Tarixi kənd müasir inkişaf mərhələsində

 Babək rayonunun Kültəpə kəndində yeni sosial obyektlər istifadəyə verilib

Naxçıvan kəndləri bu gün yeni inkişaf mərhələsinə qədəm qoyub. Babək rayonunun Kültəpə kəndi də abadlaşmış, müasir infrastruktur yaradılmışdır. Bu il kəndin quruculuq tarixinə yeni səhifələr yazılmış, məktəb binası, kənd və xidmət mərkəzləri, həkim ambu­latoriyası tikilmiş, avtomobil yolu yenidən qurulmuşdur. Quruculuq işləri kənddə insanların rahat yaşayışına, təsərrüfat sahələrinin daha da genişlənməsinə səbəb olmuşdur.

 Kültəpə kənd tam orta məktəbinin açılışı olmuşdur

Sentyabrın 30-da Kültəpə kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.

Məlumat verilmişdir ki, 360 şagird yerlik 3 mərtəbəli məktəb binası ən müasir tədris infrastrukturuna malikdir. Məktəbdə 20 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter, müəllimlər və psixoloq otaqları, kitabxana və idman zalı vardır. Məktəb zəngin  kitabxana fonduna malikdir. Hazırda kitabxanada 2024-ü dərslik və 2937-si bədii ədəbiyyat olmaqla 4961 kitab vardır. Eyni zamanda təhsil ocağında yeni texnologiyaların tətbiqi diqqətdə saxlanılmış, sürətli internetə çıxış imkanı yaradılmış, 19 kompüter, 3 elektron lövhəli sinif istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında” 2019-cu il 2 avqust tarixli Sərəncamına uyğun olaraq muxtar respublikanın ümumtəhsil məktəbləri ilə tarix muzeyi arasında interaktiv dərs keçirilmişdir.

Ali Məclisin Sədri interaktiv dərsi izləmişdir.

Gənclərin fiziki hazırlığı və hərbi-vətənpərvərlik tərbiyəsinin təşkili üçün lazımi şərait yaradılmış, idman zalı və hərbi kabinə istifadəyə verilmişdir. Həmçinin şagirdlər fizika, kimya və biologiya laboratoriyalarında quraşdırılan avadanlıqlardan, eləcə də elektron dərsliklərdən istifadə edərək dəqiq elmləri daha yaxşı mənimsəyəcəklər. Bildirilmişdir ki, “Pillə-pillə” və “Debütdə buraxılmış səhvlərə aid 1000 oyun” kitabları dərs vəsaiti kimi şahmatın tədrisində səmərəliliyi xeyli artırır.

Ali Məclisin Sədri fiziki tərbiyə və hərbi hazırlıq fənninin tədrisinə ciddi diqqət yetirilməsi, şagirdlərin kompüter biliklərinin artırılması barədə tapşırıqlar vermişdir.

Sonra məktəbin pedaqoji kollektivi ilə görüş olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kültəpə kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Ölkəmizdə həyata keçirilən islahatlar Azərbaycanı ümumdünya təhsil sistemində qabaqcıl yerlərə çıxarıb. Bu gün Azərbaycan savadlılıq səviyyəsi yüz faiz təmin olunmuş ölkələr sırasındadır. Bütün bunların hamısı təhsil sahəsində görülmüş işlərin, müəllimlərin fəaliyyəti üçün yaradılan şəraitin nəticəsidir. Ölkəmizdə istər tam orta və peşə, istərsə də orta ixtisas, ali və akademik təhsil pillələri üzrə gənclərin təhsil almaları və peşə seçmələri üçün lazımi şərait yaradılmışdır. Bu da imkan verir ki, müəllimlər şagirdləri bacarıq və maraqlarına uyğun peşə seçiminə yönəltsinlər. Sevindirici haldır ki, gənclərimiz bu imkanlardan səmərəli istifadə edirlər. Kültəpə kənd tam orta məktəbində  də şagirdlərin maraqlarına uyğun peşə seçiminə şərait yaradılmış, ali məktəblərə qəbulda məktəbin nəticələri 50 faizdən yüksək olmuşdur.

Ali Məclisin Sədri məktəbin nailiyyətlərinə görə müəllimlərə təşəkkür edərək demişdir: Qazanılan uğurlar onu deməyə əsas verir ki, məktəbdə nizam-intizam, müəllim tələbkarlığı və şagird çalışqanlığı vardır. Hazırda məktəbin şagirdlərindən 36-sı əlaçıdır. Bu nailiyyətləri qoruyub saxlamaq lazımdır. Müasir tədrisin tələbləri səviyyəsində qurulan məktəb uğurların daha da artmasına imkan verəcəkdir. Çünki məktəbin müəllimlərinin əməyi də dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, diaqnostik qiymətləndirmədən keçənlərin əməkhaqqısı artırılmışdır.

Ümummilli liderimiz Heydər Əliyevin “Gənclər millətin gələcəyidir”, – fikrini xatırladan Ali Məclisin Sədri demişdir ki, gənclərlə iş hər kəsin üzərinə düşən vəzifədir. Müasir məktəb binaları ona görə tikilir ki, gənclərimiz təhsilli və vətənpərvər böyüsünlər. Eyni zamanda müəllim əməyinə yüksək qiymət verilir ki, onlar ölkəmiz üçün peşə sahibi olan gənclər yetişdirsinlər. Kültəpə kənd tam orta məktəbində yaradılan şərait bu vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verir. Bu il məktəbin birinci sinfinə 26 şagird qəbul olmuşdur. Kollektiv müasir tədris şəraitindən səmərəli istifadə etməli, tədrisin səviyyəsi yüksəldilməli, şagirdlər hərtərəfli hazırlanmalıdır.

Kültəpə kənd tam orta məktəbinin direktoru Ruqiyyə Məmmədova çıxış edərək demişdir ki, məktəb əvvəllər köhnə və şəraiti olmayan binada fəaliyyət göstərirdi. Müasir məktəb binasında fəaliyyət göstərmək ən böyük arzumuz idi. Kollektivimizin  arzusu reallığa çevrilib. Yaradılan şəraitdən səmərəli istifadə edərək savadlı və vətənpərvər gənclər yetişdirilməsi üçün çalışacaq, etimadı doğruldacağıq. Ruqiyyə Məmmədova kollektiv adından minnətdarlıq etmişdir.

Gənc müəllim Aytən Nağısoy minnətdarlıq edərək demişdir: “Kültəpə kənd məktəbinin müəllimləri müasir infrastruktura malik binada işləyəcək, şagirdlərimiz hərtərəfli təhsil alacaqlar. Bundan böyük diqqət və qayğı ola bilməz. Yüksək şərait təhsil işçiləri qarşısında mühüm vəzifələr qoyur, müəllimləri daha yaxşı işləməyə ruhlandırır, məsuliyyətimizi daha da artırır. Muxtar respublikada gənclərin işlə təmin olunması da daim diqqətdə saxlanılır. Bunun nəticəsidir ki, bu il keçirilən müsabiqədə yüksək nəticə əldə etmiş 100-ə yaxın müəllim orta məktəblərdə işlə təmin olunmuşdur. Həmin  müəllimlərdən biri kimi mən də coğrafiya fənni üzrə Kültəpə kənd tam orta məktəbində müəllimlik fəaliyyətinə başlamışam. Belə gözəl və yaraşıqlı məktəb binasında işləmək ən böyük arzum idi”.

Binanın həyətində şəhid Həsən Şahverdiyevin büstü qoyulmuş, müəllim və şagirdlər üçün bufet, eləcə də fərdi qazanxana tikilmiş, açıq idman qurğuları quraşdırılmış və abadlıq işləri görülmüşdür.

 

 

 

 

 

 

 

 

Kültəpə Kənd Mərkəzi istifadəyə verilmişdir

 

 

 

 

 

 

 

 

 

 

Sentyabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif  Talıbov Kültəpədə kənd mərkəzinin açılışını etmişdir.

Bildirilmişdir ki, kənd mərkəzində rabitə evi, kitabxana, polis sahə və baytarlıq məntəqələri, statistika otağı, mədəniyyət evi, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, poçt bölməsi, arxiv və 66 yerlik zal yerləşir. Kitabxanada 4426 ədəbiyyat vardır. Onlardan 1666-sı latın, 2760-ı isə kiril əlifbası ilə çap olunmuş kitablardır. Burada oxunması zəruri olan kitablardan ibarət guşə də yaradılmışdır. Yeni Azərbaycan Partiyası Kültəpə kənd ərazi ilk təşkilatının 106 partiya üzvü vardır. Onlardan 25-i gənc, 45-i  isə qadındır.

Rabitə evindəki 384 nömrə tutumlu ATS Kültəpə kəndində 192 abonentə xidmət edir.  Hazırda kənddə 84 internet istifadəçisi vardır.

Kənd yaşayış məntəqələrində baytarlıq xidmətinin nümunəvi təşkili ərzaq təhlükəsizliyinin təminatında və sağlam məhsul istehsalında mühüm amildir. Ona görə də kənd mərkəzində baytarlıq məntəqəsi üçün lazımi şərait yaradılmışdır.

Ali Məclisin Sədri tikilənlərin qorunub saxlanılmasında və yaşıllıqların artırılmasında kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin və bələdiyyənin üzərinə mühüm vəzifələr düşdüyünü bildirmiş, müvafiq tapşırıqlar vermişdir.

Həyətdə abadlıq işləri aparılmış, müasir suvarma və işıqlandırma sistemi çəkilmişdir.

 

Sakinlərə hərtərəfli səhiyyə xidməti göstəriləcək

 

 

 

 

 

 

 

 

 

 

Muxtar respublikanın kəndlərində müasir tibbi avadanlıqlarla təchiz olunmuş həkim ambulatoriyalarının istifadəyə verilməsi insan amilinə göstərilən diqqətin daha bir ifadəsidir.

Sentyabrın 30-da Kültəpə Həkim Ambulatoriyasının açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, tibbi xidmətin təşkili ilə maraqlanmışdır.

Bildirilmişdir ki, lazımi tibbi avadanlıqlarla təchiz edilmiş ambulatoriyada 8 xidməti otaq, o cümlədən baş həkim, stomatoloq üçün kabinə, doğuş, fizioterapiya kabinəsi, qeydiyyat otağı və aptek vardır. Elektron qeydiyyat sistemindən istifadə gələcəkdə icbari tibbi sığortanın tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.

Həkim ambulatoriyasında stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, sentrifuqa, hemometr, qlükometr, tərəzi, boyölçən, soyuducu və digər tibbi avadanlıqlar qoyulmuşdur. Fizioterapiya kabinəsi isə elektroterapiya və ultrasəslə müalicə aparatı, ultrayüksək tezlikli cərəyanla müalicə aparatı, parafinəritmə qazanı və solyuks lampası ilə təmin edilmişdir. Bildirilmişdir ki, bu ilin ötən dövründə kənddə 16 uşaq doğulmuşdur.

Tibb bacısı Hürrü Həsənova yaradılan şəraitin tibbi xidmətin yüksək səviyyədə təşkilinə imkan verəcəyini bildirmiş, kollektiv adından minnətdarlıq etmişdir.

Ali Məclisin Sədri səhiyyə xidmətinin keyfiyyətinin artırılması, eyni zamanda həkim briqadalarının kəndə göndərilməsi, yaş qruplarına görə qeydiyyat aparılması, uşaqların və hamilə qadınların sağlamlığına ciddi diqqət yetirilməsi barədə tapşırıqlar vermişdir.

 

Kültəpə kənd avtomobil yolu yenidən qurulmuşdur

 

 

 

 

 

 

 

 

 

 

Muxtar respublikanın kəndlərində aparılan quruculuq işlərinin ən mühüm cəhətlərindən biri də yolların abadlaşdırılmasıdır. Yenidən qurulan kənd yolları yaşayış məntəqələrinin inkişafında əsas vasitəyə çevrilmişdir.

Sentyabrın 30-da Kültəpə kənd avtomobil yolu istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.

Məlumat verilmişdir ki, kənddə tikinti işləri aparılarkən 8,9 kilometrlik avtomobil yolu da  yenidən qurulmuşdur. Yol yatağı genişləndirilmiş, keyfiyyətli asfalt örtük salınmış, 85 su keçidi qoyulmuş, 1325 metrlik beton kanal çəkilmişdir. Həmçinin 700 metr kənddaxili yol yenidən qurulmuş, qum-çınqıl qatı verilmişdir.

 

Kültəpədə xidmət mərkəzi fəaliyyətə başlamışdır

 

 

 

 

 

 

 

 

 

 

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kültəpə kəndində xidmət mərkəzinin də açılışını etmişdir.

Mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları, dərzi və  iki anbar vardır. Burada xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılmış, 6 sakin işlə təmin olunmuşdur. Mağazada, əsasən, yerli məhsullar satışa çıxarılır. Xüsusilə də kənddəki ailə təsərrüfatlarında istehsal olunan məhsullara üstünlük verilir.

Mərkəzlə tanışlıqdan sonra sakinlərlə görüş olmuşdur.

Ali Məclisin Sədri Kültəpənin abadlaşan kəndlər sırasına qoşulduğunu bildirmiş, bu münasibətlə sakinləri təbrik edərək demişdir: Muxtar respublikanın kənd, qəsəbə və rayon mərkəzlərinin 90 faizə yaxını yenidən qurulub, abadlaşdırılıb. Kültəpə kəndi də müasir yaşayış məntəqəsinə çevrilmişdir. Kənddə yaradılan şərait, tikilən sosial obyektlər sakinlərə rahatlıq gətirəcəkdir. Tikmək, qurmaq işin bir tərəfidirsə, onların qorunması isə kənd sakinlərinin üzərinə düşən vəzifədir. Abadlaşan yaşayış məntəqələrində İctimai Nəzarət Şuraları yaradılmalı, həmin şuranın üzvləri inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə və sahə müvəkkili ilə birlikdə kəndin təmizliyinin, abadlığının, yaşıllıqlarının qorunmasını və artırılmasını diqqətdə saxlamalıdırlar.

Ali Məclisin Sədri demişdir: Kültəpə kəndinin məhsuldar torpaqları var. Bir neçə il bundan əvvəl kəndin su problemi də həll olunub. Bu gün kənddə yeni sosial obyektlərlə yanaşı, həm də müasir rabitə sistemi istifadəyə verilir. Artıq Kültəpə müasir Azərbaycan kəndidir. Ona görə də sakinlər yaradılan şəraitdən səmərəli istifadə etməli, torpaqları əkməli, bol məhsul istehsal etməli, təsərrüfatları genişləndirməli, yaşıllıqlar artırılmalıdır. Kültəpə kəndi muxtar respublikamızın, ölkə­mizin ərzaq təhlükəsizliyinin və inkişafının təmin olunmasında yaxından iştirak etməlidir.

Kənd ağsaqqalı, “Şöhrət” ordenli Həsən Həsənov çıxış edərək demişdir: Kültəpə kəndinin inkişafı daim diqqətdə saxlanılıb. İki il bundan əvvəl kəndə yeni su kanalının çəkilməsi torpaqların su təminatını xeyli yaxşılaşdırıb. İndi həmin sahələrdə dənli bitkilərlə yanaşı, bostan və digər kənd təsərrüfatı məhsulları da yetişdirilir. Bu gün isə Kültəpə kəndi qəsəbə simasındadır. Kənd yolları asfaltlanmış, məktəb, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası tikilmiş, rabitə və elektrik xətləri yenilənmişdir. Bütün bunlar insanların rahat və təhlükəsiz yaşayışına xidmət edir. Həsən Həsənov yaradılan şəraitə görə sakinlər adından minnətdarlıq etmişdir.

* * *

Kənddə yeni sosial obyektlər tikilərkən bir sıra abadlıq işləri də görülmüşdür. 803 metr yeni fiber-optik və 1200 metr yeraltı rabitə xətti çəkilmiş, 3 transformator yarımstansiyası yenidən qurulmuşdur. Bundan başqa, 10 kilovoltluq elektrik xətləri yenilənmiş, 7600 metr qaz xəttinin yeri dəyişdirilmiş, artezian quyusu qazılmışdır.

 

 

 

 Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti