Şəhərtipli müasir Badamlı qəsəbəsi

Badamlı qəsəbəsində avtomobil yolu və xidmət mərkəzi istifadəyə verilmişdir

Ulu öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsi olan müasir Badamlı qəsəbəsində şəhər infrastrukturu yaradılmışdır. Aparılan quruculuq işləri qəsəbəni yeni inkişaf mərhələsinə çıxarmışdır. Qəsəbədə yerləşən yaşayış binalarının və avtomobil yolunun yenidən qurulması, xidmət mərkəzinin və zavodun inşası yeni iş yerlərinin açılmasına, sakinlərin məşğulluğunun və rahat yaşayışının təminatına hesablanmışdır.

Sentyabrın 11-də Şahbuz rayonunun ­Badamlı qəsəbəsində avtomobil yolu və xidmət mərkəzi istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, avtomobil yolunda və xidmət mərkəzində ­yaradılan şəraitlə tanış olmuşdur.

Məlumat verilmişdir ki, əsaslı şəkildə yenidən qurulan 5,3 kilometrlik Badamlı qəsəbə avtomobil yoluna yeni asfalt örtük salınmış, yolun kənarlarında 3090 metr məsafədə beton su kanalı çəkilmişdir. Yol boyunca 53 su keçidi tikilmiş, 2 körpü əsaslı təmir olunmuşdur. Yolun tikintisi zamanı çay yatağında sahilbərkitmə işləri aparılmış, 2400 metrlik qəsəbədaxili yollara isə qum-çınqıl qatı verilmişdir.

Xidmət mərkəzi ilə tanışlıq zamanı bildirilmişdir ki, mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və ­təsərrüfat malları mağazaları, eləcə də çörək sexi yerləşir. Ərzaq mağazasında ailə təsərrüfatlarında istehsal olunan məhsulların, təsərrüfat malları mağazasında isə ailə təsərrüfatları üçün müxtəlif taraların satışı həyata keçirilir.

Çörək sexi istehsal sahəsi, mətbəx, anbar və texniki otaqlardan ibarətdir. Sahibkar Rövşən Abbasov çörək sexinin fəaliyyəti üçün yaradılan şəraitə görə minnətdarlıq ­etmişdir.

Xidmət mərkəzində 10 nəfər işlə təmin olunmuş, həyətdə abadlıq işləri aparılmışdır.

Ali Məclisin Sədri xidmət mərkəzində əhalinin tələbatına uyğun məhsulların satışına üstünlük verilməsi barədə tapşırıqlar vermişdir.

Sonra qəsəbə sakinləri ilə görüş olmuşdur.

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov çıxış edərək demişdir ki, muxtar respublikada geniş quruculuq işləri aparılır. Bu tədbirlərin tərkib hissəsi olaraq 2017-ci ildən Şahbuz rayonunun Badamlı qəsəbəsində də kompleks quruculuq işlərinə başlanılmışdır. Qəsəbə avtomobil yolu yenidən qurulmuş, xidmət mərkəzi ­tikilmiş, yaşayış binaları təmir olunmuşdur. Tikinti işlərinin aparılması üçün hərtərəfli şərait yaradılmış, keyfiyyətə diqqət artırılmış, inşaatçılar qayğı ilə əhatə olunmuşlar. Hicran Rüstəmov göstərilən diqqətə görə inşaatçılar adından minnətdarlıq etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Badamlı qəsəbəsində görülən işlər münasibətilə sakinləri təbrik etmiş, əməyi olanlara təşəkkürünü  bildirərək demişdir: Bu gün ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, kəndlərimiz, qəsəbələrimiz, rayonlarımız, şəhərlərimiz abadlaşır, əhalinin rahat yaşayışı təmin edilir. Şahbuz rayonunun Badamlı qəsəbəsi də abadlaşan yaşayış məntəqələrindəndir. Dövlət qayğısı nəticəsində ötən dövrdə qəsəbədə kompleks quruculuq işləri görülmüşdür. Məktəb və qəsəbə mərkəzi tikilmiş, mənzillər dayanıqlı təbii qaz, elektrik enerjisi və rabitə xidməti ilə təmin olunmuşdur. Bu gün isə qəsəbə yolu və xidmət mərkəzi istifadəyə verilir.

Ali Məclisin Sədri demişdir: Ötən əsrin 90-cı illərinin ağır dövrü Badamlı qəsəbəsində də insanların rahatlığının pozulmasına səbəb olmuş, çətinliklər yaranmışdır. Məlum olduğu kimi, bu qəsəbə təbii sərvətimiz olan Badamlı suyuna görə tanınıb. 1945-ci ildən sonra Badamlı suyu istehsal olunmağa başlanıb. Keçmiş Sovetlər Birliyinin bütün respublikalarına Badamlı suyu  göndərilmiş, bu su həm Badamlı qəsəbəsini və Şahbuz rayonunu, həm də Naxçıvan Muxtar Respublikasını və Azərbaycanı tanıtmışdır. Lakin ötən əsrin 90-cı illərindəki ağır günlər zavodun da fəaliyyətinin pozulmasına səbəb olmuşdu. Ötən dövrdə dövlətimizin qayğısı nəticəsində qəsəbənin inkişafı təmin edilmiş, Badamlı suyunun əvvəlki şöhrəti özünə qaytarılmışdır. Vaxtilə yalnız keçmiş Sovetlər Birliyində tanınan bu su hazırda dünyanın müxtəlif ölkələrinə də ixrac olunur. Qəsəbədə kompleks quruculuq işlərinin görülməsi və Badamlı suyunun istehsalı üçün müasir zavodun inşa olunması sakinlərin rahat yaşayışına xidmət edir. Eyni zamanda həyata keçirilən bu tədbirlər qəsəbədə məskunlaşmanı daha da artıracaqdır. Ona görə də ­sakinlər tikilənləri, qurulanları qoruyub saxlamalı, onlardan düzgün istifadə edərək ­gələcək nəsillərə çatdırmalı, yaşıllıqlar artırılmalıdır.

Ali Məclisin Sədri qəsəbə sakinlərini bir daha təbrik etmiş, onlara rahat həyat arzulamışdır.

Sakin İxtiyar Quliyev demişdir: “Bu gün Naxçıvan Muxtar Respublikasının ən ucqar kəndindən tutmuş şəhərlərinə qədər bütün yaşayış məntəqələri abadlaşdırılır, müasir sosial obyektlər tikilir, yollar çəkilir. Naxçıvana gələn qonaqlar buradan ən xoş təəssüratlarla ayrılırlar. Aparılan quruculuq işləri insanların rahat yaşayışı ilə yanaşı, həm də turizmin inkişafına öz müsbət təsirini göstərir. Şahbuz rayonunun da hər bir kəndində, eləcə də Badamlı qəsəbəsində geniş abadlıq işləri aparılıb. Qəsəbədəki 6 çoxmənzilli yaşayış binası əsaslı təmir olunmuş, qəsəbə mərkəzi, məktəb binası və xidmət mərkəzi tikilmiş, yollarımız yenidən qurulmuşdur. Badamlı zavodunun tikintisi isə yeni iş yerlərinin açılması, onlarla ailənin güzəranının yaxşılaşması deməkdir. 2019-cu il muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunmuşdur. Bundan ruhlanan qəsəbə sakinləri yeni təsərrüfatlar yaradıblar. Görülən bu işlərin hamısı ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin bəhrəsidir. Yaşasın ulu öndər Heydər Əliyevin siyasi xətti! Yaşasın müstəqil Azərbaycan! Yaşasın doğma Naxçıvan! Yaşasın Heydər Əliyev siyasi xəttinin ­davamçıları!”

İxtiyar Quliyev yaradılan şəraitə görə qəsəbə sakinləri və rayon ictimaiyyəti adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.

*   *   *

Quruculuq işləri aparılarkən Badamlı qəsəbəsindəki 48 mənzilli 6 yaşayış binası da yenidən qurulmuş, dam örtükləri dəyişdirilmiş, elektrik və su sistemi yenilənmiş, fasadları təmir olunmuşdur. Binaların həyətlərində də abadlıq işləri aparılmış, asfalt verilmiş, yaşıllıq sahələri salınmışdır.

Badamlı mineral suyu müasir zavod kompleksində

istehsal olunacaqdır

Sentyabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Badamlı” Mineral Sular Zavodunun inşası ilə maraqlanmışdır.

Bildirilmişdir ki, zavodda və ikimərtəbəli inzibati binada əsas tikinti işləri başa çatdırılıb. Zavodun ərazisinə asfalt örtük salınmış, Badamlı suyunun mənbəyi yenidən qurulmuşdur. Su özaxını ilə zavoda veriləcəkdir. Xammal anbarı, istehsal və hazır məhsul sahələrindən ibarət olacaq zavodda Fransanın “SİDEL” şirkətinin istehsalı olan ən müasir avadanlıqlar quraşdırılır. 3 istehsal xətti olacaq zavodda qazlı və qazsız olmaqla müxtəlifölçülü qablaşdırmada 15 növdə Badamlı suyu istehsal ediləcəkdir. İstehsal prosesi tam avtomatlaşdırılacaq, məhsulların keyfiyyəti nəzarətdə saxlanılacaqdır. İstifadəyə verildikdən sonra zavodda 200-ə yaxın iş yeri açılacaqdır.

Ali Məclisin Sədri zavodda işlərin ilin sonuna qədər başa çatdırılması, ərazinin abadlaşdırılması və yaşıllıqların salınması barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti