qavrama yolu ilə öyrətsinlər.

Muğanlı kənd tam orta məktəbinin son beş ildəki nailiyyətlərinin muxtar respublikanın ümumi orta göstəricisindən yüksək olduğunu qeyd edən Ali Məclisin Sədri kollektivə təşəkkür etmiş, məktəbin təhsil ənənələrinin bundan sonra da qorunub saxlanacağına əminliyini bildirmişdir.

Binanın həyətində bufet və fərdi qazanxana tikilmiş, abadlıq işləri aparılmış, yaşıllıq ­salınmışdır.

 

Kənd mərkəzi göstərilən xidmətin səviyyəsini yüksəldəcəkdir

 

 

 

 

 

 

 

   

 

 

 

 

 

 

 

 

  

Oktyabrın 21-də Muğanlıda kənd mərkəzinin də açılışı olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif ­Talıbov açılışı bildirən lenti kəsmişdir.

Məlumat verilmişdir ki, binada inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, klub, kitabxana və zal yerləşir. Kitabxana fondunda 2811 kitab vardır. Baytarlıq məntəqəsi soyuducu və dərmanlarla təmin edilmişdir.

Kənddə yeni poçt bölməsi yaradılmışdır. Rabitə evində poçtun fəaliyyəti üçün bütün tədbirlər görülmüş, eyni zamanda 192 nömrə tutumlu yeni nəsil ATS quraşdırılmışdır.

Yeni Azərbaycan Partiyası Muğanlı kənd ərazi ilk təşkilatının sədri Asəf Babayev demişdir: Muğanlı müasir inkişaf dövrünü yaşayır. Kənddə istifadəyə verilən sosial obyektlər sakinlərin razılığı ilə qarşılanır. Partiya üzvlərinin sayı ilbəil artır. Hazırda ərazi ilk təşkilatının 79 üzvü vardır ki, onların da 37-si gənc, 21-i isə qadındır.

Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə edilməsi və qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqla bağlı tapşırıqlar vermişdir.

Binanın həyətində də abadlıq işləri aparılmışdır.

 

Muğanlıda müasir səhiyyə müəssisəsi fəaliyyətə başlamışdır

 

 

 

 

 

 

 

  

Muxtar respublikada iqtisadi inkişafın təmin olunması həm də səhiyyə quruculuğunun genişlənməsinə, o cümlədən tibbi xidmətin keyfiyyətinin artırılmasına səbəb olmuşdur. Kəndlərdə müasir həkim ambulatoriyalarının tikilməsi də bu baxımdan mühüm əhəmiyyətə malikdir.

Oktyabrın 21-də Muğanlı kənd həkim ambulatoriyasının açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, kənddə səhiyyə xidmətinin təşkili ilə maraqlanmışdır. Bildirilmişdir ki, ambulatoriyada 8 otaq – baş həkim, stomatoloq üçün kabinə, fizioterapiya kabinəsi, doğuş, manipulyasiya, peyvənd, qeydiyyat və aptek yerləşir. Həkim ambulatoriyasında stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, peyvənd və təcili yardım çantaları, mikroskop, sentrifuqa, hemometr, qlükometr, soyuducu və digər tibbi avadanlıqlar qoyulmuşdur. Fizioterapiya kabinəsi elektroterapiya və ultrasəslə, eləcə də ultrayüksək tezlikli cərəyanla müalicə aparatları, parafinəritmə qazanı və solyuks lampası ilə təchiz edilmişdir.

Tibb bacısı Samirə Məmmədova yaradılan müasir iş şəraitinə görə minnətdarlıq etmiş, insanların sağlamlığının qorunmasında səylərini artıracaqlarını bildirmişdir.

Ali Məclisin Sədri əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi vacibliyini qeyd etmiş, ambulatoriyanın imkanlarından səmərəli istifadə ilə bağlı tapşırıqlar vermişdir.

 

Muğanlı-Alışar kənd avtomobil yolu yenidən qurulmuşdur

 

 

 

 

 

 

 

 

 

Yol infrastrukturu muxtar respublikada aparılan quruculuq işlərinin əsasını təşkil edir.

Oktyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Muğanlı-Alışar kənd yolunun açılışını etmişdir.

Bildirilmişdir ki, 11,5 kilometr uzunluğundakı yolun yatağı genişləndirilərək yenidən qurulmuş, asfalt örtük salınmışdır. Həmçinin 4 kilometrlik yolda təmir işləri görülmüş, qum-çınqıl qatı verilmişdir. Tikinti işləri aparılarkən yolun üzərində 31 su keçidi qoyulmuş, 773 metr beton kanal çəkilmişdir.

 

Muğanlıda xidmət mərkəzi istifadəyə verilmişdir

 

 

 

 

 

 

 

 

  

Oktyabrın 21-də Muğanlı kəndində xidmət mərkəzinin açılışı olmuşdur.

Açılışı bildirən lent kəsildikdən sonra Ali Məclisin Sədrinə məlumat verilmişdir ki, 6 nəfərin işlə təmin olunduğu mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları, dərzi və 2 anbar fəaliyyət göstərir. Burada ailə təsərrüfatları tərəfindən istehsal olunmuş 62 adda məhsul satışa çıxarılmışdır.

Xidmət mərkəzində işlə təmin olunan dərzi Dünya Ələkbərova gənclərin peşə sahibi olması, eləcə də işlə təminatı sahəsində görülən işlərə görə minnətdarlıq etmişdir.

Mərkəzlə tanışlıqdan sonra sakinlərlə görüş olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Bu gün Muğanlı kəndi ölkəmizin abad yaşayış məntəqələri sırasına daxil oldu. İstər təsərrüfat, istərsə də təhsil sahəsində kəndin yaxşı ənənələri vardır. Bu ənənələr bu gün də davam etdirilir. Kənddə məktəb binasının, kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının, yolun istifadəyə verilməsi, poçtun fəaliyyətə başlaması kəndin inkişafına və sakinlərin rahat yaşayışına xidmət edir. Bütün bunlar ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Muğanlı kəndinin bərəkətli torpaqları vardır. Sakinlər bu imkanlardan istifadə edərək torpaqları əkməli, təsərrüfatları genişləndirməli, muxtar respublikanın inkişafına öz töhfələrini verməlidirlər. Kənddə tikilib qurulanlar qorunub saxlanılmalı, abadlıq işləri davam etdirilməlidir.

“Muğanlı kəndində yaradılan şərait dövlətin öz vətəndaşlarına, kənd yaşayış məntəqələrinin inkişafına göstərdiyi qayğıya bir nümunədir”, – deyən Ali Məclisin Sədri sakinləri təbrik etmiş, onlara firavan həyat arzulamışdır.

Kənd ağsaqqalı, Azərbaycan Respublikasının Əməkdar müəllimi İsa Hüseynov Ali Məclisin Sədrinə minnətdarlıq edərək demişdir: “1995-ci ildə deputatlığa namizəd kimi seçicilərlə ilk görüşünüz Muğanlı məktəbində olmuşdur. O vaxtdan 24 ildən artıq zaman keçir. Həmin dövrdən başlayaraq Naxçıvan Muxtar Respublikası inamla, uğurla inkişaf etmişdir. Bu uğurların təməlində ulu öndərin siyasəti dayanır. İşıqlı gələcəyə gedən yol təhsildən keçir. Açılışı olan məktəb müəllim və şagirdlərin böyük sevincinə səbəb olmuşdur. Kənd və xidmət mərkəzləri, eləcə də həkim ambulatoriyası tikilib istifadəyə verilmiş, abadlıq işləri aparılmışdır. Kanallar təmizlənmiş, elektrik və qaz xətləri, rabitə sistemi yenilənmişdir. Yollara asfalt örtük verilmişdir. Ötən illərdə kənddə nasos stansiyası və 4 artezian quyusu işə salınmışdır. Bununla da kənd zəhmətkeşləri taxıl, qarğıdalı, tərəvəz məhsulları və yoncadan yüksək məhsuldarlıq əldə edirlər. Maldarlıqdan və heyvandarlıqdan da yaxşı gəlir götürürlər. Görülən işlərə görə kənd ziyalıları, kənd ağsaqqalları adından minnətdarlığımızı bildiririk”.

* * *

Muğanlı kəndində rabitə, elektrik, qaz və su xətləri yenilənmiş, 2140 metr fiber­optik, 3400 metr yeraltı kabel xətti, 5609 metr hava rabitə xətləri çəkilmişdir. Eyni zamanda 5350 metr elektrik xətti çəkilmiş, 2 yeni transformator quraşdırılmışdır. 3626 metr qaz xəttində isə yerdəyişmə və təmir işləri aparılmış, 2800 metr uzunluğunda suvarma arxı, 5900 metr kollektor lildən təmizlənmiş, 290 metr qapalı drenaj xətti çəkilmişdir.

 

Alışar Kənd Mərkəzində xidmət hərtərəfli təşkil olunub

 

 

 

 

 

 

 

 

  

Bu il Şərur rayonunda aparılan quruculuq işləri Alışar kəndini də əhatə etmişdir. Kənd və xidmət mərkəzlərinin inşa olunması, yolun yenidən qurulması Alışarın quruculuq xəritəsini tamamlamışdır.

Oktyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Alışar Kənd Mərkəzinin açılışını etmişdir.

Bildirilmişdir ki, bir mərkəzdən idarəetmənin təşkilində kənd mərkəzlərinin mühüm rolu vardır. Mərkəzdə rabitə evi, polis sahə və baytarlıq məntəqələri, feldşer­-mama məntəqəsi, 4400 kitab fondu olan kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, statistika işçisi üçün otaq və zal vardır. Rabitə evində poçt bölməsinin fəaliyyəti təmin edilmiş, 384 nömrə tutumlu yeni ATS quraşdırılmışdır. Kənddə 67 internet istifadəçisi vardır.

Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının 204 üzvü vardır ki, onlardan 40-ı qadın, 39-u isə gəncdir.

Feldşer-mama məntəqəsi üçün binada 4 otaq ayrılmışdır. Məntəqə ginekoloji müayinə masası, mama müayinə alət dəsti, ilkin tibbi yardım və peyvənd çantaları, qlükometr, soyuducu və digər tibbi ləvazimatlarla təmin edilmişdir.

Tibb bacısı Səadət Murtuzayeva minnətdarlıq edərək demişdir ki, əvvəllər şəraiti olmayan binada fəaliyyət göstərirdik. Xidmətin təşkilində çətinliklər yaranırdı. Lakin bu gün feldşer-mama məntəqəsi üçün ən müasir şərait yaradılıb. Bu da imkan verəcəkdir ki, səhiyyə işçiləri sakinlərə hərtərəfli xidmət göstərsinlər.

 

Alışar kəndində xidmət mərkəzinin açılışı olmuşdur

 

 

 

 

 

 

 

 

  

Həmin gün Alışar kəndində xidmət mərkəzi istifadəyə verilmişdir.

Məlumat verilmişdir ki, mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları, dərzi və 2 anbar fəaliyyət göstərir. Kənddəki ailə təsərrüfatlarında istehsal olunan 80 adda məhsul alıcılara təklif olunur. Mərkəzdə 6 nəfər işlə təmin olunmuşdur.

Mərkəzlə tanışlıqdan sonra sakinlərlə görüş olmuşdur.

Ali Məclisin Sədri Alışar kəndində aparılan quruculuq işləri münasibətilə sakinləri təbrik edərək demişdir: Vaxtilə kənddə məktəb binası inşa olunmuşdur. Quruculuq işlərinin davamı olaraq bu gün kənd və xidmət mərkəzləri, eləcə də avtomobil yolu istifadəyə verilir. Ölkə­mizdə ümummilli liderimiz Heydər Əliyevin yolunun uğurla davam etdirilməsi, mövcud sabitlik və inkişaf bu tədbirlərin həyata keçirilməsinə imkan verir. Bu gün kənd sakinlərindən 204-ü Yeni Azərbaycan Partiyasının üzvüdür. Partiya üzvləri sırasında gənclər çoxluq təşkil edir. Tikilənlər, qurulanlar sakinlərin rahat yaşayışı üçündür. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə olunması, kəndin daha da inkişafı sakinlərin üzərinə düşən vəzifədir.

Alışar kənd sakinləri adından minnətdarlıq edən İsmayıl Xəlilov demişdir: “2004-cü ildə Alışar kənd tam orta məktəbi üçün yeni bina tikilmişdir. Neçə illərdir ki, bu kəndin uşaqları müasir məktəb binasında təhsil alırlar. Bu gün isə Alışarda kənd mərkəzi, xidmət mərkəzi tikilərək sakinlərin istifadəsinə verilir. Kəndimiz öz simasını tamamilə dəyişib. Elektrik xətləri yenilənmiş, rabitə və qaz xətləri dəyişdirilmiş, ən əsası isə kənd yolu yenidən qurulmuşdur. Artıq kəndimizin şəhərdən heç bir fərqi yoxdur. Bu il “Ailə təsərrüfatları ili”dir. Alışar kəndinin sakinləri də zəhmətkeş, torpağa bağlı insanlardır. Kənd camaatının əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Bizə verilən pay torpaqlarını əkir, vaxtlı-vaxtında suvara bilirik. Bunlar hamısı kənd sakinlərinə göstərilən diqqət və qayğının daha bir ifadəsidir. Biz də çalışacağıq ki, bundan sonra da torpaqlarımızı əkib-becərək, yaxşı məhsul əldə edək, ölkəmizin inkişafına töhfə verək”.

* * *

Alışar kəndində abadlıq işləri də aparılmış, 450 metr fiber-optik, 8 min metrdən artıq rabitə, 3050 metr hava elektrik xətti çəkilmiş, 5886 metrlik qaz xəttində təmir-bərpa işləri aparılmış, 4800 metr uzunluğunda suvarma arxı və 9800 metr kollektor lildən təmizlənmişdir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti